Əşrəf  Veysəlli : - BİR ÜMMANDIR ÜZEYİR

Ədəbiyyat 09:43 / 22.09.2022 Baxış sayı: 1855

 

O- sadə bir vətəndaş ,adicə bir müəllim,

İnsanlığa dərs olan bir insandır Üzeyir.

Dalğın baxışlarında qranit bir təbəssüm,

Məsum uşaqlar kimi mehribandır Üzeyir.

 

Elə ki yamaclarda lalə,qərənfil açar,

Nəğməsiylə yurdumun körpələri dil açar.

İlin hər bir fəslində arzuları gül açan,

Xəzan nədir bilməyən gülüstandır Üzeyir.

 

Həytını,ömrünü öz həyatı bildiyi,

Tükənməz ilhamının qol- qanadı bildiyi,

Doğma ciyərparası,öz övladı bildiyi

Əsərlərindən bəlkə nigərandır Üzeyir?

 

Əzizləyib sevdiyi toröağında,daşında

Ellər onu yaşadar ürəyinin başında.

Qədirbilən xalqının zehnində,yaddaşında

Oxunduqca oxunan bir dastandır Qzeyir.

 

Sinəsini dağladı Leylinin göz yaşları,

Məcnunun naləsiylə zəmanəni daşladı.

Koroğlunu yaşatdı yanında yoldaşları,

Gah həzin bir bayatı,gah üsyandır Üzeyir.

 

Səsin- sözün üstündə gecə- gündüz odlanan,

Məsləkinin uğrunda hər əzaba qatlanan,

Sənətin " Qırat" ına Kproğlu tək atlanan,

Zirvələri fəth edən qəhrəmandır Üzeyir.

 

O- coşqun bir şəlalə, o- sehrli bir bulaq,

Çirpınır köksü altda Şəki,Şirvan,Qarabağ,..

Onun nəğmələrni ötür hər dil,hər dodaq.

AZƏRBAYCAN deyilən bir cahandır Üzeyir.

 

Baxışlara nur saçan,könülləri güldürən,

Sənətin qüdrətiylə ölümləri öldürən.

Xalqının kimliyini bütün ərzə bildirən,

Gələcək nəsillərə ərməğandır Üzeyir.

 

Qasırğalar içində qəvvas kimi qol açan,

Keçilməyən sədlərdən,sərhədlərdən yol açan,

Məhəbbətdir,sevgidir təpədən dırnağacan.

Təlatümdür,duyğudur,həyəcandır Üzeyir.

 

Nə qədər ki dünən var,bu gün var,gələcək var

Nə qədər ki qəlblərdə arzu,muraz,istək var.

Nə qədər ki dünyanı görən,duyan ürək var,

Ürəklərdə çağlayan bir ümmandır ÜZEYİR!