Əbülfət MƏDƏTOĞLU  : - Paralel duyğuların oxucuları

YAZARLAR 08:18 / 29.09.2022 Baxış sayı: 1275

Sizlərə təşəkkür edirəm

 

Ədəbi mühitdə elə insanlar, elə söz adamlar var ki və həm də olub ki, onlar barəsində sözün keçmiş zamanında danışmaq və yaxud da adları  gələndə xoş bir xatirələrini yaddaşda təzələməmək, yada salmamaq mümkün deyil. Belə imza sahiblərindən biri də Sovet dönəmində öz imzası, öz yaradıcılığı, dəsti-xətti və yeni sözə gələn gənclər arasında öndə olan, sayılan, seçilən bir şair vardı. Bu gün də var. Sadəcə cismi bizi tərk edib. Bu, şairin adı da, özü də, sözü də bizim nəsil üçün onda da, indi də doğma olub. Yəqin söhbətin kimdən getdiyini artıq hiss etmisiniz. Hiss etməyənlərə isə xatırladım. Söhbət Vaqif İbrahimdən gedir. Yaşadığımız dünyanı erkən yaşlarında tərk edən Vaqif İbrahim bir istedad kimi, bir insan kimi, bir şair kimi öz cismani gedişi ilə hamımızı üzdü, hamımızı kədərləndirdi və biz bu gün də onu doğma bir insan kimi, dost kimi, qələm yoldaşı kimi və bir də təbii ki, ŞAİR kimi xatırlayırıq...

Layihəmin bu dəfəki həmsöhbəti Vaqif İbrahimdir. Mən onun yaradıcılığına münasibət bildirmək, şərh vermək fikrindən uzaq dayanıb, yalnız «Vaxtla üz-üzə» kitabından gözü yumulu açıb ilk oxuduğum şeiri ilə həmsöhbət olacam. Elə belə də edirəm. Açıram «Vaxtla üz-üzə»ni. Oxuyuram şeirin adını. Çox qəribə. Elə bil ki, ruhum onun ruhu ilə bir qiyabi körpü qurmuşdu. Bir vaxtlar oxuduğum və bəyəndiyim «İlahi, nə qədər gözəl olmuşam»-la qarşılaşıram. Elə buradaca xatırladım ki, şeirin mövzusu da, onun şair ilhamının gücü  ilə çəkilmiş mənzərəsi də hələ ilk oxuduğum 70-ci illərdən yadımda qalmışdı. Təkrar oxumaq yaddaşı da təzələdi, xatirələri də və mənim içimdə mürgüləyən həzin duyğularımı da. O duyğular ki, bir an da olsun məni tərk etmir. Bax, məni tərk etməyən duyğuların ilk pıçıltısı Vaqif İbrahimdən gəlir:

 

Mənim misralarım min-min əlimdir,

Onları qəlbimdə sənsən bitirən.

Ardınca boylanan min-min əllə mən,

Səni səsləyirəm, de, eşidirsən?!

 

Həqiqətən, ilahi güc olan sevgi düşdüyü yeri, düşdüyü ünvanı həm şərəfləndirib, ucaldıb, əlçatmaz, ünyetməz edir, həm yandırır, külə döndərir, həm də çınqını, qoru tonqal edir. Deməli, bütün güclülərdən güclü olan sevgi bircə ehtiyac duyur. O da səmimiyyət və onu yaşamağa hazır olmaq!: Əgər sən sevgiyə qol açmısansa və ona qarşı səmimisənsə, artıq sənə zaval yoxdu. Sevgi səninlə yaşayacaq, səni də yaşadacaqdı. Odur ki, Vaqif İbrahimin  səslədiyi sevgi ötüb gedə bilməz. Mütləq dayanıb o səsə səs verməlidir. Elə bu cür edilir. O sevgi Vaqifə səs verir. Mən də həmin səsin işığında öz sevgimin qapısını döyürəm, öz duyğularımın səsini eşidirəm:

 

bu da bir gün, bir səhər

pəncərəmdə bulud var...

məni sevməyən şəhər –

yağa bilmir buludlar.

 

Yəqin bir anlıq düşündünüz. Bu səhəri də, bu günü də, bu səhər göy üzünü tutan buludu da və onun yağa bilməməsi səbəbini də. Və mənimlə razılaşdınız. O buludlar ona görə yağmır ki, sənsiz olan bu şəhər məni sevmir. Məni sevməyən şəhərin bir sakini olmaq zorən yaşamaqdı. Xatirələr üçün. Xatirələrdən boylanan sənin üçün. Əks halda öz-özünə təsəlli vermək üçün sözdən başqa heç nə tapmaq mümkün deyil. Doğrudu, söz də ilahi vergidi, ilahi paydı və o da hər adama verilmir. Elə görünür buna görə də Vaqif İbrahim deyir ki:

 

Hər şeirim tanıdar səni aləmə,

Mənim hər misramda, sözümdə varsan.

