Əbülfət MƏDƏTOĞLU : - Yağışlı havanın özəlliyi və gözəlliyi

YAZARLAR 08:42 / 04.10.2022 Baxış sayı: 571

Tofiq Nurəli ilə yağışdan danışdıq...

 

İnsan təbiətin bir parçasıdı. Özü də ən həssas, ən qaynar və ən qəddar parçasıdır. Çünki o, təbiətdən həm   yararlanır, həm də təbiəti məhv edir. Təbii ki, «insan» anlayışının özü də çox böyük məna daşıyıcısıdır və deməli, böyük olduğu qədər də rəngarəngdi., Fərqli və bəzən də bir-birini inkar edən çalarlarla meydanda olur, özünü büruzə verir. Bax, bütün bunların ayrı-ayrı, həm də birlikdə ifadə etdikləri təbiətdə özünü təsdiqləyir.  Belə ki, dəyər verənlər, qoruyanlar təbiətin müdafiəçisi, həm də onun bəxş etdiyi gözəlliklərdən zövq alanlardı. İkinci qism isə yenə təbətdən yararlanıb onu öz məqsədi üçün istifadə edənlərdi. Onlar üçüncüdən nisbətən insaflıdılar. Çünki üçüncü qrup yalnız təbiətdən varlanmaq və bu yolda hər şeyi məhv etməyə hazır olanlardı...

Bəli, bu üç qrupun içərisində birincilər həmişə təbiətin qoruyucusu, onun özəlliklərini yaşadanlar olduqları üçün çiyinlərində də digər iki qrupun yükünü  çəkirlər.. Ona görə ki, həmin digər   iki qrupa qarşı mübarizə aparmaq, onları maarifləndirmək o qədər də asan iş deyil. Belə məqamda canlı nümunə ilə yanaşı, bədii sözün də gücü işə yarayır. Deməli, bu yerdə şair, yazıçı, ümumiyyətlə qələm adamının, fırça ustasının peşəkarlığı, səmimiyyəti, həm də qələminin gücü cəmiyyətə, oxucuya və əvvəldə söylədiyim digər iki qrupa az-çox öz təsirini göstərib. Bu bir damla özü-özlüyündə böyük güc olmasa da, amma söz adamının bacarığının, istedadının ifadəsi kimi önəmlidir.

«Bir şairin bir şeiri» layihəmdə həmsöhbət olduğum şair Tofiq Nurəli kifayət qədər oxucusu olan, həm də necə deyərlər, həyatın " dibində" olmaqla gerçəkliyi yaşayan, ifadə edən qələm adamlarımızdan biridir. Onun bütün yaradıcılığının əsas xətti həyat reallığı, bir də özünün canından, qanından keçirtdiyi duyğuların ifadəsidi. O duyğular ki, şeirə çevriləndə oxucunun könlünə rahatca yol tapır. Bu mənada şairin «Yağışlar» şeiri mənim könlümü oxşayan, ruhumun sarı siminə toxunan özəl   bir  nəğmədir.   Onun da müəllifi təbii ki,  Tofiq Nurəlidi. Tofiq yazır ki:

 

Dağımdan-daşımdan gəlir elə bil,

Ömrün o başından gəlir elə bil –

On səkkiz yaşımdan gəlir elə bil

Gecə pəncərəmi döyən yağışlar...

 

Bəli, bu misraları diqqətlə oxuyanda göz önündə yaşadığın məkan, sənə aid ömür payı, xatirələr və təbii ki, bir də təkliyin içərisindəki pıçıltı ilə deyilənləri dinləmək anını  yaşayırsan. Həmin an , bir oxucu olaraq mən də,  Tofiq Nurəliyə qoşulub hardan hara gəldiyimi, dağını, daşını, təbii ki, 18 yaşını düşündüm. O düşüncələr də paralel olaraq mənə öz duyğularımı şeirləşdirmək meydanını verdi. Bu meydanda səsinə səs verdiyim qələm dostumun duyğuları öz kövrəkliyi, öz həzinliyi ilə məni də həm notlara köklədi. Və mən:

 

İlmə qaçıbdı, ilmə

Qarışıbdı naxışlar.

Gurşad kimi üstümə

Ələnibdi yağışlar.

 

Hə, biz ayrı-ayrılıqda yağışın ovqatını yaşayıb, onu ruhumuzdan keçirməyə, eləcə də  onu   ruhumuza köçürməyə çalışırıq. Bu bir daxili tələbatdı. Çünki o tələbat dünənki, ötən illərdəki, xatirələrdəki günlərə üz tutub gedir. Daha doğrusu, ordan üzü bəri gəlir. Yol boyu da vərəqlər çevrilir, hər səhifənin öz sözü, öz pıçıltısı, öz səsi, öz nəfəsi qarsıyır bizi. İçərisində olduğumuz bu duyğusal anlar bizim üçün itirdiklərimizin acısı, dəyər vermədiklərimizin yanğısı, qoruyub saxlaya bilmədiklərimizin fəryadı, qovuşa bilmədiklərimizin həsrətidir. Məhz bütün bunlar da Tofiq Nurəli şeirində mənim iç dünyamın cizgilərini işıqlandırır. Onları bu misraların dinləyicisinə çevirir:

 

Qayğısız günlərin ədası kimi,

Bir cüt qara gözün xatası kimi,

Gəlir ilk sevginin sədası kimi

Gecə pəncərəmi döyən yağışlar...

