Əbülfət MƏDƏTOĞLU : - Göy üzündən gələn səs ... Əli Hacı ilə söhbətlərimdən

YAZARLAR 07:12 / 13.08.2022 Baxış sayı: 2610

Çox qəribədi, indi adamlar yaşlarından, başlarından asılı olmayaraq dünyadan yorulmuş, bezmiş kimidilər. Kimi dindirirsən, kimdən hal-əhval tutursan mütləq köçməkdən, getməkdən, tərki-dünyalıqdan söz salır. Bu, əhval-ruhiyyə xüsusilə söz, ruh adamlarında ən yüksək çəkidə, ölçüdə, tutumdadı. Daha çox da şairlər ölümə, köçə üstünlük verirlər. Deməli, bu da ondan xəbər verir ki, dünya ya kiçikdi, ya da biz dünyadan böyüyük, sığışmırıq ona... 

Giriş kimi təqdim etdiyim bu fikirlərin arxasında özüm də dururam, ruh dostlarım da. Ruhən tez-tez qovuşduğum, görüşdüyüm Əli Hacı bu məqamda mənim ən yaxşı və ən sədaqətli həmsöhbətimdi. Günündən, saatından asılı olmyaraq izinsiz, filansız qoşuluram Əlinin ruhuna və başlayıram onunla könül söhbətinə. O söhbətlərin birində  Əli Hacı mənə deyir ki:

 

əlini ver, bu yoxluqdan

ağrısız bir yerə gedək.

dünyası yara görməyən

sarğısız bir yerə gedək!

 

İndi deyin görüm, necə getməyəsən?! Necə sənə uzanan əli havada saxlayasan. Bu, mümkün deyil. Çünki dəvət olunduğum yer arzuladığım, uğrunda az qala sinov getdiyin yerdi, ağrısız, sarğısız, yalnız sevgi olan yer...Bunu da Əli mənə təklif edir, özüdə təkcə mənə yox, hamıya! Və mən onun bu çağırışına səs vermək üçün çox da uzağa getmirəm, elə özümün  indiki anda içərisində çabaladığım, var-gəl etdiyim dünyamın pəncərəsindən Əliyə tərəf baxıram. O mənim baxışlarımı sanki  hiss edir, görür və elə o da mənim ovqatımda pıçıltıma qoşulur:

 

uzaqdı aramız yaman

bir iynə boyu yol qədər.

qarışıq salıram inan –

bir yol sevinc, bir yol kədər...

 

Düşünə bilərsiniz ki, aramız bir iynə boyu məsafədirsə, nədən bu qədər ağrıya yüklənirik, nədən bu qədər həsrətlə vuruşa-vuruşa vüsala tərəf getməyə güc sərf edirik. Amma yox. O məsafə könüldə o boydadı, həyatda isə bəlkə də bir gün, bir gecənin piyada ömründən də uzaqdı. Hələ mən sürətli vasitələri dilə gətirmirəm. Deməli, belə olan halda məsafəni unudub içində olduğun zamana üstünlük verməlisən. Çünki  səni  qovuşduran o xəyali zamandı. Mən də o zamanın içərisində ruh doğmamla dərdləşməklə   onun istəyinə uyğun düşüncələrə üstünlük verirəm. Əslində isə o düşüncələr elə ikimizə də aiddi. Elə ikimiz də məhz o düşüncələrlə, o duyğularla zamanı öz boyumuza, daha doğrusu, arzumuzun, istəyimizin boyuna biçməyə çalışırıq. Ona görə də Əli yazır:

 

uzansın qoy gecəmiz də

dincin alsın necəmizdən.

qalıbsa da ömrümüzdən

gedər olsaq, xeyrə gedək.

 

Mən də hara gedəcəyimizi artıq bir istək olaraq bilirəm. Yəni işığa, xeyirə, vüsala, bir sözlə ruhumuzu, dərdimizi sevindirəcək ünvana!.. Nə qədər ki, o ünvana gedib çatmamışıq, həmişə ürəyimiz göynəyəcək, ruhumuz sızıldayacaq və əlimiz havada qalacaqdır. Bax, mən də elə o anın ilk impulslarını hiss edərək Əlinin ruhunun əks-sədası kimi sizə üz tuturam. Lap dəqiqi özümlə danışıram:

 

əlim uzanır, əlinsə

baxır, üzümə gülümsə...

de ki, könlümə gəlibsən –

bir yol haqlı, bir yol hədər...

 

Bütün həyatımız əyri və düzün, ədalət və haqsızlığın, doğru və yalanın mübarizəsinin həm iştirakçısı, həm də şahidi kimi ötüb gedir. Biz bu dediyim çalarların içərisində öz tarazlığımızı saxlamağa, öz mövqeyimizi qorumağa çalışırıq. Bəzən bu mövqe üçün nələrdənsə imtina da edirik. Baxmayaraq ki, haqq bizim tərəfimizdə, bizim yanımızda olur. Amma neynəyək ki, bütün məqamlardan çıxış yolu aramaq və məqsədə daha az itki ilə, daha az ağrı ilə qovuşmaq amacımız içimizə hakimdi. Necə olur-olsun, haqqımızı yedirtməmək naminə qurban da veririk. Bax, onda Əli Hacının dediyi bir daha öz yerini təsdiqləyir. O, sizə və mənə deyir ki:

 

daha qoca Fələyin də,

daş tökülmür ətəyindən.

çıxıb Tanrı köynəyindən

bu olmaqdan sirrə gedək.

 

Mən bu bənddə söylənən gerçəkliyi qəbul etməklə yanaşı, onun məntiq və fikir qatına da tabe oluram. Birmənalı olaraq fələyin öz işini yorulmadan davam etdirdiyini, tanrının isə ətəyinin bizim əlimizdən çox uzaq olduğunu qəbul edərək təkcə öz bildiyim kimi yox, həm də ruh dostlarımın məndə yaratdığı ovqatın dediyi üslubda öz şeirinin sonunu açıqlayıram:

 

dolan gözlərim quyudu

dibi Xəzərin suyudu...

mənə bu yolu buyurdu –

bir yol taleh, bir yol qədər!

 

Bəli, könül dostum Əli Hacı ilə söhbətləşə-söhbətləşə gəlib çatdım sözümün sonuna. Sonda oxucularıma demək istəyirəm ki, ruh adamları öz dünyalarında daha rahat və daha çox özləri olurlar. Ona görə də ruhumuzun səsini eşitməkdən bezməyin. O səs həm də göy üzündən gəlir!..


1771 oxunub