Kəramət: "...Onun adı “Allah” deyil!"

MÜSAHİBƏ 12:39 / 16.09.2022 Baxış sayı: 3420

Yenises.az miq.az-ın "Ədəbiyyat söhbətləri"ni təqdim edir:

 

Aydın Canıyev

 

Bizdən qabaqdakı Zamandı 

 

(Zamanın ədəbiyyatını yaratmaq üçün həmin zamanda yürüyən toplumun içində olmalısan)

 

- Nədən başlayaq?

 

- Nədən, hardan başlayırsan, başla. Onsuz da başı-ayağı bilinməyən dünyada, zəmanədə yaşayırıq, post-postmodern, yəni...

 

- Şablon bir sual: müasir ədəbiyyata münasibətin?

 

- Hə, bu söz birləşməsinin əsas tərəfi "ədəbiyyat”, təyin tərəfi də "müasir”... Folklorumuzdan üzübəri yaradılan nə varsa, bizim "ədəbiyyat” dediyimizin bazası, yaddaşı, varoluşudu. Burdaca qeyd eləyim, sonra yadımdan çıxar, janrından, şəklindən, fikir-ruh çeşidindən, dövründən asılı olmayaraq, bunları indiki leksik libasda, ora-burasını redaktəylə, bəzək-düzəklə yenidən oxucuya sırımaqla "ədəbiyyai-ədəbiyyat” oynayırıq və bizə elə gəlir ki, nəsə yaradırıq. Bu hal ədəbiyyatın təkrar istehsalıdı, etiketini dəyişsək də, aldatmacadı. Yenini, yəni müasiri qəbul etdirmək, əqli-ruhi dəyişimi də özüylə bərabər gətirməyi əsaslandırır, aldanmağa meylli oxucu-kütlə isə yaddaşının altqatındakıları daha çox qəbul edir, ona əl çalır, yaddaşını hətta bütləşdirir, ona tanış gəlməyən işıq lampasını belə "daşqalaq” edir. Və deyim ki, bunsuz da mümkün deyil ədəbi gedişat, həyatın özü kimi. Sadəcə, dəbi yaddaşın əsirliyində qalmaq durğunluq yaradır, süstlük gətirir. "Müasirlik” anlayışı da zaman və məkanca dəyişkəndir. "Füzuli həmişə müasirdir” yanaşması yanlışdı, zənnimcə. Məsələn, öz dövrü üçün müasir sayılan M.F.Axundov, Mirzə Cəlil müasir ədəbiyyatçı üçün müasir sayılmır və sairə. Öyrənilir, mənimsənilir, bu başqa məsələdi. İndiki halda bizim ədəbiyyatdakı "müasir” qavramıyla Almaniya, lap elə Tiflisdəki ədəbi müasirlik anlayışı fərqlidi. Məsələn, bizdəki konkret məsələ - evsizlikdən yanğıyla, pafosla (İlahini də işin içinə qataraq) yazılan şeir oxucu kütləsində "ah-vay”, "bəh-bəh” reaksiyası yaradırsa, Gürcüstanda, Rusiyada heç üzünə baxılmaz durumdadı. Onu da deyim ki, bizim ədəbiyyatın ağırlıq və cazibə mərkəzini sosial problemlər təşkil edir və bizim üçün aktual mövzulardı, bu da bədiyyatın psixoloji, daxili təlatümlər, insanlararası ilişglər və daxili keçid, vaxt keçidi, paralellikləri və bu kimi alt qatda həsrətlə gözləyən, zamanın aşınmasına daha dirəncli keyfiyyətləri arxa plana keçirir. Fikrimi toparlamağa çalışım, ədəbi yaddaşın aparıcı nümunələrindən qidalanaraq yaşanan mühitin, dövrün başlıca probleminin nəbzini tutaraq, sinir uclarına toxunaraq, çağdaş ədəbi texnologiyaları mənimsəyərək, yüksək ruhi-əqli, psixoloji-analitik yanaşmayla müasir ədəbiyyat yarana bilər, yaranır. Bu yanaşma ehkam deyil, əlbəttə. Bilmirəm nə dərəcədə əhatə eləməyə çalışdım (pauza). Bax, məndən soruşa bilərsən ki, ey dili qafil, iki-üç ildi fiziki və ədəbi qeybə çəkilmisən, guşənişin olmusan, nədi?

 

- Hə, elə bil ki, soruşdum.

