Gülnar Ümid. : - Günləri nuş etdim bu yaşa qədər

Ədəbiyyat 13:15 / 25.09.2022 Baxış sayı: 1484

Günləri nuş etdim bu yaşa qədər,

Acını da,yedim şirinə xatir.

Gözlərim tox baxdı əlimə,amma

yoxsul əllərimi əsdirdi tir-tir.

 

Bu uzaq yolların saçları uzun,

Darayır gözüylə dayanacaqlar.

Bəlkə də, kar olan sabahlarıma,

Ağlayır sözüylə dayanacaqlar.

 

Sənlə yaşadığım "ötən"di indi,

Mənlə yaşananlar bu gündür hələ,

Bir şəkil ömründə xatırladığım,

"Biz" adlı unutqan ömürdür elə.

 

Hər gecə yuxuya apardı məni,

Hər səhər üzümü yudu,xatirə.

Gələn günlərimlə üzümü sildi,

Gedən günlərimi asdı,xatirə.