XƏBƏR LENTİ
05 Avqust 2021
04 Avqust 2021



Mahmud Qacar yazır:- Məmməd Araz şeiri köməyim oldu
Ədəbiyyat 15:29 / 18.06.2021


Kömək – şəxsi həyat təcrübəmə əsasən mənə görə ən çətin, ziddiyyətli bir məvhum. Yalnız pak ürək, təmiz vicdan süzgəcindən keçirdikdən sonra bu sözün, bu mənanın ən dəqiq cavabını tapmaq, vermək olar. Təqdim etdiyim bu qısa jurnalist qeydlərim də çoxmənalı həmin sözün qiyməti və mahiyyəti barədədir. Əlli il öncə qələmimə, fəaliyyətimə işıq tutan şeirim də həmin sözün məna axtarışının bir poetik cavabıdır məncə.

 

Öyünər tər sözlə, bu pak nəfiylə,

Yol tapmaz qəlbinə nə kin, nə hiylə;

Yalnız el-obanın məhəbbətiylə

Ömrünü günəştək yaşar jurnalist.

 

***

 

Dolaşar vətənin dolaylarını,

Özünə dost seçər dağ çaylarını;

İti qələmiylə fakt laylarını

Bir geoloq kimi "qazar” jurnalist…

 

…Atam Böyük Vətən müharibəsində hər iki ayağının pəncə hissəsini itirmişdi. Tək oğul idim. Atam ağır xəstə idi. Buna baxmayaraq Füzuli rayon HK-na hərbi xidmətdən saxlanılmaq barədə nə xahiş ərizəsi yazdım, nə də istənilən pulu (şirinlik adlandırdıqları rüşvəti) onlara verdim. Əsgər getdiyimi isə ata-anam yalnız yola düşdüyüm vaxt bildilər. Doğrudur, hərbi xidmətimin ilk günlərində həmin haqsızlığı, atamın xəstə olmasını, ali məktəbə daxil olmaq arzuma çatmadığımı düşünərək şeirlərimdə öz əksini tapan kədərli hisslər keçirsəm də, sonralar "kişilik məktəbi”ni keçərək əlaçı əsgər, kurs bitirib ehtiyata buraxılan zabit kimi Ukrayna torpağından geri dönəndə seçimimdə yanılmadığımı sübut etmişdim.

Zaman bunu sonralar da təsdiqlədi. Belə ki, ADU-da təhsil illərimdə əlaçı tələbə və fəal ictimaiyyətçi kimi təqaüd alsam da, ailə vəziyyətimizin ağırlığına görə, buna icazə verilməsə də, axşamlar işlədiyim üçün (ehtiyatda olan zabit kimi hərbi dərslərdən azad edilmişdim və soyuducu cihazlar hazırlayan zavodda və toxuculuq kombinatında axşamlar gözətçi işləmək üçün mənə silah etibar edilmişdi) auditoriyada mühazirə zamanı yuxulu anlarımı hiss edən çox hörmətli rəhmətlik professorumuz Xəlil Əlimirzəyevin yumorlu gur, lakin mülayim səsi qulaqlarıma həkk olub:

- Qızlar, gülüşməyin. Bəs tez-tez universitet qəzetində odlu sevgi şeirləriylə çıxış eləyəndə bilmirdiniz universitet qızları onu oğurlayacaq? Yəqin ki, oğurlayıblar – sinifqomunuz bütün gecə svidaniyada olub, buna görə bir az yuxulayır…

1976-cı ildə ali məktəbi əla qiymətlərlə bitirib rayonumuzda çıxan "Araz” qəzeti redaksiyasına təyinqat almışdım. Köməyin ilk növbədə böyüuk xeyirxahlıq, mənəvi dayaq olduğu qədər də yeni böyük məsuliyyət olduğunu həmin günlərdə duydum. Universiteti bitirərkən jurnalistika fakültəsinin məşhur dekanı, milli mətbuatımızın o vaxtlar canlı klassiki rəhmətlik pr. Şirməmməd Hüseynov və milli mətbuatımızın inkişafında, yeni jurnalist nəslinin yetişdirilməsində xüsusi xidmətləri olan müəllimlərimizdən biri, sevimli qrup rəhbərimiz rəhmətlik pr. Nəriman Zeynalov o zamankı rayon rəhbərliyinə zəng edərək təhsildəki uğurlarımı bildirmiş, mənə qayğı ilə yanaşılmasını xahiş etmişdilər… Bu etimadı doğrultmaq üçün gəncliyimə xas coşğun bir həvəslə sevib seçdiyim jurnalist peşəsində axtarışlar aparmağa, yeni söz deməyə, həyatda və sənətdə öz yerimi tapmağa, düzgün karyera qurmağa tələsirdim.