 

- Qeyboluşun şəxsi və sosial səbəbləri var. Amma bu əzablı yalnızlığa özümü məhkum eləməklə oxumaqdan çox, düşündüm. Məncə, bizim düşünməyə vaxtımız yoxdu. Nə yeyib-içəcəyimiz, geyəcəyimiz, hansı seriala baxacağımız, necə sevəcəyimiz, ayrılacağımız, şeiri, əsəri necə yazacağımız, hətta nə barədə düşünəcəyimizi bizim əvəzimizə düşünürlər və bunun adı Allah deyil. Hətta hər şeyə hazır uşaqlar doğulur, belə demək mümkünsə, böyük uşaqlar. Bizdə qabaqkı zamanda, intellektdəki Yerdaşlarımızdı bütün bu proqranları beynimizə yükləyən. Bu, çox ciddi məsələdi, Şərqdə baş verənlərin kökündə də bəhs etdiyim zaman məsafəsinin yaratdığı keçilməzlik dayanır. "Karamazov qardaşları”nda Dostoyevski deyir e... mən çox oxumuş olmasam da, bu barədə çox düşünmüşəm. Bax, bizim müasir həyatımızda ən çox çatışmayan nədir, bilirsənmi? Düşüncə, bir də düşüncə. Bir adam-kütlə göz önunə gətir ki, nəyə və niyə bu şair-yazıçını sevdiyini, yaxud da niyə bəyənmədiyini bilmir, hətta sorğulamağı qəbul etmir. Lap elə Leyli günündədi: "olsa idi əldə ixtiyarım”(Füzuli), yəni ixtiyarsızlığın şəkli dəyişib. Bu əsnada bəzi Əsərləri təkrar oxudum, bəzilərini oxuya bilmədim, amma əzabverici suallara cavab tapıb rahatladım. İndi çox rahatam. Bir müşahidəm məni üzdü, uzun ayrılıqdan sonra nəşriyyata, AYB-yə getdim, əvvəlki kimi şair-şüəra və başqa dostlarla mey, çay içdim, gördüm ki, bu ayrılıq məsafəsində fiziki, mənəvi xeyli arıqlayıblar, səslərinin boyu balacalaşıb, əzik-üzük olublar, vaxt tank kimi keçib üstlərindən, vəzifə sahiblərini müşahidə etdim, nəiniki mütləq çoxluq düşünmür, düşünməyə belə qorxur. Hamımız günahsız müqəssirlərik, bir yönüylə. Burası da vardı ki, bütün bunlar mənim üçün "Gözlənilən bir qətlin tarixçəsi” (Q.Q.Markes) kimiydi. Özüm üçün, elə bil, bir roman yazmağa başlarcasına bir cümlə yazdım: "Hamının üzündə qorxaq bir yorğunluq vardı”. Haçansa roman yazsam,elə bu cümləylə başlayacağam.

 

- Təzə nəsə yazdınmı, xeyli vaxtdı təzə yazılarla görünmürsən.

 

- Qaçqınlığın-köçkünlüyün fiziki tərəfi sağala bilir, bəlkə, amma əqli-ruhi qaçqınlıq özünə yer tapa bilmir. Hər şeydən qaçdığım kimi yazıdan - özümdən də qaçırdım, təbii. Bir neçə şeir və janrsız "Kütlə hökmü, Professorun ölümü” (şərti adı) həcmli-poemavari bir şey yazdım.

 

- Niyə "poemavari” deyirsən?

 

- Yəni əvvəl yazdığım poemalar kimi, öyrəşdiyimiz şəkildə deyil bir az, o səbəbdən, müasir dastan janrına bir az uyğun gəlir, çox yazıları doğulmadan, səbəbsiz-filansız, içimdəcə basdırdım.

 

- Axı, nədən sualı haqlı deyilmi?

 

- Bu ruh halımı, indiki düşüncəmi özüm də elə sənin kimi sorğulamışam dəfələrcə. Bax, "sən və mən" var geniş anlamda, həyat da, ədəbiyyat da bunun üzərində qurulub, sürəkli olaraq sən danışırsan ədəbi-mədəni, siyasi-ekonomi, hətta bədən diliylə, mən də israrla anlamıram. Sabir demiş, "dağa dersən eşidir, sonra verir əksi-səda, daşa dönmüşlərə əks eyləmədi fəryadım”. Onda... antrakt, ikimizdən birimizdə problem var, deməli. Mirzə Cəlilin "sözümü o kəslərə deyirəm ki...” xitabı yadıma düşür. Anarın "Anlamaq dərdi” esse-araşdırması var, anladanla anlamalı olan tərəfdə anlaşılmazlıq varsa, aralarında əqli-ruhu uyum yoxdu, deməli, insanlararası harmoniya qorunmalıdı. Q.Q. Markes "Anlatmaq üçün yaşamaq” romanının epiqrafında təqribən belə bir fikir səsləndirir ki, əslində, həyat insanın necə yaşadığı deyil, onu necə xatırladığı, həm də başqalarına anlatmaq məharətidir.

