Son Nəsil - Ağa Rza
Son Nəsil
Ötən nəsillərə nisbətdə Z generasiyası obsessiyadan daha çox əziyyət çəkir. Latın mənşəyli bu söz “mühasirəyə almaq” kimi tərcümə edilsə də onu fiziki deyil, psixoloji mahiyyətdə başa düşməliyik. Bu mənada, “mühasirəyə almaq” hər hansı bir fikrin insanı dövrələməsidir. Əlbəttə, blokada qurulubsa, deməli bu düşüncələr heç də arzulanmır, əksinə, narahatedici sayılır. Bunu da əlavə etdikdə ən yalın ifadə ilə “obsessiya” istənməyən fikirlərdir və fərqli motivlərdə ortaya çıxa bilər. Məsələn, Z.Freyd yazdığı “Qurd adam” keysində pasiyentin indiki psixopatoloji durumunu onun uşaqlığı ilə əlaqələndirir. Məlum olub ki, xəstə altı-yeddi yaşlarında olarkən dini motivli vəsvəsələrdən əziyyət çəkib. Tanrı haqda “günahkar” fikirləri yaxasını buraxmayıb və buna görə də hər dəfə ilahidən bağışlanma diləyib. Zamanla şüurun ört-basdır etdiyi bu problem gənclik illərində artıq nevroz şəklində yenidən üzə çıxaraq ruhi vəziyyətinə mənfi təsir göstərib. Hadisələrin necə və niyə baş verdiyi özgə yazının mövzusudur. Amma bu qədərini bilməklə, vəziyyət başqa bir məsələdə katalizator rolunu oynayır.
Naməlumun toxunuşu və ya obsessiyanın astanasında
Bugünlərdə Z nəslinin bir çox xüsusiyyəti ötən generasiyaların qınaq obyektidir. Çox vaxt isə onların dinə və Tanrıya olan bağlılıqlarının azalması müzakirə olunur. Lakin bu iki anlayışın kor-koranə öyrədilməsi diqqətdən kənarda qalır. Uşaq vaxtı Z nəsli valideynlərinə Tanrı ilə bağlı sual verəndə "Bunu demə, şeytanın vəsvəsəsidir!" cümləsindən başqa cavab eşitmirdi. Bu cür məhdudiyyətlər isə təsirsiz ötüşmür; nəticədə, gənclər özləri sorğulamağa başlayırlar.
Bəs bu araşdırmaların kökündə dayanan səbəb qorxu ola bilər? Belə ki, E.Kanettiyə görə, “insanı ən çox qorxudan şey naməlumun ona təmas etməsidir”. Ətraf mühit tərəfindən uşağa aşılanan hər bir fenomen ona məchul olduğu üçün, o, daxilindəki qorxunu aşmaq məqsədilə sorğu-sual yolunu seçir. Lakin elm baxımından mütləq varlığın mövcudluğu barədə dəqiq cavab tapılmadıqda, həmin qorxu xroniki hal alır. Şüur bu qorxunu dəf etmək üçün əks-müqavimət formalaşdırır və nəticədə vəsvəsələr baş qaldırır. Bu vəsvəsələr əslində Tanrının ona zərər verə bilməyəcəyinə dair müdafiə ssenariləridir. Axı dediyimiz kimi, insan bilinməyənin toxunuşundan qorxur və instinktiv olaraq onun şəxsinə zərər verə biləcəyini düşünür. Beləliklə, Tanrı və ya dinlə bağlı obsessiyalar bəlkə də bu cür yaranır, lakin istənməyən fikirlər narahatedici ünsür olduğuna görə şüur onları dəf etmək üçün bu dəfə başqa müdafiə üsulu tapmağa məcbur olur.
İnancın azalması, yoxsa müdafiə mexanizmi?
Məlumdur ki, şüurun müdafiə mexanizmi var. Necə ki, yuxarıda danışılan keysdə uşaq dini obsessiyalardan şüurun ört-basdır sistemi ilə müvəqqəti qurtulmuşdu. Bəlkə Z nəslinin Tanrıya inamının azalması da şüurun müdafiə mexanizmidir? Mümkündür ki, dini motivli obsessiyalardan qurtulmaq üçün şüur bu yolu seçib? Axı onlar dinə və tanrıya "vəsvəsə" ilə yanaşmağı arzulamırlar. Elə olsa idi, o qədər araşdırmanın heç bir rasional tərəfi olmazdı. Beləliklə, bu fikirlərdən artıq əzab çəkməmək üçün inamın azalması şüurun obsessiyalardan müdafiə sistemi ola bilər. Amma unutmamaq lazımdır ki, şüur problemi bu cür pərdələməklə gələcəkdə onu başqa formada müxtəlif fəsadlarla üzə çıxarır. Bunu Freydin bəhs edilən keysində obsessiyanın uşağın gənclik illərində ağır bir nevroz kimi baş qaldırması da sübut edir. Əslində bu müdafiə üsulu da (inancın azalması) ağrıkəsci rolunu oynayır, təsiri bitəndən sonra bəlkə ağrı yeni dalğası ilə gələcək. Necə ki, naməlumluq qorxusunu uzaqlaşdırmaq üçün şüur obsessiyalar yaratdı, daha sonra bu istənməyən fikirlərin təsirini azaltmaq üçün inancı pərdələdi, eynilə bu da fəsad verdikdə növbəti ağrıkəsici rolunu oynayan müdafiə sisteminə keçid edəcək.
Nəticədəmənzərəyə uzaqdan baxdıqdaqarışıq və sonsuz çevrə görünür. Bütün bunlar Z nəslindən asılı olmayan qeyri-şüuri proseseslərdir.