Məmməd DƏMİRÇOĞLU-70
Sən
başda olmaqla 70-inin başında fır-fır fırranmalıydıq indi hamımız, a Məmməd. Tədbirlər
silsiləsinin də müəllifi özün olmalıydın. Çeşidbəçeşid kitadların bəzək-düzəyini
də özün düzüb-qoşmalıydın. Yığnaqların da çevrəsini, coğrafiyasını – bir yanı,
İncə-Gəncə, bir yanı Bakı - özün müəyyənləşdirməliydin.
Axırı da Novxanıdakı bağında "çənə”
kababınnan, bağın ayağında basırdığın balonun üzərə çıxmasınnan tamamlanacaqdı.
Mənim 67-im sənin 70-inin gözünə qatılacaqdı iyulun dördündə. Bütün "iyulist”ləri-
Nəsir müəllimi, Rüstəm Kamalı, Nəvaini, Ramizi... özün yığacaqdın bir araya, a
Məmməd.
O
qədər mənasızlıqlara urcah olduq ki. Hərdən işıq gələn tərəfə gedib sevinmək də
düşdü qismətimizə səndən sonra. Bircə axırı xeyirə calansın. Akifə de ki,
Şuşaya gedə biləcəyik. Şuşanın sağ əli Qılınckəndinin başına.
Off,
a Məmməd. Sənin harana yaraşırdı ölüm? Kimin ağlına gələrdi? İçin də, çölün də
qar-qar qaynamırdımı həyat eşqi ilə bizim əlimizi üzümüzdə qoyduğun gündən bircə
qırıq əvvəl?
Heç
bilirsən dünya sənsiz nə qədər darıxdırıcıdı? Bəlkə bilirsən, bəlkə də bilmirsən.
Biz hardan bilək ki, oralarda nə var-nə yox. Orda birlik varmı? Necədi? Ordan
bizə baxırsınızmı? Baxdıqca yazığınız gəlirmi?
Son
vaxtlar yaman hallandırırlar ki, çox yaşamaq çox zulum çəkməkdi, Allahın adama
verdiyi cəzadı. Ağıl kəsən işdi. Ancaq, a Məmməd, qardaş canı, könüllü ölmək də
heç ağıl kəsən söhbət döy. Akif demişkən: "Bu arvad-uşaq olmasa...”. Bu tale
möhləti bəlkə də sizdən sonra nəsə eləmək missiyasıdı? Onu da qoysalar. İllər
bir-birindən burulğannı gəlir, a Məmməd. İndi çağalardan tutmuş ahıllara qədər hamının qorxa-qorxa
dediyi pandemiya, karona kimi əcaib-qəraib sözlər, covid pasportu adlı sənəd
peyda olub. "Toy eləmə, vay eləmə, ora getmə, bura gəlmə”- kimi qadağalar
ağlınıza gələrdimi? Başımıza gəldi.
Nə
isə, a Məmməd, səni "qəbirləri qucağında olan elə” tapşırıb gələndən beş il
ötür. İndi sənin 70 yaşın var. İndi neyniyək sənsiz? Nə iş görək? Ana-ana
yanmaqmı? Yana-yana anmaqmı? Yanmaqların, anmaqların sənin əbədiyyətinə dəxli
yoxdu, a Məmməd. Sən əbədiyyətini çoxdan, lap çoxdan qazanmısan. Çəkdiyin
portretlərin, insan mənzərələrindəki şəxsiyyətlərin (guşənişin olduğun "Ədalət”
Allah şahididi) özlərinin və doğmalarının sayı sanı, irfan şeirinin
fanatlarının sayı sanı, tikib-qurduqlarınin, yapdıqlarının sayı sanı, elədiyin
yığnaqların istisini unutmayanların sayı sanı, yəni sonsuzadək varsan sən. Bizim
sənə olan sevgimizi sevənlərin şaxəli sevgisinin sayı sanı varsan ömrün bu
tayında. O tayında, Haqqın dərgahında da belədi yəqin. Yəqin ona görə ki, Allah
səni sevməsəydi bu qədər istedadı sənə verərdimi? Və qəflətən, tələm-tələsik səni
yanına, yanındakı əbədiyyətə çəkib aparardımı?