Tənhalıq, yalqızlıq, mühacirət halları bütün zamanlarda, bütün ölkələrdə burdan qaynaqlanır. Dünyanın başlıca problemi düşüncə köçüdü, aparıcı ölkələr bu mənada cəlbedici görünür və ağıllı şəkildə qucaq açır.

 

- Yeri gəlmişkən,”Mühacir” poemanı xatırladım, bir bəndini tez-tez pıçıldayıram,- Sonda kitabın satar qürbətə yollananlar, Arxasınca boylanar Qoşa Qala qapısı. Liman söyüdlərində gedənlərin "Ah”ı var, Vida nəğmələrində sözün payız sarısı.

 

- Hə, o poemanın, az qala,16 yaşı var. İstəyərdim ki, indikilərin (oxumayanların) diqqətinə çatdırım, indiki dünya üçün də aktualdı, düşünürəm.

 

- Bir şagird, bir də tələbə yoldaşından eşitmişəm. Orta məktəbdə sərbəst mövzulu inşaları sinif yoldaşlarına "diktovat” edirmişsən, yaxşı idmançı olmusan. Tələbə vaxtı da, indi tanınan bir neçə şairin, necə deyərlər, əlindən tutub şeiri necə yazmağı öyrətmisən...

 

- Olub elə şeylər (gülür). Yaxşı futbol, voleybol, tennis, şahmat oynamışam, orta məktəbdə mən tək altı nəfərə qarşı voleybol oynayırdım və udurdum. Gələk tələbəlik illərinə ... danışılası çox söz var. Yaxşı yazı, hərəkətlərinə sevinir, əksi olanda xəcalət çəkirəm. Əvvəllər, bunların da görməzdən gəlməsinə şaşırırdım, sonra öyrəşdim, daha sonra güldüm, normal qəbul elədim,belə yaxşıdı, əslində.

 

-Yeri gəlmişkən, müəyyən qrup var ki, israrla səni görməzdən gəlir, qara yaxmağa çalışır, burası mənim şəxsi müşahidəmdi.

 

- Mənim varlığım çoxlarının yoxluğudu, istedadlı şairlərin isə əlvanlığı. Sındırılmış, sindirilmiş adamdan yazıçı olmaz, həm də bu səbəbdən onların adamı deyiləm. Bütün bunlara rəğmən ciddi, səviyyəli, ləyaqətli oxucularım olduğunu da bilirəm, kütləylə qoy siyasilər məşğul olsun, bu onların maraq sahəsinə daxildir.

 

- Naqolay bir sual verim. Heç mükafat-zad almısanmı,  "Qızıl kəlmə”, Rəsul Rza, Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə adına mükafatlar var, hər il də verilir, nə əcəb sənə verməyiblər, bu mükafatları xeyli şair alıb.

 

- Adını saymadığın xeyli mükafat var, burda problem yoxdu, mükafat sarıdan bolluqdu, düz-əməlli əsər yoxdu, məsələ bundadı. Gələk sualının mənə aid tərəfinə... Gərək mükafatı istəyəsən, verələr də... Burası öz yerində, yadımdadı, onda Fikrət Qoca "Qobustan” jurnalının baş redaktoru idi, Nizaməddin Mustafa "Ulduz” jurnalı üçün müsahibə götürəndə soruşmuşdu ki, Fikrət müəllim, heç ömrünüzdə rüşvət almısız? Fikrət müəllim də yaxşı cavab vermişdi: "Elə yerdə işləməmişəm ki, rüşvət verən olsun, rüşvət verən olsaydı, baxıb görərdim alıram, ya yox".

