Elnur Uğur Abdiyev - Hər gün bir yarpaq açıram
Hər gün bir yarpaq açıram
Yerin üstünə kölgə salım deyə.
Hər gün Allaha ağız açıram,
Insanlıq yaşasın,
İnsan ölsə də, içindəki insanı diri tuta bilsin.
Hər gün özümə deyirəm,
Unutmağı bacarsın pislikləri.
Bilirəm, bilmədiklərimi
Gələcək öyrənəcək.
Mən mənə düşəni edə bilsəm,
Bir yarpaq boyu
Yaşıllaşdıra bilsəm bu payız fəslini,
Ümidlər gülər,
Arzular qaranlığı silər
Sevinci hicran dağına dağ çəkdirər.
Hər gün bir yarpaq açıram,
Küləklər əsəndə utanmasın,
Hər Günəş çıxanda unutmasın
Yaşıllıqlar göyərdir göyün üzünü deyə.
Hər gün yerdən göyə
Bir ağız şeir söyləyirəm,
Tanrım, sən məndəsən,
Mən özümü borcluyam bu mənliyə.