Saqif  Qaratorpaq : - Getməyə o qədər bəhanə var ki!

Ədəbiyyat 22:19 / 30.09.2022 Baxış sayı: 416

Getməyə o qədər bəhanə var ki!

Hərə bir bəhanə tapıb gedəcək.

Kimi yox olacaq səssiz-səmirsiz,

Kimi yarı yolda sapıb gedəcək.

 

Mənzil elə yaxın,yol elə uzaq,

Çatam,ya çatmayam yıxıla-dura.

Bir gül də bitirməz gözümün yaşı

Bir ömür axsa da bu boşluqlara.

 

Neynim...bir kimsədən umacağım yox,

Elə öz içimdə bitib gedərəm.

Bir qəfil yağışam gecəyarısı,

Susuz səhralarda itib gedərəm.

 

Hamı çıxıb getdi...sən də yubanma,

Yeri,sürü, apar ayaqlarını.

Gün doğar,səhərin mehi qurudar

Gecələr islanan yanaqlarını.