Cavabda mənim verəcəyim cavabın da əlamətləri var, məncə. Gərək vəzifən ola, ya da xahiş-minnət, xoşbəxtlikdən bunların heç biri məndə yoxdu. (Qollarını yana açıb mükafat almışcasına gülür-A.C.) Bir də belə şeyləri şair özünə, həyatına yük eləməz, axı, nə dəyişir ki, nəyi dəyişdirə bilirik alıb-almamaqla və yaxud verib-verməməklə... Amma  mükafat alanlar arasında layiqlilər də var. Ortadakı sürtüklərdənsə, gözdən uzaq çox maraqlı şairlərimiz var rayonlarda, Bakıda, abırlarıyla yazılarını yazmağa üstünlük verirlər. Lap açığı, ədəbiyyatın bu təsərrüfat işləri, bazarlıqları ürəyimi bulandırır, ruhən də, cismən də belə şeylərdən uzaq durmağa çalışıram. Nə yazıq ki, bazar iqtisadiyyatı özüylə bazar mənəviyyatı, bazar ədəbiyyatı gətirdi, ruhunu, fikrini bazarlayanın ədəbiyyatı olmaz ki...Və bir də nə yazıq ki, bizim sahədə də fikrən-ruhən özünədəllallar irəli çəkildi, nümunə göstərildi. Əslində, bu hal təkcə ədəbiyyata deyil, xalqa vurulan dalğavari ziyandı, zərbədi, ziyanlı toxum əkməkdi ədəbiyyat tarlasına.

 

- Orası elədi, bəzən irili-xırdalı antologiyalar da çıxır,sən olmursan orda da. Bir şeirində "Birləşin, bütün ölkəmizin istedadsızları, Qarşınızda dayanıb, Ordu kimi tək adam,Tək adam ordu kimi...” yazmısan, həm də "dostlarını” dəhşətli dərəcədə qıcıqlandırmısan.

 

- Mükafat nəsə, o antologiyalar da təqribən həmin prinsiplərlə hazırlanır, xoşməramlı yaddan çıxmalar olur, amma bunu da bir daha vurğulamalıyam ki, mənim varlığım çoxlarının yoxluğudur... (düşünür - A.C.) Nəsə, axırıncı sualların məni başqa məcraya çəkir. Ədəbi şoular mənlik deyil, heç ədəbiyyatın gündəlik tələbat mallarının satıcısı, alıcısı da deyiləm. Qapayaq söhbətimizi, oldumu? Keçək söhbətimizin bədii-badə hissəsinə.

 

- Necə istərsən, söhbətə görə də təşəkkürlər.

 

Beləcə söhbətimizin rəsmi tərəfi yekunlaşır, "bədii və badə hissəsində” də, təbii ki, yenə ədəbiyyatdan danışırıq. Yenə sırf ədəbiyyatdan danışanda necə qanadlanırsa, ədəbiyyatın bazarından, təsərrüfatından, "dostlardan” söhbət düşüncə üzünə qara buludlar gəlir, hətta əsəbləşir və pıçıldayır, sən Allah, mövzunu dəyiş, ədəbiyyatdan danış.

 

KƏRAMƏTin poemasını təqdim edirik. Xatırladaq ki, əsər 2000-ci ildə "Azərbaycan” jurnalında, 2004-cü ildə müəllifin "Səkkiz milyon plyus bir” kitabında çap olunub.

 

MÜHACİR

 

1

Lənətlənən ömürdə it hürər, bayquş ular

Bu sözüm söz deyil ki, mühacir məktubudu.

Uçulub tökülübdü könlümdəki saraylar

Quşlar da yuvasının qanadlı tabutudu.

Küləklər də dolanır vecsiz, qolları bağlı

Sabahsız günlərinin, gecələrin içində.

Daha adam qalmadı,Yolçu, yolları bağla

Zibil qabına dönüb yerim Yerin küncündə.

Səni alçaltmadımı sevgilərin oynaşı?

Gör nə günə qalmışam? Öz-özümdə itmişəm.

Atılan laylalarda siçovullar oynaşır

Tütya kimi öpmədim, ya da heç tüpürmədim

Allahımla birlikdə çoxdan çıxıb getmişəm.

 

Sonda kitabın satar qürbətə yollananlar,

Arxasınca boylanar Qoşa Qala qapısı.

Liman söyüdlərində gedənlərin ahı var,

Vida nəğmələrində sözün payız sarısı.

Təkcə saatım işlər, işlər Bakı vaxtıyla

Anaram intiharı, kəndiri, kətili də.

Apararam özümlə əzizlərin ruhunu,

Uşaqlıq illərimin tumançaq şəklini də.

2

 

Mühacir köçündəki ana harayını küləklər vağzal divarlarına, adamların üzünə çırpdı, sonra bu haray ananın əlləriylə səmaya yüksəldi, göylərin yeddinci qatındakı qapını döydü.

 

Kəramət yazır ki,

Zifaf gecəsini xatırlamırsan

Mazuta bulaşan qağayıların

 neft qoxulu çığırtıları

neçə ildi, neçə il

   eyni sözü pıçıldayır sahillərə.

Anlaya bilmədi, yavrum,

nə dalğalar sahili, nə sahil dalğaları.

