Firuz MUSTAFA - B Ə Z Ə N və B Ə Z İ L Ə R İ

YAZARLAR 21:00 / 12.10.2025 Baxış sayı: 1723

 

* Bəzən həqiqət, ürəkdən diləcən olan qısa bir məsafəni illərlə qət edə bilmir.

* Bəzən həyasızlıq şöhrətin sinoniminə çevrilir.

* Bəzən rüşvəti sən vеrmirsən, səndən zоrlа qоpаrırlаr.

* Bəzən libеrаllıq da cəsаrət əlаməti sаyılır.

* Bəzən dərd adama ən yaxın qohum və etibarlı dostdan da əziz olur.

* Bəzən bir adamın ürəyini fəth edə bilməyənlər dünyanı fəth edirlər. Belə çıxır ki, dünya daha sadədir.

* Bəzən həyat yox, ölüm- insan ömrünün məhək daşına çevrilir. Sağ ikən arxa plana çəkilən cinayətlər var ki, yalnız ölümdən sonra bəlli olur.

* Bəzən həyatda məna axtarmağın özü bir mənasızlığa çevrilir.

* Bəzən əbədiyyətin ömrü bircə an çəkir. Baxır kim üçün.

* Bəzən həqiqəti yalan kimi, bəzənsə, əksinə, yalanı həqiqət kimi “sübut” etməyə ehtiyac yaranır. Nədənsə insanların bir çoxu yalanı yalan, doğrunusa doğru kimi qəbul etmək istəyindən çox uzaqdır.

* Bəzən başqalarından təcrid olunmaq üçün öz daxilimizdə ucaltdığımız görünməz divarlar qonşunu görməmək üçün evlərimizin arasında hörülmüş beton divarlardan daha uca olur.

* Bəzən qalibləri daha çox mühakimə edirlər.

* Bəzən soyuq, cansız bir təbəssümün qiyməti milyonlara bərabər olur. İnanmırsız? Məsələn, Cokondonun təbəssümü.

* Bəzən nöqsanları təkcə tənqid etməklə yox, tərifləməklə aradan qaldırmaq istəyirlər.

* Bəzən ağıl və ürək istiqaməti itirəndə, instinktlər daha düzgün yol göstərir.

* Bəzən kişilərin həyat adlı bu qaynar qazanda qovrularaq onillər boyu həll edə bilmədikləri mürəkkəb problemləri qadınlar mətbəx qazanında bir anlığa həll edirlər.

* Bəzən ən sadə mətləbləri çox mürəkkəb şəkildə, bəzənsə əksinə, çox mürəkkəb məsələləri bəsit qaydada təqdim edirlər. Bunların hansı daha məqbul hesab edilə bilər?

* Bəzən deyirlər ki, adamları dostluq yox, ümumi maraq birləşdirir. Sizə elə gəlmirmi ki, bu mücərrəd “ümumi maraq”dansa bir konkret “ümumi araq” daha önəmlidir.

* Bəzən həyatı eybəcər olanın ölümü gözəl olur.

* Bəzən tənqidlə bərаbər tənqidçini də bоğmаq istəyirlər.

* Bəzən ölməz tarixi qəhrəmanları tarixdən yazan yazıçılar öldürür.

* Bəzən görünməyən şеylərin təmiz sахlаnılmаsı görünən nəsnələrin pаk sахlаnılmаsındаn dаhа çətindir. Məsələn: götürək vicdаnı; оnun təmizliyi bаrədə çох аz аdаm düşünür. Amma, məsələn, hamı öz ağ köynəyinin boyunluğunun təmiz olmasına xüsusi diqqət yetirir.

* Bəzən sadəliklə yaltaqlığın sədlərini qarışdırırlar. Halbuki arada mühüm bir fərq var. Sadəlik odur ki, hər hansı vəzifəli bir adam həm öz tabeçiliyində olan kəslərlə, həm də tabe olduğu vəzifəli adamlarla eyni “ladda”, yəni yaxın bir həmkar kimi danışır və rəftar edir. Yaltaq adam isə odur ki, tabe olduğu adamların qarşısında quyruq bulayır, amma öz tabeçiliyində olan adamların qəniminə, tiranına, despotuna çevrilir. Bax, bu iki fenomen arasında əsas fərq əsasən budur.

* Bəzən üzünü belə görmədiyim hansısa bir adama görə özümü günahkar sayıram. Özümü günahkar hesab edirəm ona görə ki, köməyə ehtiyacı olan adama əl tuta bilmirəm. Hətta, dünyanın bütün günhlarının və günahkarlarının əvəzinə özümü suçlu bildiyim anlar da olur. Bilmirəm bu mənim gücümdür, ya gücsüzlüyüm?

* Bəzən dеyirlər ki, cəmiyyəti cаnаvаr və cəngəllik qаnunlаrı ilə idаrə еdirlər. Аmmа bunа inаnmаq оlmur; ахı, həmnəsillər hеç vахt bir-birini didib-pаrçаlаmır. Bu cür хislət deyəsən təkcə insаnlаrа хаsdır.

* Bəzən belə də olur: kişi qadınlığa layıq keyfiyyətləri öz qadının yox- yad bir qadının, qadınsa kişiliyə layıq keyfiyyətləri öz kişisinin yox- yad bir kişinin simasında axtarır. Sözün qısası, müəyyən natamamlıq kompleksi ilə yaşayan adamlar “bütövlüyü” yaxındakılarının yox, “uzaqdakıların” simasında gəzir.

* Bəzən belə də olur: insanın heç bir yeri ağrımır, amma o, özü bilir ki, ağır xəstədir. Bu duyğunu həkimlər bilməz.

* Bəziləri ətrafda baş verənləri görmür. Bəziləri sadəcə görmək istəmir. Bəziləri isə görür və özünü görməzliyə vurur. Bu adamlardan hansına “kor” demək olar?

* Bəzi üzləri işıq, bəzi sifətləri isə zülmət işğal edib. Bunu bimək üçün adamın özünü görməyə, daxilinə bələd olmağa o qədər də ehtiyac yoxdur. Elə təkcə onların yazdıqlarını oxumaq, danışdıqlarını dinləmək kifayətdir.

* Bəzi istisnalar nəzərə alınmazsa, ən çox başqasından asılılıq adamı ikiüzlü və yaltaq olmağa məcbur edir. Daxilən azad adam yaltaq ola bilməz.

* Bəzi ahılların düşük və yüngül hərəkətlərini görəndə az qala axirətin kandarında olan bütün qocalardan zəhləm gedir. Yaş və quru odun məsəli belə yerdə yada düşür.

* Bəzi tənqidçilər sanki psevdoseleksiya elmi ilə məşğuldur. Ortada olan zay məhsulların toxumunu örnək kimi artırıb ədəbiyyatın cövhərini korlamaqla məşğuldurlar.

* Bəzi dоstlаr sеvincə də şəriк оlа bilmirlər.

* Bəziləri oxumağı öyrənməmiş, “yazmağa” başlayırlar.

F.M.

"Buz üstə yazılmış sətirlər" kitabından