Xəyalə Sevil - Üstümdə
Üstümdə
Müharibədən qalib çıxmış
Döyüşçü yorğunluğu.
İçimdə
Məzmunsuz bir boşluq.
Ağlımda
"Dəydimi bu müharibəyə?" sualı,
-Yox.
İnsanın ən təhlükəli vaxtı
Məsumiyyətini itirdiyi vaxtdı.
İndi durub düşünürəm,
Öldürməsəydim məhəbbətini
Neçə yaşı olacaqdı?
Unutmaq da öyrənilən bir şeydi-
Zaman lazımmış.
Səni niyyət tutub
Döydüyüm qapıdan
Gələn bəd xəbər
Alın yazımmış...
Darıxıram, İlahi,
Yoxluqdu, təklikdi.
Bunun adı bir gün deyil,
Bunun adı gündəlikdi.