ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

MƏDƏNİYYƏT 11:01 / 22.01.2023 Baxış sayı: 2499

 

 

Yanvar ayının 21-i Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. Artıq 8-ci ildir ki, doğmaları və Zəlimxansevərlər bu günü onsuz qeyd edirlər – Fəxri Xiyabanda məzarı başında. Hər il olduğu kimi, bu il də doğmaları ilə yanaşı ölkəmizin görkəmli elm və sənət adamları, dövlət xadimləri, dostları və yaxınları, sadiq oxucuları doğum günündə bu böyük söz ustadının məzarı üstünə gül-çiçək dəstələri qoyaraq xatirəsini anıblar. Görkəmli dövlət xadimi və tarixçi alim Həsən Həsənov, Zəlimxan Yaqub ədəbi irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, pedaqoji elmlər doktoru, professor Vidadi Orucuov, istefada olan polkovnik, siyasi şərhçi Elşad Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ramiz Göyüşov və Səməndər Məmmədov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı özünəməxsus yerindən və əvəzsiz xidmətlərindən, böyük söz ustadı olmaqla yanaşı, həm də ictimai xadim kimi ölkədə böyük nüfuza malik olmasından söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. 

Xalq şairinin oğlu Bəhlul Yaqubov öz çıxışında atasının sağlığında xalqın böyük rəğbətini qazanmaqla yanaşı, dövlət tərəfindən də layiqincə qiymətləndirildiyini minnətdarlıq hissi ilə diqqətə çatdırıb, hər il olduğu kimi, bu doğum günündə də tədbirə qatılanlara ailə adından təşəkkür edib.