Lilpar Cəmşidqızı - QƏZƏL
vv
Yeni sevdaya düşübdür, məni yar arzulamır,
İtirib, dərk eləmir, dövlətü var arzulamır.
Üşüdür könlümü hicran qəmi, ruhum darıxır,
Nədən aləmdə o yar, seyri- bahar arzulamır?
Gətirib həsrəti qəlbində ömürlük yaşasın,
Məni mehman eləmir, leyli- nahar arzulamır.
Saralan qönçəni bülbül unudub gülşəndə,
Quruyan bir çiçək açmır, gülü xar arzulamır.
Mənim eşqim sığınıb ruhuma, qürbətdə deyil,
Qəm içən məmləkətim özgə diyar arzulamır.
Mənə dərmanı gətirməzsə təbibim, ölərəm,
Ürəyim yarə deyin xəstədi, nar arzulamır.
Gözü yüksəkdə olan yar nə bilir eşq nədir,
Səni, Lilpar, unudan bəstə nigar arzulamır.