 

İndi həmin o pəncərəni döyən o yağışın özünün yozumunu sözə çevirmək istəyi gəlib keçir qəlbimdən. Çünki o yozum bir sevginin həm varlığını, həm bütövlüyünü, həm saflığını, həm də xatirəyə çevrilib yaddaşın və ürəyin bir küncündə həyatın, ömrün ən gözəl nişanəsi kimi qaldığını  açıqlayır. Yəni  misraları yozanda bütün bu dediklərim xatırlanır. Deməli, bu şeirin, daha doğrusu, pəncərəni döyən yağışın bir adı da xatirədir. Ümumiyyətlə isə, ömrün, həyatımızın, elə hər birimizin ayrı-ayrılıqda xatirə bağçamızın çiçəklərinin, güllərinin rəngarəngliyi də, ətri, qoxusu da, pəncərəmizi döyən yağışın sinonimidir. Biz o səsin, o bir-birini tamamlayan və paralel olan səslərin dinləyicisi kimi susmuruq, əksinə:

 

Çözmək çətinləşibdi

Qarışmış naxışları.

Hopdururam ruhuma –

Bu isti yağışları...

 

Beləcə, ruhumuza hopan, həm də yanaqlarımızı isidən o isti yağışın nə demək olduğunu bir Allahın, bir də sənin eşidəcəyin səslə deyirik, etiraf edirik. Barmaqlarımızın ucu ilə kipriklərimizdən qopmağa hazırlaşan damlanı silib, bir ah çəkirik. O ah yerlə-göyün arasında hansı sürətlə hərəkət edir etsin, məhz ahın qaynaqlandığı gerçəklik elə olduğu kimi də qalır, heç nə dəyişmir. Dəyişən ürəyimizin bir telinin də qırılması, ağrımızın bir az da artması, həsrətimizin bir az da uzanmasıdır. Bunu hər kəs də bilməsə, sevənlər və bir də duyğuların boynumda yaşadıqlarını sözə çevirənlər yaxşı bilirlər. Elə həmin dediyim şəxslərdən biri də Tofiq Nurəlidi. O da öz iç dünyasını, öz yaşantılarını bir az pərdəli şəkildə dünəndə qalan həsrətini pəncərəni döyən yağışın dilindən hamıya çatdırır:

 

Təntimir ürəyim, titrəmir səsim,

Sönüb gözlərinə baxmaq həvəsim,

...Ancaq, unutmağa qoymur, əzizim,

Gecə pəncərəmi döyən yağışlar...

 

Gördünüzmü, ruh dostum Tofiq Nurəli özəl duyğularını yağışın boynuna necə biçdi. Onun dili ilə nələrə, haralara, kimlərə işarə vurdu, ismarıc göndərdi... Sizi deyə bilmərəm, mən bu şeirin yaratdığı ovqatda özümü məhz şairin dayandığı nöqtədə hiss etdim. Özümün həmin günlərimə, həmin anlarıma qayıtdım. Bunu da etiraf etməliyəm ki, üç bəndlik şeirin özəl dünyası birmənalı şəkildə məni qolların arasına almışdı. Mən o qolların arasında öz dünyamın bir rahat anını yaşadım. Həmin anı Sənin və Allahımın bildiyi kimi, dünənimdən  bugünümə xəyalən, ruhən gətirə bildim. Yol boyu da hər şey  yeniləndir

, təkrarlandı və yenidən yaşandı. Özümü bu cür ovutmağa, bu cür yola verməyə çalışsam da, amma alınmır. Çünki «bəlkələr» reallığa çevrilmək üçün ömürdən ömür alsa da, bir əlini, bir ayağını yenə sürüyür. Ona görə də:

 

Bəlkə də naxışlıqdı

İlmələrin qaçması.

Ruhuma təsəllidi

Bu yağışın açması.

                                    

Bəli, yağışla həmsöhbət olub, yağışla özümüzü, ruhumuzu həm yuyub, həm də onun səsində dünənimizin səsini eşitmək istəyimiz bu şeirləri dünyaya gətirdi. Necə alındı, necə qarşılanacaq, onu siz daha yaxşı bilərsiniz. Mənim bildiyimsə yağışlı havada, bir çətirin altında bir ömür yol getmək, gözəlliyini, özəlliyini yaşamaqdı   bu... Təki qismət ola!!!