...Hər
sənə(sizə) doğma yığnaqlarda Aslanın, Ağamalının, Şöhrətin, Nazimin, Akifin,
Oktayın... sağlığını da unutmuruq. Yenə vuracağıq: badələrimizin içində bir damla
xatirə, bir damla həsrət, bir damla göz yaşı... və bir udum... Və buna da min
şükür. Yoxsa nə olacaqdı ki, a Məmməd. Məmməd İlqardan, Rüstəm Qazaxlıdan sənə
və uşaqlara salamlar var.
70-in
mübarək olsun, ORAların mübarək olsun a Məmməd.
Rəfail İncəyurd
Sənli
60-ında yazdığım bu yazını sənsiz 70-ində bir də xatırlamaq istədim.
Göy yolçusu
Əzizim,
arkadaşım Məmməd!
60-a
dildın-dilə, eldən-elə, güldən-gülə, küldən-külə, fəqət gilə-gilə gəldin. 60-ında üzünə açılan qapıya gedə-gedə, gələ-gələ, ağlaya-ağlaya, gülə-gülə gəldin. "Sabahdan axşama yol” ola-ola İncəmizdən
qopub hardasa, çox-çox uzaqlarda halə quran və bir qismi də çox-çox yaxınlarda,
könlünün guşəsində bərq vuran İşığa qənşər yol gəldin. Mübarək olsun.
Yol
gəldin kəlamını biz ha demirik "Yollardan
haqqın yolunu Sorub urfana yol gedən”ə! Nəkərayıq biz? Bu səda həmin Ulu
İşığın həndəvərində qərarlaşan mələklərin nidasıdı. Biz əlimizi gözümüzün üstə,
eşqimizi könlümüzün üstə qoyub durduğumuz yerdən uzaq başı: "yol getdin və 60
adlı dayanacaqda nəfəs dərib yol gedirsən”- deyə bilirik könül xoşluğuyla,
arkadaş.
Cismin
yer, ruhun göy yolçusu... Havaxt, harda haçalandın, arkadaş? "Bir yolçuyam yolların qəza-qədərində mən”i
dərk edəndənmi? Bəlkə, yaranmadan qoşalaşdı bu yollar? Bəlkə, varlığından öncə
mövcud olan ortaq başlanğıcdan yoğruldu bu yollar? Bəlkə də, özünüdərkdən
açıldı Ulu İşığa can atan ruhun yolu? Heç fərq etməz. Istər qayğı dolu fəna
yolu, istərsə eşq yüklü işıq yolu- biri o birinin nişanəsidi. Di gəl ki, ölüm
deyilən fiziki sonluqda sonu çatan yer ömrü ömürdən sonrakı ömrün başlanğıcı
olan göy ömrünün məhvinə yol açar,
sayı-hesabı bilinməyən şeytanları qara bulud kimi araya salar, göy yolçusunu
Ulu İşıqdan perik salar. Bax, bu səbəbdən hər yetən göy yolçusu ola bilmir,
arkadaş. Of, bu yerin amansız qayğıları... Bir tərəfdən də baxır içindən
keçdiyin zamana, cəmiyyətə... Bir də Adəm
övladının qaçılmaz "Yuvamda ac
balalalrım, Gecə-gündüz dən gəzirəm”- borcu.
Şükürlər
olsun ki, sən dözdün, a Məmməd. "Üzü yerə
göyərdim, üzü göyə qocaldım”- desən də, yerdəki ömrünü elə qura bildin ki,
göyü qoruya bildin. Çox şükür, a Məmməd. Yerin şeytanına üz verib göyün mələyini
küsdürmədin. Qırılmadı göy yolun, qırılmadı, arkadaş.
