Zəka Vilayətoğlu - BİLİR

Ədəbiyyat 08:30 / 13.10.2025 Baxış sayı: 1524

Mənim ruh köhlənim dəlidir, dəli,

Nə qırcıl tanıyır, nə də daş bilir,

Çapır zirvələrə, gücü yetdikcə,

Zirvəni hər şeydən uca, baş bilir...

 

Dəydikcə üzünə dağların yeli,

Daranır yalmanı, daranır teli,

Eyninə də gəlmir çayların seli,

Nə asta yeriyir, nə yavaş bilir.

 

Büdrəməz ayağı çətin yollarda

Onu doğma sanır çətin yollar da,

Mətindir hər zaman mətin, yollarda,

Çətin yolları da zər-qumaş bilir!

 

Çapır, hey çapdıqca qan-tərə batır,

Yanır gözlərində od, çıtır-çıtır,

Zəka, cövhərində bir mərdlik yatır,

Mərdləri özünə dost, qardaş bilir!