Zumzümə tökülür dodaqlarından-

" Hey-hey Hikmətin oğlu Nazım!”,

Nazim Hikmət,

 "Sən indi saçlarımın ağında

Ürəyimin infarktındasan,

Məmləkətim, məmləkətim”.

 

3

 

Korların barmaqları görür

Kor olub korların da barmaqları.

Oxuya bilmir daş kitabələri -

İçəri şəhəri, qədim yazıları.

Küçə uşağı,

sənin ayaqların görür ancaq,

Küçə uşaqlarının ayaqları görür 

oxuyur daşların,

asfaltın altında əzab çəkən torpağı.

hər addım bir hərfdi

addım-addım oxunur "ayrılıq, aman ayrılıq”,

Addım-addım oxunur küçələrin gecələri

gecələrin küçələri.

Beşsən, onsan, "en” qədərsən,

İşsizlər ordusunun baş qəhrəmanı.

pulun da yoxdu ki, çıxıb gedəsən

Heç olmasa, öləndə

Adam kimi öləsən.

Küçədə ölə bilərsən

Gəlib meyidini təpikləyərlər.

Özün heç, heç olmasa,

Xilas eləyəsən balalarını,

İşsizlər ordusunun baş qəhrəmanı.

 

4

 

Ömür qəbir əzabı

Ağlayır güləndə də.

O qədər ölüb-dirilib

sevinəcək öləndə də.

Yol bağlı, yol verən yox

Gözləri mamır bitirib.

ƏLİNƏ ƏL VERƏN YOX,

OVCU DA TÜK GƏTİRİB.

 

Bildim, üzünə baxınca

Bu üz gülməyi unudub.

O qədər ölüb –dirilib

Daha ölməyi unudub.

 

5

 

Təpikləyir

uşaq ana bətnini.

Təpikləyirsən

içindəki-çölündəki sərhədləri,

Əzan səsindən uçub

qonur göyərçinlər

kilsə zənglərinə.

Yüz dəfə ölçdün-biçdin

bu ağunu-bu şərbəti içincə.

Yüz sərhəd tapdaladın

bir sərhədi keçincə.

 

6

 

Kəramət yazır ki,

Sən hər şeyi anladın

Yadındamı küçə iti

polislərə hürəndə

"it-iti tutmaz” deyib

mırıldadı polislər...

Bax, onda

Sən anladın hər şeyi

Bağçalar azalanda

Türmələr çoxalanda,

Qonşu Fərrux deyəndə ki,

yaxşı qonşularım köçüb gedirlər

Sən anladın hər şeyi

Onu da anladın ki

adam çox anlayanda

onu heç kəs anlamır.

 

7

 

Bircə yer var, Allahsız,

qorxduğun bircə yer var.

Haçandı ki, baxammırsan, kor olursan

Arvadının barmağında

Nişan üzüyünün yerinə.

Getmir, silinib getmir

Nişan üzüyünün yeri.

"Lombard”da ağlayır

 ən çox nişan üzükləri.

Sap dolayıb arvadın

Nişan üzyünün yerinə.

bax, kor olmuş, baxsana

nişan üzüyünün bakirə yerinə.

heç dəxli olmasa da

15 ilin buludundan

 bir misra damcılayır

"Yağış kəsəndən sonra

  ağaclar ağlayır”.

 

8

 

Kəramət yazır ki,

Nə deyim, lənətə gəlsin zəmanə

İlahi nəğmələr basılır daşa.

Ələnir üstümə axşam dumanı

Elə bil tük gəlir qırxılan başa.

 

Gedib qəbristanı ziyarət edir

Bilet də alınıb gecə reysinə.

Bir mahnı səslənir qədimdən qədim

Şamı tərk eləyir pərvanələr də.

İndi siluetə dönübdü barmen

Gəl badə badəyə son dəfə vuraq

Mühacir ömrüdü ömrümə dərman

Dərdimin şəklini böyüdüb araq.

Hamı mühacirdi, hamı qəribdi

Limanlar, vağzallar adamı çəkir.

Ağaclar torpağa mismarlanıb

Ki... çıxıb getməsin.

 

Nə yaxşı sən varsan yola salmağa

Köksünü ötürüb "hayıf” deməyə.

Çətini odu ki, çıxıb gedəsən

Arxanca bir kimsə əl yelləməyə.

 

9

 

Vəsiyyət eləmişdi

- Köçürərsiz qəbrimi

Bu, mühacir qəbri deyil

Bu, mühacir qəbirdi.

 

10

 

Kəramət yazır ki,

........................

Heçcənə yazmır.