SÖZÜN BELİNDƏN GƏLƏN ADAM  - SEYRAN SƏXAVƏT

YAZARLAR 12:15 / 09.06.2026 Baxış sayı: 506

 

Mənim bir yazıçı olaraq oxuculuq stajım yaradıcılıq stajımdan çoxdur. Nə az, nə çox, düz yetmiş dörd il. Bu illər ərzində saysız-hesabsız kitablar oxumuşam, vəcdə gəlmişəm, gülmüşəm, kədərlənmişəm, oxuduqlarımın ardını yuxularımda görmüşəm, yuxularımda da təkrar vəcdə gəlmişəm, gülmüşəm, kədərlənmişəm, oxuduğum əsərlərin müəllifləri qədər, bəzən də ondan artıq dərəcədə sarsılmışam, ona bir müəllif olaraq yazığım gələn vaxtlar olub, onun yerində olmaq istəmişəm də, istəməmişəm də bəzən günlərlə, bəzən də aylarla o əsərin təsiri altında ilan kimi qıvrılmışam, əzilmişəm, dəymişim dura-dura kalım tökülüb, nəfəsimin kor bıçaqla kəsildiyi vaxt olub, dünyanın acığı duzsuz tər kimi dabanımdan tökülüb, günəş gözümdə özü boyda soyuq kömürə çevrilib, bu çevrilişin insanlara verdiyi əzab Allahın da xoşuna gəlməyəndə yer kürəsi adlı gen bol əbədi əzəli vətəndə heç olmasa tək ayağım üstə dik dayanmaq üçün özümə yer tapa bilməyəndə, bu dolu boşluğun varlığına şübhə eləyəndə, onun içində özümə bir künc tapmalı və bu küncü itirməkdən qorxa-qorxa, üşənə-üşənə dünyanı dərsi pozan məktəbli kimi küncə qoyulan görəndə dəli olmuşam və mənə elə gələndə ki, bütün bəşəriyyət məni barmağı ilə göstərir, bu dəfə əməli başlı dəli olub düşmüşəm öz doğma küncümün ucsuz-bucaqsız çöllərinə.

İndi sizlərə müraciət edirəm.
- Hörmətli oxucular deyə yox, hörmətli qohumlar, çünki mənim ən yaxın qohumlarım oxucularımdır. Qan qohumlarım onlardan sonra gəlir, bəli…

İndi gələk mətləbə…

Hörmətli qohumlar!

Mən bu gün bu yazımda yetmiş ilə yaxın yaradıcılıq illərimdə özümün Azərbaycanın, bəlkə də dünyanın (Bunu dəqiq deyə bilmərəm, imanım Allaha əmanət) ən böyük cümləsini yazdım — yüz yetmiş beş sözdən ibarət.

Ən böyük cümləni yazmağı qarşıma məqsəd qoymamışdım, sadəcə olaraq belə alındı. Dünyanın bu ən böyük cümləsi bilirsiniz nə vaxt doğuldu?

Yəqin ki, bilmirsiniz…

Onda icazə verin deyim…

Yüz yetmiş beş sözdən ibarət olan bu ən böyük cümlənin təvəllüdü, doğum tarixi 2 may 2026-cı il saat 12-də Mərdəkan söz doğum evində…

Vüsal Cəbrayıloğlunun “Ölümün bəxş etdiyi həyat” əsərini oxuduğum gün.

Bu əsər haqqında uzun-uzadı danışmaq bu əsəri yazmamaq qədər günah olardı və Allah Vüsal Cəbrayıloğlunu bağışlamazdı. Ona görə də bu əsər haqqında yazılanı oxumaqdansa, bu əsərin özünü oxuyun, özünü…

Mən dünya ədəbiyyatına bələdəm. Onunla çox yaxınam. Mən deyərdim ki, qardaş kimiyik, aramızdan su da keçmir…

Dünya sözünün ağırlığını Atlant kimi çiynində saxlayan yazılar var.

Ad çəkmək istəmirəm, çünki onların əsl adları şərtidir. Hamısının bir adı var: Nəhənglər.

Yuxarıda deyəndə ki, dünya ədəbiyyatı ilə qardaş kimiyəm, aramızdan su da keçmir, o nəhəngləri nəzərdə tuturdum və bu nəhənglərin hər birinin böyük sözlə öz münasibətləri var. Biri digərinə bənzəməz, yüz il bənzətsək də.

O nəhənglərin hamısı böyük sözlə amansız və qəddar rəftar etməsəydilər, böyük sözlə dil tapa bilməzdilər. Çünki söz üzü yola uşaq deyil ki, nə desən, canla-başla əməl eləsin.

Qaldı Vüsal Cəbrayıloğluna…

Maşallah…

Allah saxlasın, o üzü yola olmayan böyük sözləri, Azərbaycan sözlərini Azərbaycan əsgəri kimi sıraya düzüb onlara belə əmr verir: “Haqqa bax, düzlən!”

Yorulmayasan, qardaş…

Qardaşım dedim…

Bəli…

Biz qardaşıq…

İkimiz də SÖZün belindən gəlmişik.

21-ci əsr, 2 may 2026-cı il.