Yeniyetməliyində
özünü tanıdın. Könlündəki işıq selinin içindən keçən sözlərin kağıza qondu. Fəqət
o dönəmdə yer üzünün – gəncliyin, arzuların, gücün, gümanın şeirini, körpə təfəkkürün
şeirini yazdın. ...Yeniyetməliyində özünü tanıdın. Və ayaqların fəna torpağında
büdrəyə-büdrəyə, gözlərin göy işığında böyüyə-böyüyə, gizlin-gizlin,
oğrun-oğrun tanıdığın MƏN-i şeirə ismarladın.
Intəhası,
içindəki işıq selinə bələnən abırın onlara sandıq taleyi bəxş elədi. Amma
haqqın həbsi əbədi olmur, arkadaş. Sənin gənclik yazılarına hopmuş işıq öləzimədi, üzərə çıxanda bir daha parladı, bərq
vurdu və nə yaxşı ki, bu işığı ilkin görənlərdən biri də mən oldum. Sən hələ
altmışıncı illərdən aləmi tanıya və ifadə eləyə bilirdin, sözlə mənzərə çəkirdin: "Söyüdlər
saç atar, çinarlar budaq, Ağacda oxuyan quşdu, ya yarpaq?..”, "Ruhumda gizlicə üşütmə yatır, Gözümdə qalıbdır üfüqün qanı...”
Səni
Allahdan və özündən sonra olsun ki, ən yaxşı tanıyan da elə mənəm. Yəqin
razılaşarsan: Məmməd Dəmirçoğlu həqiqətinin qırxıncı sirli otağının divarlarına
yazılı-yazısız məndən yaxşı bələd olan varmı ki, arkadaş? Yəni, özün dəvət
etdin məni könlün evinə. Yer yoluyla göy yolunun ayırdığı özəl dünyanın
hüdudlarına harayladın bir axşam.
Nə
yaxşı ki, şeirin burulğanı yazmağa başladığın erkən gənclik illərindən səni
tez-tələsik alıb aparmadı. Nə yaxşı ki, canında olan qabiliyyət, hökmlər
sarvanı olan və istedad deyilən tanrı payı hara getdinsə, hansı işin qulpundan
yapışdınsa səni yarıtdı. Rəssam da oldun, tərtibatçı da. Dizayner də oldun,
heykəl yapanlara yardımçı da. Hə yaxşı ki, belə oldu. Belə olmasaydı, ilk mübarək
şeirlərini yazan vaxtdan birmənalı, birtərəfli olaraq müqəddəs şairlik xəstəliyinə
mübtəla olar, indiki durumundan, indiki imkanlarından məhrum olardın, arkadaş!
Zamanı bilmədən, ətrafı çözmədən keçinmək çətin məsələdir axı. İmkan və nüfuz
sahibi olmayanı, sayılmayanı saymırlar vallah. Ümumiyyətlə, indi şeiri əvvəlki
eşqlə, əvvəlki həvəslə oxumurlar. Elektron ünvanlarda eninə-uzununa
yayımlananlar da ayrı adamlardı məncə.
Yoxsa, sənin əslindən-nəcabətindən sənə miras qalmış və yaxşılar tərəfindən
qəbul olunmuş "Dəmirçoğlu kişi adamdır” hökmü təklənərdi, qəribsiyərdi vallah.
Sən yer üzünün ilhamından söz-söz, misra-misra qopub göy üzünün sirri-sübhan
pıçıltısına varanda artıq görüntüdə, gündəmdəydin. Çox şükür.
Doğrudan
da, özünü tanımağın şah yolu özünü tanıtmaqdan keçir, arkadaş. Özünü yaxşı görməkçün
özünü əhli-hallar güzgüsünə tutmalısan. Göy işığını tanıma bəndəlik döyül. Amma
Göy işığını sevən bəni-insanın səni tanıması gərəklidi. Yer üzünün halal
alqışları, halal duaları Göy işığına bir az da yaxınlaşdırar adamı.
