SÖZÜM ERMƏNİLƏRDƏN DAHA ÇOX «ERMƏNİ» OLANLARADI: GEDİN AYRI YERDƏ HOPPANIN - Aqil ABBAS yazır

YAZARLAR, Gündəm 15:56 / 03.10.2022 Baxış sayı: 529

Məlum və məşhur video geniş əks-səda doğurub. Xüsusilə də  sosial şəbəkələrdə. Əsgərlərimizin tərəfini saxlayanlar da çoxdu, yamanlayanlar da. 

Əvvəla, müharibə görməyən, müharibəni qəzetlərdə və ya televiziyalarda izləyən döyüşdə  əsgərin  keçirdiyi hissi, düşdüyü stress vəziyyəti heç cür anlaya  bilməz. Bəlkə  erməniləri güllələyən əsgərlərin Xocalıda və ya Ağdabanda, Qaradağlıda  atasını, anasını, bacısını, qardaşını güllələyən, işgəncə verən  erməni  vəhşiliyindən, faşizmindən xəbərsizsiniz? Bəlkə o  əsgərlərdən birinin, ya bir neçəsinin  qardaşının başının erməni qibləsinə (Qarabağda belə bir ifadə var: «Başını  erməni  qibləsinə  kəsərəm»)  kəsilməyindən xəbəriniz yoxdu? Mən ana tanıyırdım, əsirlikdə olanda gözünün qabağında oğlunun başını kəsmişdilər. Ana da havalanmışdı. 

O da düzdür ki, erməni vəhşiliyini dünya görmək istəmir, amma bizim əsgərlərin  kiçik bir  səhvi dərhal dünyada əks-səda yaradır. Yəni ermənilərin  aftafa götürənləri çoxdu. Ən pisi odur ki, bizim  içimizdə də belələri var. 
Müharibə müharibədi, o heç bir qanuna tabe deyil. 

İkincisi, bu video köhnə bir  videodu. Hətta film mütəxəssislərindən soruşdum, bildirdilər ki, videonun  üzərindəki  səslər sonradan  yazılıb. 

Üçüncüsü, müharibədə  əlini qaldırıb təslim olan əsir sayılır. 10 noyabr Bəyannaməsindən sonra əsgərlərimizə atəş açan, diversiya üçün gələnlər əsgər  sayılmır, terrorçu sayılır. Dünyanın heç bir yerində  terrorçu  əsir götürülmür. Bu da dünyanın  qanunudu. 

Dördüncüsü, sənin mənim evimdə nə itin azıb ki, mən də səni mırdaxes edim? Evə quldurluğa  girənləri ev sahibi öldürürsə, bu, özünümüdafiə adlanır.  Ermənilər də bizim evlərə quldurluğa giriblər.

Beşincisi, bu video ermənilər tərəfindən çəkilmiş  təxribat da ola bilər. Ona görə də bizim əsgərlər kimi təqdim olunanların heç birinin sifəti görünmür, yalnız səsləri eşidilir. Amma o səslərin içində bir söyüş adamın canına  sarı yağ kimi yayılır, yazmıram eldən ayıbdı. 

İndi prokurorluq araşdırır. Araşdırmadan sonra hər şey məlum olacaq. 

Altıncısı, içimizdəki aftafa götürənlər, əsgərlərimizi  və ordumuzu  aşağılamayın. Əgər bu videoda göstərildiyi kimi, bu bizim əsgərlərin işidirsə və hadisə 10 noyabr Bəyannaməsindən sonra baş veribsə, əllərinin içindən gəlib. 

Sayım, bəsdi?