Həzi Həsənli yazır : - Xatirələr də insana bir həyandır...
“Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır?
Mən o zaman iftixarla belə deyərdim: - Müəllimlik!”
Həsənbəy Zərdabi
Vəli Əliyev 1941 - ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxraı kənd orta məktəbini 1959 – cu ildə bitirmişdir. Məktəbi bitirdikdən sonra iki il Faxralı kəndindəki “Qələbə” kolxozunda işləyib.
İki il əmək stajı qazandıqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olmuşdur. Birinci kursdan əsgəri xidmətə çağırılmış, Sovet Ordusu sıralarında üç illik hərbi xidmət keçmişdir.
Ordudan tərxis olunduqdan sonra universitetdə təhsilini davam etdirmiş və 1969-cu ildə universiteti “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir. Universiteti bitirdikdən sonra Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1975-ci ildən həmin məktəbin direktoru vəzifəsində çalışmış, 2005 – ci ildə Bakı şəhərində vəfat etmişdir.
Dəyərli müəllimlərin öz şagirdləri üzərində haqqı–sayı danılmazdır. Həm orta məktəbdə, həm də universitetdə oxuduğum illərdə şərəfli ada layiq müəllimlərim olub. Amma orta məktəb illərinin şirinliyini indi daha dərindən hiss edirəm. Bəlkə də bu, o illərə dönə bilməyin mümkünsüzlüyündən irəli gəlir?! O illərdən yarım əsrə yaxın bir vaxt keçib, amma acılı – şirinli xatirələr və sevimli müəllimlərimiz unudulmayıb. Üstündən yarım əsr keçsə də, zaman və insan yaddaşı hər şeyi yerbəyer edir. Uşaqlıq illərimdə müəllim məsləhətini və ata nəsihətini həmişə üzərimdə hiss etmişəm.
Faxralı orta məktəbində oxuduğum illərdə mənə dərs deyən müəllimlərimdən yaddaşımda ən çox iz buraxanlar Nəbi Gülməmmədov, Əli Səngərli, Güloza Ayvazova, Bahar Mikayılova, Yasin Xəlilov, İmdad Mikayılov, Vəli Əliyev, Arçil Nuriyev, Saraçlı Nəbi müəllim və başqalarıdır. Bu müəllimlərin məktəbin pedaqoji kollektivi arasında da, el – obada da yaxşı xətir – hörməti vardı. Şagirdlər də onları hədsiz dərəcədə sevirdilər. Çünki onlar heç vaxt pedaqoji etika və ədəb - ərkan dairəsindən kənara çıxmırdılar. Bu cür müəllim xarakteri şagirdlərin münbit qəlbinə daha doğma idi. Onlar həqiqi müəllim kimi şagirdlərə ali insani duyğular aşılayırdılar. Əlbəttə, dəyərli müəllimlərimizi xatırlamaq, onları gələcək nəsillərə tanıtmaq, haqqında xatirələr yazmaq, sevdirmək də bir vəfa borcudur, savabdır, xeyirxahlıqdır. Bunu mən özümə mənəvi borc hesab edirəm. Vaxtilə bizə həyatın yollarında ürəklə addımlamağı öyrədən müəllimlərimiz haqqında yazanda öz ürək sözlərimizi əsirgəməməliyik.
... İnsan bu dünyadan köçüb gedəndə özündən sonra qalan təmiz ad – san, bir də xoş xatirələrdir. Bu mənada xatirələr də insana bir həyandır. Vəli müəllim digər şagirdləri və doğmaları kimi mənim də xatirimdə yaxşı insan kimi qalıb.
Hələ orta məktəbin ibtidai siniflərində oxuduğum vaxtlardan şeirlər və məqalələr yazırdım. Rayonumuzda çıxan “Qələbə bayrağı” qəzetinin nəzdində “Qönçə” ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi. Mən də həmin dərnəyin üzvü idim. O zaman dərnəyin üzvləri sırasında yaşca mən hamıdan kiçik idim. Rayonumuzda, ilk dəfə imzası “Qələbə bayrağı” qəzetində görünən “Qönçə” ədəbiyyat dərnəyinin onlarca üzvləri vardı. Həmin dərnək üzvlərindən neçə - neçə parlaq imzalar sonradan tanınan, sevilən şairlər sırasında boy göstərdilər. “Qönçə” ədəbiyyat dərnəyi mənim də ilk qələm təcrübələrimin işıq üzünə çıxmasında bir vəsilə olub. Mənim ilk şeirlərim və məqalələrim “Qələbə bayrağı” qəzetində işıq üzünə çıxıb. Onu da qeyd etməliyəm ki, mənim imzam qəzet səhifələrində göründükcə xeyirxahlarımın da, bədxahlarımın da sayı çoxalırdı. Mən yaxşı bilirəm ki, bədxahlarımı mənim müəllimlərim Əli Səngərli və Vəli Əliyev çox ustalıqla susdururdular.
