XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



“Müğənninin ifasını bəyənməsəm sözlərimi oxumağa icazə vermərəm”- MÜSAHİBƏ
MÜSAHİBƏ 09:54 / 26.05.2021

Həmsöhbətimiz bir sıra mahnı mətnlərinin müəllifi, gənc şair Cavidandır.

 

Sənət - ruhun meyvəsidir

 

-Niyə məhz Cavidan?

-Özümü dərk etdiyim andan bu günə qədər məni bir sual düşündürüb: "görəsən niyə dünyada hər şeyin bir sonu var? Niyə çiçəklər solur, niyə kəpənəklər və göyərçinlər ölür, niyə ulduzlar sönür... Və nəhayət niyə insan ölür?Hər şey, hər şey bir gün bitir. Baqi olan nədir? Ruh! Sənət - ruhun meyvəsidir. Cavidan isminin anlamı - əbədi, sonsuz deməkdir. Odur ki, bu ad mənim deyil, sənətimin adıdır.

- Məşhur müğənnilər sözlərinə mahnılar bəstələyib.

-Sözlərimə xeyli sayda mahnılar bəstələnib. Mahnılarım dəfələrlə "V&V Company" tərəfindən "İlin mahnısı" mükafatına layiq görülüb. Sözlərimə İsa Məlikov, Elvin Musayev, Vüsalə İlyasova, Zamiq Qasımov, Rəşad Bağırov, Timur Orun, Arzu Mahmudova, İmruzə Hüseynova və s. bəstəkarlar mahnılar bəstələyib. Mahnılarım Nuri Sərinləndirici, Sevda və Elmira Ələkbərzadələr, Nazpəri Dostəliyeva, Rəşidə Behbudova, Zamiq Hüseynov, Rəqsanə, Xuraman Şuşalı, Nura Suri, Ruhəngiz Allahverdiyeva, Niyam Salami, Xatun, Xatirə İslam, Təranə Mahmudiva, İlahamə Qasımova, Vüqar Muradov və s. müğənnilər tərəfindən ifa edilib.

-Kimin ifasını daha çox bəyənmisiniz?

-Mənim mahnılarımın hamısı mənim övladım kimidir. Övlad arasında fərq qoymaq olarmı? Hamısı mənə əzizdir, doğmadır. Amma Nurinin ifa etdiyi "Birtanəm" və "Eşq dəlisi" mahnılarını özüm də dəfələrlə dinləmişəm və xoşum gəlib. Qeyd edim ki, adı çəkilən mahnılarımı "Camal" imzası ilə yazmışam. Zati-möhtərəm dədəmin (yəni babamın) ismidir. Qoy, ruhuna məndən bir ərmağan olsun.

-İstedadlı şairlərlə məşhur müğənnilərin bir araya gəlməsi, ortaq iş görməsi bir qədər çətin məsələdir. Siz necə belə "ortaqlıq" yarada bilmisiniz?

-Mən olduqca kaprizli insanam, bunu mənlə işləyən bütün bəstəkarlar bilir. Əgər müğənninin ifasını bəyənməsəm məni öldürsələr də ona sözlərimi oxumağa icazə vermərəm. Əsla! Nə qədər pul verir versin, icazə vermərəm! Sənəti maddiyyata təslim etsən o səndən küsər, inciyər.

 

-Gələcək yaradıcılıq planların nələrdən ibarətdir?

 

-Bildiyiniz kimi, şeirlərim istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında mütəmadi dərc olunur. 10 kitabım işıq üzü görüb, mahnılarımdan ibarət "Sus və dinlə!" adlı müəllif diskim buraxılıb. Yeni mahnılar üzərində işləyirik. Möhtəşəm əsərlərlə insanları sevindirəcəyimə əminəm.

 

Yerindən duran deyir: "mən şairəm, mahnı sözü yazıram”!

 

-Son dövrlər məşhur mahnıların sözləri yadda qalmır. Sözə ehtiyac yoxdu?

-Sözə ehtiyac hər zaman var. İndi yerindən duran deyir: "mən şairəm, mahnı sözü yazıram"! Ayıbdı! Bir bəstəkar var, adını çəkməyəcəm, ona reklam olar. Arzusu ürəyində qalmış yazıq insandı! Küçədən keçənin də sözlərinə mahnı bəstələyir. Özü də "bəh-bəh"lə oxuyur. Yaxşı mahnılar sevilir də, yadda da qalır. Mənim "Sevdim" mahnım 2008-ci ildə dillər əzbəri oldu. Rəqsanə xanım oxudu. Musiqisini Rəşad Bağırov yazmışdi. İlk mahnılarımdan biri idi. "Orxan Ömər" imzası ilə yazılmışdı. "Birtanəm"in özü; Nuri oxuyub. Hamı sevir, əzbər oxuyur. Çünki mən öz işimin birincisiyəm! Bəli, bunu çəkinmədən deyirəm. Mən birinciyəm! Mahnı sözü yazarları arasında mən birinciyəm! Yetmişə yaxın mahnıya söz yazmışam, hamısı da sevilib, hitə çevrilib. ATV-də "10dan sonra" verilişində Yusifin qonağı idim, mənə dedi, "Cavidan, mən sənə heyranam, hardandı səndə bu boyda ürək, bu sözlər sənə hardan gəlir?".

-Belə bayağı sözlər onlarla işləyən şairlərin istedadsızlıq göstəricisidir, ya müğənnilərin zövqsüzlüyü?

- Əlbəttə ki, istedadsız şair+zövsüz müğənni=bərbad "mahnı".

-Elə özünüz də kitabdan, çapdan daha çox müğənni təqdimatına sanki meyllisiniz.

-Xeyr, hər birinin öz yeri var. Xoşbəxtəm ki, onu da bacarıram, bunu da. Məncə, hər şair mahnı sözü yaza bilmir və hər şeirə mahnı bəstələnmir. Şeirlərimə mahnılar yazılırsa demək bu mənim uğurumdur. İnsan var şeir oxumur, sevmir, amma mahnıya sevə-sevə qulaq asır.

-Səhv etmirəmsə Ayb-nin üzvüsünüz, prezident təqaüdü də almısınız.

-Bəli, AYB-nin üzvüyəm, Prezident təqaüdü almışam. Xoşbəxtəm! Firavan, gözəl Azərbaycanımızda yaşadığım üçün, qələm sahibi olduğum üçün xoşbəxtəm.

 

Söhbətləşdi: Emin Piri


2957 oxunub

InvestAZ