Prezidentimizin  fəaliyyətinə və sözünə  böyük qiymət  verilir - Tahir Rzayev,  Milli Məclisin Aqrar  siyasət   komitəsinin sədri     

HÜQUQ 17:00 / 24.11.2022 Baxış sayı: 1348

 

       Sülhün və təhlükəsizliyin təmin edilməsi, dünya dövlətləri ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi dövrün tələbidir, bəşəriyyətin xoşbəxt gələcəyi üçün vacibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə fəaliyyəti dəyərlidir və dövlətimizin rəhbərinə beynəlxalq aləmdə böyük hörmət qazandırmışdır.                                                                                                Prezidentimizin Serbiyaya səfəri və bu səfərlər zamanı keçirilən əhəmiyyətli görüşlər, imzalanan sənədlər, xalqımızın və dövlətimizin ünvanına söylənilən xoş sözlər bunu bir daha sübut edir.                             

Serbiyaya səfər bir daha göstərdi ki, Azərbaycan Prezidentinin xarici siyasət xətti, qarşılıqlı əlaqələrə və münasibətlərə arxalanması, dəstək verməsi önəmlidir, davamlıdır, inkişafımızı, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirən başlıca amillərdir.                                                      

Səfər zamanı neft - kimya müəssisələrinin fəaliyyəti, gübrə çatışmamazlıqları, hərbi - texniki əməkdaşlıq, beynəlxalq aləmdə əlaqələrin təmin edilməsi, kənd təsərrüfatı, əmək, sosial müdafiə sahəsində danışıqlar aparılıb və sənədlər imzalanmışdır.                         Serbiya Prezidenti Aleksandr Vuçiçin mətbuata bəyanatında Prezidentimiz haqqında səsləndirdiyi bir ifadə diqqəti daha çox cəlb edir və qürur doğurur. O qeyd etmişdir ki, “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, belə də olacaq. Bu bizim üçün həqiqətən də vacibdir”.                        

Prezidentimizin bəşəri əməl sahibi, sözünə və vədinə sadiq,  dünya dövlətləri rəhbərləri arasında böyük nüfuza malik olduğunu, əməli və sözü, sədaqəti ilə seçildiyini səciyyələndirən bu ifadələr reallıqların nümunəsidir, cənab İlham Əliyevin səmərəli fəaliyyətinin bəhrəsidir.                  

Ölkə rəhbəri hər bir sahədə sözünə sadiq, vədinə sədaqətlidir. Məhz buna görə də o, beynəlxalq aləmdə hörmətlə qarşılanır və əməkdaşlığımızın möhkəmləndirilməsinə yeni töhfələr verir. Münasibətlər  siyasi tərəfdaşlığa, möhkəm dostluğa və gələcək əməkdaşlığa çevrilir, uğurları ilə seçilir.                                                           Cənab İlham Əliyev çıxışı zamanı Serbiya ilə münasibətlərin də sağlam zəmin, dostluq üzərində qurulduğunu və inkişaf etdiyini bildirərək demişdir: ”Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında, strateji tərəfdaşlıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var”.                                                               

Bu strateji hədəflər əlbəttə ki, hər iki dövlətin təhlükəsizliyinə, inkişafına xalqların dostluğuna və gələcək xoşbəxt həyatına xidmət edir və dəstəklənir. Ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə müdafiə olunur, mövqelər dəyişmir və dəyişməz olaraq qalır. Dəyişməz mövqelər isə dövlətləri və xalqları daha sıx birləşdirir və yeni uğurlardan xəbər verir.

                                                                  Tahir Rzayev                                                                         Milli Məclisin Aqrar siyasət                                                    komitəsinin sədri