Şəkər Aslan  ANILDI

MƏDƏNİYYƏT 10:02 / 12.10.2025 Baxış sayı: 4042

 

10 oktyabr 2025-ci il tarixdə AYB Lənkəran Bölməsi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və "Söz" jurnalı redaksiya heyətinin birgə təşkilatçılığı ilə uzun müddət Lənkəran mətbuatına rəhbərlik edən, Lənkəran ədəbi mühitinin formalaşmasında xüsusi xidmətləri olan şair Şəkər Aslanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbiri Mərkəzin direktoru Reyhanə Sadıqova açdı. O, rayonun tanınmış ziyalıları, yaradıcı adamlarının yubiley tədbirləri və xatirə gecələrinin keçirilməsi ilə bağlı Mərkəzin tədbirlər planında Şəkər Aslanın xüsusi yeri olduğunu bildirdi. Tədbirin keçirilməsi ilə əlaqədar "Söz" jurnalının baş redaktoru Sevda Əlibəyli ilə mütəmadi söhbətlərindən danışıb, bu tədbirin məhz Sevda xanımın aparmasını məqsədəmüvafiq bilərək sözü ona verdi.

Sevda Əlibəyli giriş çıxışında Şəkər Aslanın ömür yoluna işıq salaraq onun rayonun Boladi kəndində anadan olduğunu, M. Qorki adına Moskva Dünya Ədəbiyyatı institutunda təhsil aldığını, uzun müddət Lənkəranda çıxan "Leninçi"(indiki "Lənkəran") qəzeti və "Söz" jurnalının baş redaktoru olduğunu, ömrünün sonunda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinə rəhbərlik etdiyini bildirdi. Şair Nəbi Xəzrinin uğurlu yolu ilə ədəbiyyata gəldiyini, ömrünün sonuna kimi rayonda yaşasa da, ölkənin ədəbi ictimaiyyəti arasında özünəməxsus yeri olduğunu qeyd edib, Xalq şairi Məmməd Arazın onun haqqında dediyi:"Sən bölgə şairi deyil, ölkə şairisən,"- sözlərini xatırlatdı. Sonra şair haqqında nümayiş olunan videorolik onun həyat salnaməsinə bir daha işıq saldı.

Daha sonra şair haqqında danışmaq üçün söz qonaqlara verildi. AMMA Ədəbiyyat İnstitutunun müasir ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifli Şəkər Aslan yaradıcılığı haqqında ətraflı danışaraq onun gözəl təbiət şairi, məhəbbət şairi, vətənpərvər bir şair olduğunu qeyd etdi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən danışıb, sonetlər çələngi yazmaq ənənəsinin bu gün də bölgə şairləri tərəfindən davam etdirildiyini bildirdi.

AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli öz çıxışında bölgədə ədəbi mühitin inkişaf etdirilməsində Şəkər Aslanın xüsusi rolu olduğunu qeyd etdi. Onun yaradıcı insanlara göstərdiyi qayğıdan danışıb, zahirən ciddi, sərt görkəmi təsiri bağışlasa da, çox xeyirxah, ürəyipak və gözəl bir ziyalı olduğundan danışdı.

Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı, respublikanın ilk poliqrafçı alimi Şəddat Cəfərov, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, "Aşkarlıq" qəzetinin baş redaktoru, yazıçı-publisist Hacı Etibar Əhədov Şəkər Aslan haqqında xatirələrini bölüşüb onun gözəl şair olmaqla yanaşı, həm də gözəl insan, qayğıkeş dost, öz işinə məsuliyyətlə yanaşan bir sənət adamı, vətənini, xalqını sevən əsl bir vətəndaş olduğunu bildirdilər. Şair Vaqif Hüseynovun qızı Xalidə Vaqifqızı atası ilə Şəkər Aslanın dostluğundan, bir-biri ilə şeirləşməsindən danışıb Vaqif Hüseynov ona həsr etdiyi şeirini oxudu. Şairlərdən Xudaverdi Cavadov, Ağamir Cavad, Əhməd Haqsevər və Ofelya Nəzərova şair haqqında xatirələrini danışıb, ona həsr etdikləri şeirlərini oxudular.

Çoxsaylı çıxışlarda dövrünün sevilən və tanınmış şairi olan Şəkər Aslanın ədəbi yaradıcılığından,jurnalist və naşir kimi fəaliyyətindən söz açıldı,onunla bağlı xatirələr söylənildi.

Şagirdlər tərəfindən şairin ifa olunan şeirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Videorolikdə şairin canlı səsinin dinlənilməsi və məktəblilərin ifasında şairin şeirlərinin oxusu tədbirə xüsusi gözəllik qatdı. Sonda söz Şəkər Aslanın qızı Aytel Aslanovaya verildi. Aytel xanım tədbirin təşkilatçılarına, atası haqqında xoş söz deyən çıxışçılara, eləcə də tədbirdə iştirak edən hər kəsə ailəsi adından dərin təşəkkürünü bildirdi. Tədbir xatirə şəkilləri çəkilməklə başa çatdı.

Oktyabrın 11-də rayon ziyalılarının bir qrupu Boladi kənd qəbiristanlığında şairin məzarını ziyarət etdilər. Şairin xatirəsinə yasin surəsi oxunub, dualar edildi.