Kəmaləddin Qədim - GÖYDƏ TUTASAN...
Sözünü bu qədir-qiymətdə, canım,
Adını bu kökdə, soyda tutasan.
Özünü bir ömür bu ucalıqda,
Elə bu qamətdə, boyda tutasan...
Keçsən də keçəsən başa başınnan,
Paşa ürəyinnnən, paşa başınnan.
Sevincin o qədər aşa başınnan,
Qonuma-qonşuya pay da tutasan...
Sevəsən, gələsən xoşuna hərdən,
Dönüb, dolanasan başına hərdən.
Baxmayıb gözünün yaşına hərdən
Özünə divan da, toy da tutasan...
Beləmi fərqliymiş həyat şəhərdə,
Üzü bər-bəzəkli boyat şəhərdə...
İtirib özünü bu yad şəhərdə
gedəsən dos-doğma köydə tutasan...
İçinin bəhrəsin, barın dərəsən,
Beş-on kitab ola vərin-vərəsən.
Kimləri qoruyur kimdən görəsən,
kiminçün bu qanun, qayda, tutasan...
Bir şey ki gözünə təpilir yalan,
Bir şey ki boşuna tapdanır palan.
Hələ nə çalır ki bu zurnaçalan,
durub bu zurnaya züy də tutasan...
Nə deyim fələyi...Deyə bilmədim,
Boş durmur ələyi, deyə bilmədim.
Nəyi dedim, nəyi deyə bilmədim-
Gərək arif olub göydə tutasan...