Xəlil Rza Ulutürk : - Sağ ol, qardaşım Əşrəf
Atdılar zindana Xəlil Rzanı,
Müşfiqi yenidən güllələdilər.
Əşrəf Şəfi
Sağ ol, qardaşım Əşrəf,
Ağlatdı şerin məni.
Qansız generalların
Ağlamadım önündə.
Dolu avtomatların,
Paqonlu cəlladların ağlamadım önündə.
Ömrün qanlı-qadalı, qasırğalı günündə
Növ-növ istintaqların,
Qan içən, ət çeynəyən
Stajlı alçaqların ağlamadım önündə.
Ağlatdı şerin məni.
Dibsiz zülmətxanada görünmədi göz yaşım.
Baş daşına bənzəyən divarlar arasında
Paslı, tikan məftilli hasarlar arasında
Biləkləri bağlayan,
Ciyərləri dağlayan qübarlar arasında
Görünmədi göz yaşım,
Şerin ağlatdı məni…
Təyyarə qanadında gətirmişdi Firəngiz,
Bakından Moskvaya – «Azadlıq paytaxtına»!
Çıxardı çantasından əlləri əsə-əsə,
Oxudum birnəfəsə, yaş yandırdı gözümü,
Bütün pəhləvanlardan
Güclü sandım özümü
2000 kilometri birnəfəsə adlayan
Simurq quşudu şerin
Su istəsə göz yaşı, ət istəsə can verim
Simurq quşudu şerin
Sağ ol qardaşım Əşrəf, çıraq oldun gözümə
Hərlənən planetin gücü gəldi dizimə.
Oxudum mərd şerini,
Kirpiyimdə göz yaşı.
Göz yaşı uçdu getdi
Dibsiz qaranlıqlara.
Darmadağın eyləyən
İldırımla yanaşı!
Oxudum hər sətirini, kipriyimdə göz yaşı.
Moskva, Lefortova zindanı, 5 nisan 1990.