İbrahim Rüstəmlidən İKİ ŞEİR

Ədəbiyyat 08:11 / 13.10.2025 Baxış sayı: 1428

XİTAB 

Yenə də ürəyimin qanı axdı gözümdən,

Göynədi barmaqlarım yol gözləyən sözümdən.

Yenə də nigaranam, narahatam özümdən,

Mənə bir az səbr ver, bir az təsəlli göndər,

Fələyin üzü dönmür, barı çarxını döndər...

 

Bədirlənmiş ayına baxdım bir gecə vaxtı,

Göydə ulduzun kimi, yerdə gözlərim axdı.

Gördüm özgə nə varsa, hamsı Səndən uzaqdı,

Sən mənim ürəyimdə çatılmış ocağımsan,

Sən ata nəfəsimsən, Sən ana qucağımsan!..

 

Mən yaşayan həyatda hər şey alovdu-közdü,

Nə əyrisi əyridi, nə də ki, düzü düzdü.

Ölüm də ölüm deyil, ölüm də ölü sözdü,

Sözümü külək çapar, şaxta vurar, qar döyər,

Gəl indi bu sazaqda tumurcuq qədər göyər...

 

Mən nəğmə oxudum ki, bəlkə, torpaq cücərdi,

Bəlkə, boz sinəsində bircə fidan becərdi,

Nəfəsimdən, səsimdən, sözümdən su içərdi...

Axı mənim nəğməmin havası var adında,

Sən də ona pıçılda nəsə qalsa yadında...

Bu boyda var içində, görən, nədir ac olmaq,

Nədir nəfsə yüyürmək, qılınca möhtac olmaq?!.

 

Qurumuş ormanında ağırdı ağac olmaq,

Saralır yarpaqlarım, lalam, lalına səs ver,

Budağıma, gövdəmə, kökümə bir nəfəs ver...

Sevgindən də, həsrətin də, əzabın da gözəldi,

Yazında yamyaşıldı, payızında xəzəldi.

Bir də gördün həyatım rənglərindən süzüldü,

Əgər xoşuna gəlsə, onu tək mənə göstər,

Sonra daşda şəklimi gəlib-gedənə göstər...

 

ANAMA MƏKTUB

(Avtoportret)

Ana, sənə məktubu ön cəbhədən yazıram,

Başım çox qarışıqdı, hər gün səngər qazıram...

Bilirəm, göynədikcə əllərimin qabarı,

Səni də çox incidir ürəyinin qübarı...

Gecələr yuxunda da oğlunu gözləyirsən,

Günəşdən erkən çıxıb yolumu gözləyirsən.

Fikrində bir mən varam, bir də geri dönüşüm,

Ana, bitmir savaşım, bitmir mənim döyüşüm!..

Dörd yandan qəvi düşmən elə durub qəsdimə,

Mərmilər dolu kimi yağır hər gün üstümə!..

Ürəyimə tuşlanıb qəlbsizlərin qəlpəsi,

Ana, mənim ömrümün yoxdu arxa cəbhəsi!..

Məni belə doğmusan, bu adda, bu biçimdə,

Ömrüm keçir atəşin, od-alovun içində

əsgər arzularımla səngərdə yaşamaqdan,

yaralı ümidləri çiynimdə daşımaqdan!..

Hər ümid bir təsəlli, hər savaş bir sınaqdı,

Hələ döyüş bitməyib, hələ oğlun da sağdı!

Sağdı! Daşlı-kəsəkli yolum – açdığım cığır,

Elə darısqaldı ki, öz çəkməm ancaq sığır...

Burda ölmək asandı! Burda ölməyə nə var!

Ölüb sənin qapına burdan gəlməyə nə var,

ya çaxan ildırımla, ya da yağan yağışla!..

Ana, məni getdiyim yola-izə bağışla...

Mən özümdən keçirəm, düşmən gülləsi məndən!..

Elə utanıram ki, saçlarındakı dəndən,

Gözlərindəki nəmdən, qurban olum, ağlama!

Geriyə bir qarış da yoxdu yolum, ağlama!..