XƏBƏR LENTİ
13 May 2021
12 May 2021
11 May 2021



Aqil ABBAS: MİRCƏFƏR BAĞIROV KOLXOZ SƏDRİNİ NİYƏ GÜLLƏLƏDİ?
YAZARLAR 17:41 / 03.05.2021

Atam 8-ci sinifdə oxuyanda Böyük Vətən Müharibəsinin  ağır vaxtları imiş. Savadlı  uşaqları  mütəxəssis çatışmadığından kolxozlarda işə götürürmüşlər. Fikirləşin ki, görün  vəziyyət nə gündəymiş ki,  atam kolxozun baş hesabdarı imiş. Mənə müharibə ilə bağlı bir hadisəni  danışdı.

Hadisə qonşu  kənddə olub. Mən nə o kəndin adını yazıram, nə də  həmin  adamın  adını. Çünki onun  övladları var, nəvələri var və onların   heç bir günahı  yoxdur.

Deməli, belə. Müharibənin  şıdırığı vaxtıdı. Mircəfər Bağırov gəlir Ağcabədiyə. Yol da Ağcabədiyə həmin kənddən keçir. Təbii ki, yaxın kəndin camaatı da bunu eşidəndə (necə ki  Brejnev gələndə hamımız yığışırdıq  yolun kənarına),  yığılırlar həmin kəndə.

Mircəfər Bağırov həmin kənddən  keçəndə maşını  saxlatdırır və düşür.  Əynində də plaş varmış. Kolxozun sədri yüyürə-yüyürə Bağırova yaxınlaşır. Bu vaxt əli  plaşın sağ  cibində olan Bağırov elə cibindəncə sədrə iki güllə atır. Sədrin    meyiti  qalır ortalıqda və  çıxıb  gedir  Ağcabədiyə.  Atam bunun  canlı şahidi olub. Meyit bir gün qalır  ortalıqda, heç kim qorxusundan  meyitə  yaxın durmur.  Sonra kəndin ağsaqqalları  yığışıb gedir Ağcabədidə Bağırovun  qəbuluna ki, icazə ver  meyiti dəfn edək.  O da deyir ki, gedin  dəfn edin.

Həmin kolxoz sədrinin   dünya gözəli bir  qızı varmış. Hamı  elçi  düşərmiş. Qorxusundan  day heç kim  qızın adını  çəkmir.

Onu kəndin  qoçusu (adını  bilirəm, yazmıram) bir  sürücü də  sevirmiş.  Gedir sədrin  evinə  və deyir ki, səni  mən də   sevirəm, gəl evlənək. Və qızı götürüb  aparır. Çox xoşbəxt  ailələri  olur, bu gün də  kəndin sayılıb-seçilən  adamlarıdılar.

Mircəfər Bağırov  həmin  kolxoz sədrini  niyə güllələmişdi?

Atam deyirdi ki, obada danışırdılar həmin sədr bir əsgər anasına  girişibmiş. Ana da razı deyilmiş, o da  həmin  ailəni sıxışdırıbmış  ki, qadını  yola gətirsin. Kənd camaatı bunu Bağırova  yazır. Bağırov da yoxlatdırıb görür ki, bu həqiqətdir və Ağcabədiyə gələndə maşını  həmin kənddən  sürdürür və kolxoz sədrini  şəxsən özü  güllələyir.

Mən heç də demək  istəmirəm ki, əsgər anasına , əsgər xanımına  sataşanları güllələyək, amma onlar  elə bir  layiqli cəza almalıdır ki, bütün  millətə  göz dağı  olsun.

Lerikdə baş verən  hadisəyə görə  həbs olunan  mollaya  uzağı  10-12 il  iş verəcəklər.  Cinayət Məcəlləsinin maddələrinə görə.

Amma ayrı qanunlar da var, buna  həbsxana  qanunları deyilir. Bəzən  həbsxana qanunları bizim qəbul etdiyimiz qanunlardan  daha ədalətli olur.

Nə isə…


655 oxunub

InvestAZ