Tahir Rzayev, millət  vəkili : -  "Cənab İlham Əliyev həmişə bildirib və  tövsiyə edib ki, Rusiya ilə münasibətlər yaxşı olmalıdır".

SİYASƏT 10:42 / 10.10.2025 Baxış sayı: 4086

“Azərbaycan Rusiya münasibətlərində müəyyən uğursuzluqlar olmasına baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev qonşu dövlət olan Rusiya ilə münasibətlərin daim nizamlı olmasına yaxşılaşmasına səy göstərib. Çünki bizi müəyyən əlaqələr, qarşılıqlı əməkdaşlıq, dostluq hissləri, əlaqələri birləşdirir. Nəzərə alsaq ki, Rusiyada bizim milyonlarla soydaşlarımız yaşayır və onlar bu ölkənin ictimai, siyasi, iqtisadi həyatında fəal iştirak edirlər və Azərbaycanda 100 minlərlə rus əsilli vətəndaş yaşayır. Onlar Azərbaycan dövlətinin inkişafı üçün əllərindən gələni edirlər. Onda əlbəttə ki, əməkdaşlığın və münasibətlərin yaxşılaşması çox önəmlidir”.

Yenises. az   xəbər  verir  ki,   bu  məsələ  ilə  bağlı  millət  vəkili  Tahir Rzayev   mətbuatda  münasibət  bildirib.Millət  vəkili vurğulayıb  ki, müəyyən təxribatçı şəxslərin, Azərbaycanı istəməyən qüvvələrin səyi nəticəsində Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq yaranıb.

“AZAL-ın təyyarəsinin Rusiya məkanında vurulması, bizim soydaşlarımıza qarşı, orada həyata keçirilən müəyyən xoşagəlməz hallar, sözsüz ki, münasibətlərə müəyyən kölgə salıb. Ancaq cənab İlham Əliyev həmişə bildirib və  tövsiyə edib ki, Rusiya ilə münasibətlər yaxşı olmalıdır, qarşılıqlı əməkdaşlıq şəraiti yaradılmalıdır”-deyən deputat hesab edir ki, Prezident İlham Əliyevin Rusiyanın dövlət rəhbəri Vladimir Putinlə görüşməsi əlbəttə ki, önəmlidir, çünki bütün münaqişələri soyuqluğu üz-üzə oturub masa arxasında həll etmək mümkündür və hər bir problem dövlət rəhbərlərinin yüksək siyasi gedişləri, düşüncəsi əsasında öz həllini tapmalıdır.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin atdığı addımlar həmişə uğurludur və bəşəri mahiyyət daşıyır. Prezident İlham Əliyev qonşu dövlətlərlə münasibətlərdə daim bu yolu tutub. Hətta 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistanla münasibətlərdə də bu gün yenə də Azərbaycanın dövlət rəhbəri əməkdaşlığın, dostluğun, sülhün bərqərar olunmasına böyük önəm verir. Sözsüz ki, baş tutan görüş, iki ölkə liderlərinin müəyyən məsələlərə münasibətlərini ortaya qoyur, problemlərin aradan qaldırılması üçün yolların seçilməsinə və həllinə imkanlar yaradır. Bu, çox vacibdir. Çünki gərginliyi azaltmaq, münasibətləri yaxşılaşdırmaq nəinki Azərbaycan üçün, eləcə də Rusiyanın özü üçün çox önəmlidir”-deyəən deputat hesab edir ki, bu görüş həm də Cənubi Qafqazda regionda sülhün və sabitliyin inkişafına bir töhfədir.