Xatirə Rəhimbəyli : - Gedib ki, gəlmir!!!
Hamı "Getdi!" deyib haray qoparır,
gedənlər hayana gedib ki, gəlmir?
Ya bəlkə...
Gedənin bəxti gətirib,
Tanrı imdadına yetib ki gəlmir.
Baxarsan, qismətin ötər yanından.
Qəhr olsun bu sınaq, belə imtahan!
Yəqin azca çaşıb o tale yazan –
bir az sürüşdürmə edib ki, gəlmir...
Gərək bu viranda saralıb-solam.
Yıxılıb minarəm, uçulub qalam!
Bir az ərköyünəm, bir az cığalam –
yəqin qulağına çatıb ki, gəlmir!
Həsrəti yer qoymur dində, imanda.
Eləcə qövr edir qorxusu qanda!
Çürüyür ürəyim bu daş zindanda.
Əlləri qanıma batıb ki, gəlmir.
Xatirə, bir ömür keçdi, bəkçisən,
Gözlərin cuvardı, sən çiçəkçisən!
Gəlməz,
bir ömür də qəhrini çəksən,
Gedənin gedibdi...
Gedib ki, gəlmir!!!