Kəramət: - Keçirmi heç könlündən...

Ədəbiyyat 09:42 / 07.12.2022 Baxış sayı: 1861

 

Keçirmi heç könlündən

Qollarını son nəfəsinə qədər açmaq

mənə sarı qaçmaq

qaça-qaça uçmaq

bir kəpənək, uğur böcəyi kimi

ürəyimə qonmaq

keçirmi heç könlündən.

günəşsarısı rənginə

masmavi don geymək

hind filminə baxa-baxa

kinoteatrda başını çiynimə qoyub

hıçqır-hıçqır ağlamaq

keçirmi heç könlündən

əlimdə solmaz çiçəklər

"Gözləmə salonu"nda

özüm solub dayanmışam

Soyunub adətləri, qanunları

"Mən gəldim"demək

həsrətli əllərinlə sinəmi döymək

Keçirmi heç könlündən