Bəlkə biganəsən şeirlərimə,

Əlinə, düşdümü, cırıb atırsan?

 

Düşünməyin ki, Vaqif burda bir az əsəbi olub, bir az üsyankarlıq edib, bir az gileylənib. Yox, sadəcə olaraq o bir sevgi mənzərəsi yaradıb. Onun şeirlərini hamıdan xəlvət oxuyub,.. hamının yanında isə guya cırıb atan bir mələyin obrazını sərgiləyib. Siz, elə mən də o qədər belə mənzərələr görmüşük. Elə deyil?! Bilmirəm, sualıma cavab verdiniz yoxsa yox, amma mən həm göz, həm də könül şahidi kimi izləmişəm, görmüşəm bu məqamları. O məqamların birində mənim də şeirimi cırıb atan qız üç gün sonra, yəni əsəbi ötüb gedəndən sonra o şeiri təkrar oxumaq istədiyini deyib... Bax, sözün də, şairin də gücü burdadı, istedadı  burda ortaya çıxır. Onu da «İlahi, nə qədər gözəl olmuşam!» -da Vaqif İbrahim möhürləyib, təsdiqləyib. Mən də qarışıq fikirlərin içərisində onun yaratdığı ovqatı sözə çevirmişəm:

 

qarışıq fikirlərin

gecəsində qalmışam.

neçəsindən yan keçib –

neçəsində qalmışam...

 

Özümü heç cür rahat tuta bilmirəm. Çünki bu qarışıq fikirlərimin yaranma səbəbləri cəmi bir-ikidi. Onun biri, lap elə ən birincisi Sən, ikincisi və bəlkə də birincisi yenə də Sənsən. Ona görə də mən az qala gözüyumulu şəkildə o fikirləri bu cür ifadə edirəm. Yəni, Vaqif İbrahimin sözünə söykənib dilə gətirirəm. Ona görə bu fikirlərə söykənirəm ki, Vaqif İbrahim də hardasa mənimlə eyni havanı sarı simdə kökləyibdi. Bax, bu cür:

 

Neyləyim? Vaxt gələr balıqçı kimi

Qocalıq səni də toruna salar.

O zaman ünyetməz gözəlliyindən

Sənə bu şeirlər yadigar qalar.

 

Gördünüzmü, biz söz adamları necə də bir sıraya dayanmaq, bir havanı dinləmək, bir ağrını çəkmək gücündəyik. Zarafat etmirəm, gerçəkdə bu məqamı ancaq ruh adamları yaşaya bilirlər. Bunun da səbəbi bütün ruhların bir ünvandan bəhrələnməsi, bir ünvandan qanadlanmasıdır. Və həm də bütün ruhların son ünvanı olan Tanrı dərgahı ruh adamları üçün haqdan gələn bir yaşam yeridi. Belə olduğu halda, Ay da, ulduz da, günəş də, hətta yer də ruh adamlarına, daha doğrusu, ruhlara həsəd aparır. Bu yaxşı mənada bir bəxtəvərlikdir. Amma o bəxtəvərlik ağrıdan, acıdan, həsrətdən, vüsaldan keçir. Sınaqlara düçar olur, deməli, bu mübarizənin içindən qalib kimi keçənlər həmin məqama yetişirlər. Məhz həmin o yetişdiyin nöqtədə ruhunun, duyğularının bir qazancı var. Bəlkə də burada «qazanc» sözü yerinə düşmür. Amma mən onun daha mükəmməl variantı kimi «zənginləşməsi» sözünü yazıya əlavə edirəm və düşünürəm ki, bu zənginləşmə təkcə ruhun, duyğuların deyil, həm də sevənin və sevilənin mücadiləsinin bəhrəsidi. Axı:

 

ulduz ümid şamıdı –

axıb gedib, sönübdü

neçə cəhdim uğursuz

yarı yoldan dönübdü...

