Sevinc Qərib - AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR...
Həsrətimin hönkürtüsü buludları silkələyir,
Dağ başında qara dönür yanağımı yuyan yaşlar.
Ayrılığın üzü sərtdi ümidimi tikələyir,
Vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar.
Dizimə dayaq etdiyim təpər əsası çatladı,
Ürəyimi calaq etdim rəngə susamış ruhuma.
Off.., uzaqlara yerikləyən duyğularım atlıdı,
Oxuma daha, "olmaz" sətirli nəğmələr oxuma...
Ömrümdə məğrur dolanan ölçüsüz qəmə asiyəm,
Könlüm libasın dəyişib sevinc geyinir əyninə.
Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm,
Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə.
Ağrıları sınaq bilib qollarımı qucaqladım,
Ağacları zikr edirəm ovcumda pöhrə arzular.
Soyuq dərd yükünü atıb, yuvamda ocaq qaladım,
İlahi, eşq bulağından axacaq könlümə ruzular?!!