Saqif Qaratorpaq : - Payız gəldi,çisək yağış başladı,

Ədəbiyyat 08:49 / 25.09.2022 Baxış sayı: 1417

 

Payız gəldi,çisək yağış başladı,

Payız gəldi,getməyə yer tapmadım.

Sənə gəldim,kipriklərim qurusun,

Sənə gəldim,ürəyimi oda tut...

Heç bilmirdim,bildim, elə ağrıdım...

 

Yollar elə sonsuzluğa dönürmüş,

Yollar üzü ayrılığa gedirmiş...

Payız gəldi,sazaq aldı könlümü,

Payız gəldi,yarpaq-yarpaq üşüdüm.

Sənə gədim,qəlbi islaq,üstü yaş...

Sənə gəldim,nəfəsinə isinim...

 

Heç bilmirdim...bilməyəydim elə kaş...

Yuva olmaz əllərimə əllərin,

Kölgə salmaz ürəyimə tellərin...

elə gecdi,elə gecdi,elə gec...

 

Gün istəsəm, yaz bircə gün borc verməz,

İmidlərin yarpaqları tökülüb,

Ömrüm-günüm ayaq altda xəzəldi...

Payız gəldi,sən insafa gəlmədin,

Payız gəldi...getdin,daha gəlmədin...

 

Ağacdakı son yarpaqdı ürəyim,

Sən gələnə,yaz gələnə gec olar,

Dözsə,dursa...ilk qaracan dözəcək,

Bir də gördün budağından üzüldü,

Sən gələnə,yaz gələnə qalmadı...