…Bir axşam "Bakı-Horadiz-Noraşen” sərnişin qatarı ilə rayonumuza qayıdırdım. Qatarda xəbər tutdum ki, fəaliyyətimi qiymətləndirərək rayon rəhbərliyi tərəfindən mənə vəd edilən o qədər də arzusunda olmadığım bir vəzifəyə şəxsi partiya uçot vərəqəmdə "…xaraktercə çox mülayim” olduğum üçün necə deyərlər güclü arxası olan başqa birisini təyin ediblər. Bu vəziyyət bir neçə dəfəydi ki, təkrar olunurdu. (Doğrudur, sonralar "vicdanlarının səsini eşidərək” 1-ci katibin şəxsi zəmanəti ilə RPK-ya təlimatçı vəzifəsinə təyin etsələr də, artıq gec idi – o zamankı quruluşa, partiyaya olan o məhəbbət, o inam daha qəlbimi tərk etmişdi.)

O gecə çox sarsılmışdım. Qatarda daxilən qatardan bərk silkələnə-silkələnə qayıdırdım rayona. Ömrümün həmin təlatümlü anında əvəzolunmaz sevimli şairimiz Məmməd Arazın yeni oxuduğum, hafizəmə həkk olunan dövrün bir çox ifrat eybəcərliklərinə qarşı həssas şair ürəyində güclü nifrət partlayışının əks-sədası olan məşhur "Haqqın yoxdur, haqqın var” unikal şeiri keçirdiyim acı hisslərimi ifadə etmək üçün köməyimə çataraq bir gün sonra – 12 dekabr 1984-cü il tarixdə "Araz” qəzetində dərc edilən aşağıdakı şeirimin yaranmasına səbəb oldu.

Eşitdiyimə görə, Məmməd Araz poeziya ümmanından güc alan ağrı və etiraz dolu bu lirik, könül pıçıltım öz ünvanını doğru taparaq işlə təmin olunmağımda xüsusi təsir göstərmişdi. Qəzet, kitab variantından sonra şeirə bəzi əlavələr edilmişdir.

 

Qazancın bu oldu ki…

 

Qazancın bu oldu ki,

Mülayim oldu adın…

Məmməd Araz

 

Şair,

dərdin yalan tanış gəldi.

Hər bir sözün dərmanımdır,

Gərəyimdir – danış gəlsin!..

"Nə yaxşı ki, məndən ötdü

Sənə dəydi” – deyənlərdir,

Ömrü boyu

      haram tikə yeyənlərdir;

iştəhası

itiləşən, eyiyənlərdir

Sənə mülayim deyənlər.

Günbəgün çoxalan bu azlar –

"Bu kəndirsiz kəndirbazlar”

      hədlərini çox aşırlar,

Köməkləşib yaxşıları

təkləməyə çalışırlar.

…Kim bilir hansı şərəfsiz,

Kim bilir hansı fərsizdir…

Təkcə onu bilirəm ki,

Belələri

      təlatümlü ürəyindən

               xəbərsizdir…

Belələri

adı mülayim olanın

Ruhundakı şaxtalardan,

      sazaxlardan xəbərsizdir;

Qəlbindəki

bizə bizdən yaxın olan

"uzaxlardan” xəbərsizdir…

Tarix boyu

Bütün mərdlər, məsləklilər

Tez inanan, kövrək olub –

Nə vaxtdan buna şəkk olub?!.

Sən dünyaya gəlmisən

      Zamanın hər ağrısın

      Qəlbində daşımağa.

Hamıdan çox haqqın var,

      Haqqın var Məmməd Araz,

      Haqqın var yaşamağa!

 

***

 

"Haqq sözün işığında

ərşə bülənd olandan”,

Ürəyinlə, ruhunla

      Sən Cavidlə, Cavadla,

      Müşfiqlə qoşa oldun –

Azərbaycan şeirinin

      Səməndər quşu oldun.

İdrak ümmanlarında

      Su yarmağı bacardın;

Titrək karandaşınla

      "Xətai qılıncını

Suvarmağı” bacardın.

Qələminlə səslədin

      namərdliyin, pisliyin

Kökünü qaşımağa.

Zaman da sübut etdi –

      "Haqqın var Məmməd Araz,

Haqqın var yaşamağa!”

 

***

 

Alovlu şeirlərin

      "atalıydı min ildi”.

Sən dindin - "Nəsiminin

inadı da dirildi…”

Belə Arazlaşmanı

      hardan tapım mən indi?

Vətənin: "Oğlum!” – dedi

Köç etdin, mamır oldun

      daşa, qayaya, dağa –

Məzarda rahat uyu,

Yerin cənnət a şair –

      Haqqın var Məmməd Araz,

      Haqqın var yaşamağa!

 

…Qürurumuz yenidən özümüzə qayıdan Böyük Zəfər günündə ürəyimdə sonsuz bir istək də baş qaldırmışdı. Qüdrətli poeziyasındakı şimşək güclü ədəbi çağırışlarının, yanğılı hayqırtılarının necə eşidildiyini, "Qoca vulkanın necə püskürdüyünü”, Vətənimizin bugünkü ərazi bütövlüyünü, 44 gündə əldə etdiyimiz möhtəşəm tarixi qələbəmizi kaş görəydi. Kaş bu böyük qələbə sevincini yaşayaydı Məmməd Araz!

Bakı. 08.12.2020


1556 oxunub

InvestAZ