O zaman mənim ədəbiyyat müəllimim Əli Səngərli idi. Mən ondan dərs almışam, bədii yaradıcılıqla bağlı ondan çox şey öyrənmişəm. Əlbəttə, yaradıcılığımın dərsə elə də dəxli yox idi. Amma Əli müəllim dərsdənkənar vaxtlarda da mənim yazdıqlarımla və oxuduqlarımla maraqlanırdı, diqqətini əsirgəmirdi. Bu mənada onu özümün ustadım sanmışam.
Vəli müəllim isə bizə azərbaycan dili və ədəbiyyat fənnindən doqquzuncu sinifdən məktəbi bitirənəcən dərs deyib. Şagirdi kimi onun da qayğısını öz üzərimdə hiss etmişəm. Unudulmaz müəllim – şagird ülfətinin bəxtiyarlığına qovuşmuşam. O, mənim arzularım yolunda attığım addımlarıma uğurlar diləyər, ilk qələm təcrübələrim qəzet səhifələrinə çıxanda sevinər, duyğu - düşüncələrimə, fikirlərimə həyan olardı. İstedadlı və savadlı şagirdlərinə təmənnasız dəyər verərdi. Vəli müəllim qiymət xatirinə oxuyan, əzbərçiliklə üzgörənlik edən şagirdlərin biliklərini hərtərəfli yoxlamaq üçün suallar verərdi. Belələrinə deyərdi ki, bax, sən əsəri oxumamısan, sadəcə əzbərləmisən. Əzbərçi olmaq savadlı olmaq deyil, oxuduğunu dərindən dərk etməyə çalışmalısan... Vəli müəllim liberallıqdan uzaq idi. Ondan şagirdin layiq olmadığı qiyməti alması mümkünsüz idi. O, imtahanda da şagirdlərin biliklərinin obyektiv qiymətləndirilməsinə ciddi fikir verirdi. Bütün bu yüksək keyfiyyətlər, müsbət cəhətlər şagirdlər haqda böyük ümidlər doğururdu.
... Vəli müəllim səmimi insan idi. Vətəninə, torpağına bağlılığı, millətinə sevgisi təkcə sözündə - söhbətində deyil, əməlində də görünürdü. Dərsarası fasilə zamanı Vətən, torpaq, millət haqda şirin söhbət edərdi, şeirlər oxuyardı. O, şagirdlərinin sözü duymaq bacarığını, söz hissiyyatını xüsusilə dəyərləndirirdi. Eyni zamanda həyat və yaradıcılığını oxuyub öyrəndiyimiz şair və yazıçıların keçdiyi həyat yolundan böyük məhəbbətlə söhbət açırdı, örnəkləri dilə gətirirdi. Deyirdi ki, bu parlaq şəxsiyyətlərin, ədiblərin həyat və yaradıcılığı da bir nümunə məktəbidir. Vəli müəllim vətənini, xalqını odlu ürəklə sevən qaynar təbiətli insan idi.
Məktəbdə hamı Vəli müəllimin hörmətini saxlayar, ona xüsusi ehtiram bəsləyərdi. O. ədəbiyyat və bədii yaradıcılıq sahəsində istedadlı şagirdlərin üzə çıxmasında öz köməyini əsirgəmirdi. Dərslikdənkənar ədəbiyyatdan da çox istifadə edirdi. Belə anlarda o, şagirdlərlə könül – könülə, göz – gözə, üz – üzə dayanar, hər bir şagirdi xoş bir ünsiyyətlə, təbəssümlə dilləndirərdi. Bununla yanaşı, bəzi şagirdlərin naqolay suallarını cavablandırarkən söhbətinə şirin bir yumor qatar, zərif zarafatlar edər, suala da kəskin bir ironiya ilə, dadlı təbəssümlə cavab verərdi. Vəli müəllimin sirayətedici gülüşü və təbəssümü vardı. Həyata işıqlı nəzərləri baxışından hiss olunurdu. Sanki könlündən həmişə yaxşılıq və xeyirxahlıq duyğusu keçirdi.
Tanıdığımız hər bir dəyərli insanın ölümü ağır itkidir. Vəli müəllimin rəhmətə getdiyini çox sonralar bildim. Vaxtilə bizə dərs deyən, bizimlə birlikdə deyib-gülən bir insanın yoxluğu adamı kədərləndirir, yoxluğuna təəssüflənirsən...
