GƏNCLƏR, BİR  AZ AĞILLI OLUN

Gündəm 22:28 / 26.09.2022 Baxış sayı: 972

Sosial şəbəkədə  önümə bir video  çıxdı.  Videonu «Demokratiya 1918» adlı  hərəkat  paylaşıb. Gənclərdilər, müharibə istəməyən gənclər. Bu gənclərin də rəhbəri Əhməd Məmmədli polis tərəfindən  saxlanıb.

Onların yaşıdları bu torpağın, bu Vətənin  yolunda könüllü  müharibəyə gedib və şəhid olublar. Onlar da  müharibə istəmirdilər, onlar da şəhid  olmaq istəmirdilər. Bu dünyada kim müharibə  istəyir ki? Təbii ki, söhbət insanlardan  gedir, müharibə  istəyən  dövlət başçılarından yox.

Onlar  yaşında olan gənclər müqəddəs bir amal yolunda, əqidə  yolunda, ana-bacılarının, hələ doğulmamış körpələrinin  yolunda canlarını  fəda etdilər.

İndi  müharibə istəməyən bu gənclərə  bircə sualım var:  əgər kimsə onların  evinə basqın eləsə, ata-analarını  öldürsə, evdəki xanımlarına,  bacılarına  işgəncə versə neyləyəcəklər, durub  baxacaqlar?  Yəni bu  şərəfsizliyi  boyunlarına  götürəcəklər?

İnanmıram. Nəinki ana-bacılarına  sataşsalar, hətta bekarçılıqdan gəzdikləri   qızlara  kənardan biri  kəm baxarsa  onu bıçaqlayarlar.

Belə videoları  paylaşmaqla düşmən dəyirmanına   su tökürlər. Xarici  mətbuatın  əlinə tutalqa verirlər ki, görürsünüz  azərbaycanlı  gənclər  müharibə  istəmir.

Müqəddəs Kitabımızda  belə bir ayə var: «Savaş! Sənə qarşı savaşanlarla savaş».

İndi biz heç kəslə müharibə  etmirik, savaşmırıq, bizə qarşı savaşanlarla savaşırıq.( adalet.az)