XƏBƏR LENTİ
05 Avqust 2021
04 Avqust 2021



60 yaşın işığında Dostuma ürək sözlərim
MƏDƏNİYYƏT 22:12 / 11.06.2021

Adətən insan daha çox doğulduğu yerə, yəni torpağa, məkana bənzəyir - deyirlər. Bu mənada artıq 20 ilə yaxındır ki, tanıdığım, özünə və ailəsinə yaxından bələd olduğum, müəyyən zaman kəsiyində eyni sahədə çalışdığım və bu gün də həmin o münasibətləri ən yüksək səviyyədə qarşılıqlı olub qoruyub saxladığım Ramizlə mən bir-birimizə bağlayan ən çox torpağımıza, dövlətimizə, prezidentimizə olan sevgidir. Yəni müxtəlif bölgələrdən, Laçında, mən Füzulidə doğulsam da, həyat elə gətirdi ki, yollarımız kəsişdi. Və bu kəsişən yolları gözdən keçirəndə məlum oldu ki, Ramiz də mənim kimi əmək fəaliyyətini kənddə başlayıb. Sonra o da Sovet dönəminin Komsomol təşkilatında şöbə müdirliyindən birinci katibliyinə qədər yol gəlib. Sonra digər dövlət qulluqları və nəhayət, Laçın Rayon İcra Hakimiyyəti başçısı...

 Bunu ona görə qısa və konkret vurğulayıram ki, məhz mənim də komsomoldakı həyatım sonra ölkə səviyyəsində çalışmalarım və nəhayət Füzuli rayonuna 17 il rəhbərlik etməyim bizi Ramizlə bir məxrəcə gətirdi. Rayonlarımız işğal altında olduğundan biz həm xidməti vəzifəmizə, həm də dövlət qaçqınkomuna və digər əlaqədar qurumlarla əlaqələrimizdə demək olar ki, mahiyyət və mövzuca eyni suallarla müraciət edirdik. Birgə keçirilən tədbirlər, toplantılar, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində məskunlaşan laçınlı soydaşlarımızla bağlı məsələlər də əlaqələrimizin möhkəmlənməsinə, qarşılıqlı hörmət və diqqətinə artmasına gətirib çıxarırdı. Beləcə, mən Horadizdə, Ramiz Cəbrayılov isə laçınlıların qış yatağı olan Ağcabədinin taxta körpü ərazisində məskunlaşmışdıq. Hər gün olmasam da, vaxtaşırı telefon əlaqələrimiz, görüşlərimiz zamanı bir-birimizi dərindən tanımağa başladıq. Necə deyərlər, xasiyyətimiz tutdu, ünsiyyətimiz alındı. Bir də gördük ki, artıq dostlaşmışıq, ailəsini  də tanıyırıq, övladlarını da. Bax, bu münasibət təkcə bizim fərd olaraq bağlılığımız deyildi. Bu, həm də gördüyümüz mahiyyətcə eyni işin icrasında bizim bir-birimizə dəstək, kömək olmağımızın ifadəsi idi. Hətta, bəzən elə məqamlar olurdu ki, Ramizlə görüşüb məsələni həll edib problemi ortadan qaldırmaq üçün aradakı böyük məsafələri qət etməkdən usanmırdıq, yorulmurduq. Çünki biz dövlətimizin, prezidentimizin çiynimizə qoyduğu vəzifənin mahiyyətini gözəl anlayırdıq.

İllər öz sözünü deyir, zaman öz axarı ilə gedir. Bunu ona görə deyirəm ki, mən təqaüdə çıxıb istefaya gedəndən sonra da bir müddət Laçın rayonuna rəhbərlik etdim. Onda da məni unutmadı, əlaqələrimiz kəsilmədi. Bu gün də o kənd təsərrüfatı nazirliyində çalışsa da, istirahət günlərində necə deyərlər, vaxt imkan verəndə yenə zəngləşirik, hal-əhval tuturuq, görüşüb söhbətləşirik. Bütün bu incəliklər də ondan qaynaqlanır ki, biz kəsdiyimiz çörəyə, verdiyimiz salama sadə dildə desək, kişi kimi yanaşırıq. Onun mahiyyəti dərk edərək ucuzlaşmasına imkan vermirik. Bunun da ən başlıca səbəbi mənim üçün Ramizin Laçına bənzəməsi, doğulduğu yerin həm ovqatını, həm məğrurluğunu, təbiiliyini, bir az da çılğınlığını özündə cəmləyə bilməsidir. Necə deyərlər, o bölgəni dizi bərk, sözübütöv və həm də istəyindən geri çəkilməyən oğrullarından biridir.

Bu gün 60 yaşını qeyd edən Ramiz Cəbrayılov gözəl ailə başçısıdır. Zəhmətdən, ona tapşırılan işdən qorxmayan, çəkinməyən və onu ləyaqətlə yerinə yetirən bir insandır. Belə demək mümkünsə, Ramiz dostları üçün, laçınlılar üçün, lazım gələndə sərt üzünü də göstərməyə bacarır, lazım gələndə xoş sözünü də söyləyir, münasibət bildirməyi də. Bütün bunlar da ona doğulduğu ocaqdan, gendən gəlir. Düşünürəm ki, 60 yaşa qədər özünün kimliyini hər kəsə sübut etmiş Ramiz dostum bundan sonrakı ömründə də olduğu kimi qalmaqla yanaşı, müdrikliyini də qoruyub saxlayacaq, artıracaqdır. Çünki məni Füzuli gözlədiyi kimi, onu da Laçın gözləyir. Laçında isə hələ görüləsi o qədər işlər var ki...

Əzizim Ramiz! Sənə bundan sonra da öz ürəyincə olan həyat, can sağlığı və övlad xoşbəxtliyi arzu edirəm. İnanıram ki, biz səninlə Laçında hələ çox görüşlərimiz olacaq, bir-birindən maraqlı söhbətlər edib xatirələr çözəcəyik. 60 yaşın mübarək!

 


3064 oxunub

InvestAZ