Xəyalə Sevil  - Nə bilim, gərək qalaydın

Ədəbiyyat 11:33 / 13.10.2025 Baxış sayı: 1497

 

Nə bilim, gərək qalaydın,

Getməyə nə varıydı ki.

Nədən sıxıldın ki, belə

Eh, ürəyim darıydı ki?

 

Dedim axı bir də düşün,

Dedim axı ayaq saxla.

Gördüyümüz yuxudusa,

Bu yuxunu oyaq saxla.

 

Daha mən də çətin gəlim

Sən məndən getdiyin yerə.

O sənsiz ərköyün yerə,

Açılmayan düyün yerə.

 

Bir gün, nə vaxtsa, bəlkə də,

Qırsaq, qüruru, inadı...

Hayana yozsaq, ayrılıq,

Hayana yozsaq, vidadı!