Mən orta məktəbi əla qiymətlərlə bitirdim. Vəli müəllimin attestatıma baxıb səmimi qəlbdən mənə uğur dilədiyi gün heç yadımdan çıxmır. Mən universitetin jurnalistika fakültəsinə qəbul olmaq arzusu ilə yaşayırdım. O illərdə Azərbaycanda yeganə universitet Azərbaycan Dövlət Universiteti idi. Jurnalistika fakültəsi də yalnız həmin universitetdə fəaliyyət göstərirdi. O zaman jurnalistika fakültəsinə qəbul olmaq çox çətin idi. Abituriyentlərdən xüsusi istedad, mətbuatda dərc olunmuş məqalələr və iş stajı tələb olunurdu. Vəli müəllim bunun nə qədər çətin bir yol olduğunu həmişə mənə xatırladırdı.
Sonralar Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə müvəffəqiyyətlə qəbul olduğuma da çox sevinmişdi. Demişdi ki, sən jurnalistika fakültəsinə qəbul olmaq üçün çox çətinliklərdən keçib gəldin. Şükür, əziyyətin hədər getmədi, arzuna çatdın. Təbrik edirəm, uğurların bol olsun deyib, əllərimi sıxdı. O zaman Vəli müəllimin sözləri məni daha da ruhlandırdı, mənə qol – qanad verdi...
Həmin görüşümüzdən sonra mən Vəli müəllimi bir daha görmədim. Amma unudulmaz məktəb illərində Vəli müəllimin dərsdəki sözü – söhbəti, davranışları yaxşı xatirimdədir.
Yaddaşımın dərin qatlarında mürgü vuran bir xatirənin də ayrı – ayrı epizodlarını unutmamışam. Bizim məktəbdə oxuduğumuz illərdə şagirdləri kolxozda tütün yığımına aparırdılar. Vəli müəllim tütün plantasiyasının arasında özünün “VEF” radiosu ilə Türkiyənin radio dalğalarında türküləri sevə - sevə dinləyir, bu türküləri şagirdlərinə də sevdirərdi.
Vəli müəllimin şeir yaradıcılığı haqda heç xəbərim olmayıb. Haradasa şeirlərinin dərc olunmasından da xəbərsizəm. Çünki imzasına mətbuat səhifələrində rast gəlməmişəm. Amma Lalə xanım Vəli müəllimin şeirlərindən bəzi nümunələri göndərəndə bildim ki, şeir də yazırmış. Vəli müəllimin şeirlərini oxuduqca qəribə hisslər keçirdim. Bir tərəfdən bu şeirlərə hopmuş duyğular, bir tərəfdən də Vəli müəllimin bu gün həyatda olmaması məni kövrəltdi. Həmin şeirləri oxuduqca Vəli müəllimin obrazı gözlərim önündə canlandı. O, şairlərin şeirlərini özünəməxsus tərzdə ifa edirdi. Vəli müəllimin obrazı deyərkən “Yeddi oğul istərəm” filmindəki Mirpaşa obrazı gözlərim önünə gəlir həmişə. Mirpaşa obrazı ilə Vəli müəllimin obrazı arasında bir oxşarlıq görürəm...
O da yaxşı yadımdadır ki, Əli müəllim (Əli Səngərli) məktəbimizdə Səməd Vurğunun “Vaqif” dramını səhnələşdirərkən Vəli müəllimə də rol vermişdi. Vəli müəllim doğrudan da həmin rolu yaddaqalan tərzdə ifa etmişdi. Bu istedadı da Vəli müəllimə Faxralı kənd orta məktəbinin pedaqoji kollektivi və şagirdləri arasında hörmət qazandırmışdı.
Vəli müəllimin şeirləri öz yaşantıları, taleyi ilə bağlı olan şeirlərdir. Əsasən gənclik illərində yazdığı bu şeirlərdə incə lirizm, dəqiq müşahidə və Vəli müəllimin öz təbiəti ilə qırılmaz bağlılıq var. O, şeirlərində ürəyinin sevgisini, hərarətini oxucularla belə bölüşür:
Ah, şirin yuxular, şirin duyğular,
Sizlərə necə də heyifim gəlir...
Vəli müəllimin şirin duyğulardan mayalanmış misraları şair könlündən keçib sevda yoluna çevrilmişdir:
Sən de, haradadır o keçən günlər?
Oxuyardın mənə “Kəsmə şikəstə”.
Gənclik məhəbbətim alovlanardı,
Əllərim boynunda, qulağım səsdə...
Bu şeir Vəli müəllimin daxili aləmini olduğu kimi ifadə edir; işıqlı, nurlu... Onun şeirləri haqqında geniş təhlilə varmağa ehtiyac duymadım. İnanıram ki, şeirsevərlər Vəli müəllimin kitabında yetərincə yaxşı şeirlər tapıb oxuya biləcəklər...