Kəmaləddin Qədim -  NƏDƏN ŞƏHİD SAYILMIRAM

Ədəbiyyat 09:25 / 05.11.2025 Baxış sayı: 998

 

Mən ki, hər gün od üstdəyəm, köz üstdə,

Oda qurban, közə qurban gedirəm.

Nəyim varsa saxlayıram göz üstdə,

Tez gəlirəm gözə, qurban gedirəm.

 

Durulacaq yermi dünya, durmanam,

Artıq qalıb bir kimsəni yormanam.

Mən dünyaya doğulandan qurbanam,

Baxmayın ki, təzə qurban gedirəm.

 

Çox kiçikdi, darısqaldı yer O-na,

Baş əyməkdə ocaq ona, pir O-na.

Bir canım var, verəsiydim bir O-na,

Bir sevdiyim qıza qurban gedirəm.

 

İri-iri, yekə-yekə adamlar,

Düşürsünüz kökdən-kökə, adamlar.

Dərdinizi çəkə-çəkə, adamlar,

çəkə-çəkə sizə qurban gedirəm.

 

Vəsf etmirəm nə vəziri, nə şahı,

Gözgörəti haqq etmirəm günahı.

Nədən şəhid sayılmıram, İlahi,

Bu qədər ki, sözə qurban gedirəm?..