Sözə
tapınıb sözə könül verdin: şair dedilər, rəngi tanıyıb, sərgilədin: rəssam
dedilər, daşı tanıyıb tumarladın, könül verdin: heykəltaraş dedilər, səsi
tanıyıb, səsi səsə qovuşdurdun: aşıq dedilər. Bəs çox-çox uzaqlarda halə quran
işığı tanıyıb içində yuvalanan işığın nuruyla işıqlanana, işıqlandırana nə
deyirlər, a Məmməd?
Səni
tanıyanlar səni sevdilər. Çünki, öncə sən onları sevdin. İçində sevgi
olmayanları da sevdin. Dedin: binəvanın nə günahı, onu Yaradan belə yaradıb. Fəna
sonluğunda adama qalan: "Rəhmətlik yaxşı adamıydı və ya gorbagorun adamlığı
yoxuydu” qazancını kim bilmir ki? İntəhası, bilməknən olmağın arasında böyük məsafə
var, a Məmməd.
Hər
şeirini təzə-təzə, bitdə-bitdə oxumuşuq, birgə sevinib, birgə həyəcanlanmışıq.
Olub ki, bir sözün üstündə iddəşmişik də. Özümüzə sözümüzə hər şeyi demişik də,
yazmışıq da. İndi nə deyim ki? Indi şeirlərinə və şəxsiyyətinə fikir sərgiləyən
canballı söz adamlarına səndən də qabaq, səndən də çox "Allah sizi var eləsin,
sevginizə sağlıq” deyirəm. Bircə məqama baxaq. Burda dolanışığa, orda işığa gedən
yollar arasında qulluqçuluq yaşamından "qul”luq dərgahına qalxan, ya da
qalxmağa cəhd edən Allah bəndəsinin ömür koordinatları şeirlərin içindədi. Heç
özün də fərqində olmamısan. "Səhra gülləri”ndə qoşalaşan şeirin birində deyirsən
ki, "Yazdığım şeirlər qul xatasıymış,
Allah, kərəm eylə, qulların yazıq.”
Yəni
qul məqamına varan sən Dəmirçoğlu etiraf eləyirsən ki, yer üzündə camaata
qoşulub yazdığım şeirlər, hələ o zamanda içimdə dolanan haqq işığıyla var olan
qulun xatasıymış. Buna görə tanrıdan mərhəmət diləyir və dübarə dünyaya deyirsən
ki, " ...Min bir dərdi bir səbrimin
quludu...”
Yəni
ikinci adı səbr olan Allahin qulunun adı dərdiymiş. Göyün nuruna qərq olub
yerin üzündə gördüyün və görəcəyin dərd. Təkcə bu yetərli deyilmi bilsinlər ki,
hardan gəlib hara gedirsən, a Məmməd?
Sənə
aid olan əsas arzum "İnsan mənzərələri”ni tamamlamaqdı. 60-a çatdırammadın, üzü
65-ə Allah kömək olsun. Səni rənglər dünyasından ayırıb seiriyyət cənginə salan
könlün və biz dostların sənin içini oyum-oyum oyan o biri sevdanın yanında
günaha batmamışıq ki?! Bizi bu günahdan da azad elə, a Məmməd. Onsuzdan da rənglər
də sənə çox-çox uzaqlarda halə quran Ulu İşıqdan və çox-çox yaxında, könlün guşəsində
işaran nurdan gəlir.
Deyəsən
yuxarıda axtardığım sualın cavabı ağlıma gəldi: Haqqın işığına varanlara Mövlanə,
onların ətəyindən tutanlara dərviş deyirlər, sufi deyirlər, irfan deyirlər.
Əldən-ətəkdən
olma, arkadaş!
Bir
də ki, özün demiş:
Mələklər biz özümüzük,
Özümüzü tapa bilsək.
Rəfail İncəyurd