Gülnar Ümid : -  Darıxır,yenə darıxır....

Ədəbiyyat 08:48 / 26.09.2022 Baxış sayı: 1500

 

Başın heç çiynimdə darıxmamışdı,

İndi köynəyimdə ilişib qalan

bircə o telindi baxır üzümə, lal-dinməz darıxır,

yenə darıxır...

 

Qucağım qoxunu gizlədir səndən,

gündüzlər geyinir,gecə soyunur.

"Sən"imdə gizlicə pıçıldadığın

qulağım darıxır,

yenə darıxır....

 

Ovcuna sıxdığım yanaqlarımı,

baxışın şəkildən güldürür indi.

Gözümü çağırır görüş yerinə

Xəyalım darıxır,

yenə darıxır...

 

Səni də, məni də, ötürən qapı

Bizim arxamızca göz atır hər gün.

Hər gələn qapının şıkkıltısına

Addımlar darıxır,

yenə darıxır...