Elnur Uğur Abdiyev : - Mən bir insan şəkliyəm,

Ədəbiyyat 21:26 / 24.11.2022 Baxış sayı: 1550

Mən bir insan şəkliyəm,

Bir az solğun düşmüşəm.

Tale vaxtsız qocaldıb,

Üzü yorğun düşmüşəm.

 

Fotoqrafım həyat da,

Səs etməyib çəkəndə.

Saxtalaşa bilərdim,

Onda çoxutək mən də.

 

Bir az gülə bilərdim,

Bir azca şax durardım.

Onda çoxu istəyən,

Həmin adam olardım.

 

Üz cizgimdə oynardı,

Qəmim şən- şən yalandan.

Sən də xəbər tutmazdın,

Burada hər olandan.

 

Mən bir insan şəkliyəm,

Şəkiləm adam kimi.

Heyif, şəklimi çəkən,

Çəkməyib adam kimi.