Şakir Xanhüseyn : - QƏLPƏ-QƏLPƏ

Ədəbiyyat 09:17 / 11.01.2025 Baxış sayı: 2446

 

***

bax, hər yerdə,

ən isti münasibətlərdə belə

soyuqluq od püskürür...

***

nolar ki, başımızdan keçib

bir-birimizin ayağına and içək...

***

öpmədiyimiz tək bir uşaq qalmasın,

məlul-məlul

yol qırağında, tin başında,

sevgimizin dışında

heç bir uşaq qalmasın...

***

yuxu əlimdən deyil,

gözümdən tutub

məni də özüylə apardı...

***

ləngliyinə çata bilmir sürətin,

ləngliyin həmişə

sürətindən irəlidə...

***

bir daş imiş axan su,

dərdindən suya dönmüş...

***

ey yuxu, nə edirsənsə,

axır ki, bacarırsan gözümə girməyi...

***

gətir öpüm alnından, Betülüm,

GƏTİR öpüm alın yazını...

***

hərdən ölüb-dirilirsən,

hərdən ölür və dirilirsən

hərdən ölürsən,

bir an keçir dirilirsən;

yazıq kişi,

ölüb-dirilməkdi işin...