Məmməd Qədir - Sənsiz

Ədəbiyyat 09:34 / 13.10.2025 Baxış sayı: 1350

 

Ha qanad çalsam da, uça bilmirəm,

Daş kimi düşürəm, ağıram sənsiz.

Həsrət tapdalayır, ayrılıq döyür,

Yetiməm, acizəm, fağıram sənsiz.

 

Payıza çevirdin son baharımı,

Göz yaşım isladır qanadlarımı,

Həsrət parçalayır buludlarımı,

Şimşək tək çaxıram, yağıram sənsiz.

 

İndi dərdim oyaq, bəxtim mürgülü,

Ələnir saçıma bir eşqin külü,

Ümid divarlarım uçub tökülür,

Qiyma vuran olub dağılam sənsiz.

 

Hanı eşq hasarı, çarpım özümü,

Od olub yandırdı çırpım özümü,

Divardan divara çırpım özümü,

Hay salım, qışqıram, bağıram sənsiz.

 

Nə dərd verənim var, nə dərd duyanım,

Qayıt, qəmdən çıxım, eşqə boyanım,

Sahibi mən idim sənlə dünyanın,

Almaları düşən nağılam sənsiz..