 

Bəllidir ki, başlanğıc həmişə məqsədli sona çatmır. Yəni hansı məntəqədən  hansı məntəqəyə qədər gedəcəyimi öncədən düşünsəm də, bəzən elə hadisələr baş verir, elə yaşamlar insan taleyinə hökm edir ki, onu dəyişmək, ona qalib gəlmək mümkün olmur. Burada sağlıq durumu da xüsusi önəm kəsb edir. Deməli, bütün hallarda məqsəd yerində qaldığı kimi istək də, məram da, arzu da dəyişmir. Sadəcə bir az düzəlişlər, bir az əlavələr və bir az da fərqlər olur. Bütün bunlar da insana təbii ki, məqsədi, məramı bəlli insana təsirsiz ötüşmür. Baxmayaraq ki, o, ağrıya, həsrətə, bir sözlə, bütün həmlələrə öncədən özünü hazırlayıb. Elə Vaqif İbrahim də bunu nəzərdə tutub və yazıb ki:

 

Bir küncə qısılıb, qəlb ağrısıyla

Tapıb oxuyarsan onları bir-bir.

Ötən gəncliyini qocalığına

Tanıdar hər şeirim sətirbəsətir.

 

Bu misra, daha doğrusu bu bənd həm etirafdı, həm xatırlatmadı, həm də özü-özünə hardasa bir səyahətdi, yəni dünəninə, indi həsrətini çəkdiyim nöqtəyə xəyali səfərdi. Bu səfər zamanı nələrdən keçdiyini, nələri cırıb atdığını təbii ki, anbaan xatırlayacaqsan. Gözünün önünə gətirəcəksək və sən ötən gəncliyin bugünkü qocalığa nələrdən keçib gəldiyini bir daha anlayacaqsan. Amma artıq gec olacaq. Çünki zamanı qaçırmısan. Öz sevginə qarşı olan təkəbbürün, sayqısızlığın  sonda göz yaşına, təəssüfə, bir də yalqızlığa gətirib çıxarıb. Lakin bütün bunları öncədən dəyərləndirsəydin, onda indi oxuyacağın bəndin qatları, mənası sənin üçün deyilməyəcəkdi və sən də bu barədə ən yaxşı halda heç düşünməyəcəkdin də. İndi isə:

 

qızarmış gözlərimdə

dan yerini gizlədim –

inandım sözlərinə –

uşaq kimi gözlədim...

 

Hə, biz bəzən gecikir, bəzən tələsirik. Yerində, anında olmaq, dəyər vermək, dəyər qazanmaq fürsətini qaçırırıq. O da sonda dünənə uzanan əlimizin boşluqda qalmasına, havadan asılı olmasına gətirib çıxarır. Bunu təkcə mən və yaxud elə sənin özün əvvəlcədən düşünüb qiymətləndirə bilsəydik, bu üzüntülər, bu sarsıntılar yəqin ki, ömrümüzə naxışlanmazdı. Nə yazıqlar ki, bizdən öndə gedənlərin keçdiyi yolu ya görmürük, ya da görmək istəmirik, ya da ümumiyyətlə, bu düşüncəni özümüzdən çox-çox uzağa qovuruq. Bax, bu mövqeyimiz sonuncu ahın ürək parçalamasına, bel bükməsinə gətirib çıxarır. Əyilən qəddimiz və bir də qəlpələnmiş ürəyimiz öz yazıq görkəmi ilə heç nə edə bilmir. Çünki:  

 

Gecikmiş göz yaşın düşər misrama,

Bunu hiss eləyər qəlbim o axşam.

Yanıqlı qəlbindən bu sözlər qopar:

İlahi, nə qədər gözəl olmuşam!

 

Bəzən deyirlər ki, sonuncu etiraf heç nəyi dəyişmir. Mən bu fikirlə müəyyən mənada razılaşıram. Amma onu da unutmuram ki, etirafın içindəki böyüklük ağrılara dərman olmasa da, ağrıya sözlə şərik olmağın nümayişidi. Deməli, içimizi, ruhumuzu göynədən ağrı bəzən bir təsəlli sözünə də bir anlıq da olsa, baş əyir. Onunla barışır. Bütövlükdə isə, yazı boyu da xatırlatdığım və Vaqif İbrahimin şeirinə söykənərək yozmağa çalışdığım duyğu, ürək çırpıntısı etirafları həmişə insanın xəyallarını uzaqlara çəkib aparır, gözlərini yoldan ayırmır, ürəyinin döyüntüsü öz axarına qayıtmır. Çünki:

 

...bu  da bir gün, bir səhər

nə dəyişdi, de bilim.

gün öldürdüm birtəhər –

əlim qandı, sevgilim!

 

Bəli, bu, bizim duyğu, hiss barəsində ən vacibi isə, yaşadığımız sevgi barəsində paralel düşüncəmizin bəhrəsi olan bir yazıdı. Onun oxucusu da sizsiniz. Amma düşünürəm ki, siz bu yazını oxuduğunuz zaman az və yaxud çox dərəcədə unudulmaz Vaqif İbrahimlə də, elə mənim özümlə də həmfikir olmusunuz. Bunun üçün sizə təşəkkür edirəm.