Saqif Qaratorpaq - Yenə yola getmirik...

Ədəbiyyat 07:50 / 14.10.2025 Baxış sayı: 1411

Yenə yola getmirik,

Yenə də dalaşmışıq...

Bəlkə elə yüz dəfə

Küsmüşük...barışmışıq...

 

Ya sənin hirsin tutub,

Ya mən dəli olmuşam.

Yoxsa səni sevəndən

Sonra belə olmuşam...

 

Sən bir az yekəxana,

Mən də dəymədüşərəm.

Bircə cərt baxışının

Atəşində bişərəm.

 

Neynim,səndən getməyə

Gücüm yox,taqətim yox.

Səni sevməkdi işim,

Bir başqa sənətim yox...

 

Çəkilmişəm hücrəmə,

Oturmuşam evdə tək.

Barı insafin olsun,

Bu yetimə bir baş çək.

 

Nə sevdamız tükənməz,

Nə də ki bitməz bu yol.

Görürsən mən dəliyəm,

Sən bir az ağıllı ol...

13.10.2025.