Coşqun Xəliloğlu yazdı - Şuşam, azadsan, azad!

Ədəbiyyat 08:11 / 04.09.2025 Baxış sayı: 2300

Daha çəkmə qüssə,ah,

Şuşam, azadsan, azad!

Güldü üzünə sabah,

-Şuşam, azadsan, azad!

 

Çıxdın ağır, “sərt qış”dan,

Qurtuldun, bəd qarğışdan,

Gündə yüz yol, alqışlan-

-Şuşam, azadsan, azad!

 

İncisən, başdan başa,

Hər qarışın tamaşa,

Arzum, - bəxtiyar yaşa,

-Şuşam, azadsan, azad!

 

Bax, sevinir Üzeyir,

Natəvan şeir deyir,

Cabbar nəğmə söyləyir,

-Şuşam, azadsan, azad!

 

Səs gəldi- Pənah xandan,

Nəvvabdan, Sadıqcandan:

-Daha olma nigaran,

-Şuşam, azadsan, azad!

 

Xarıbülbül sevincim,

Bulaqların bir incim,

Çox qədimim, lap gəncim,

-Şuşam, azadsan, azad!

 

Sən, musiqi məbədi,

Yaşa, yaşa əbədi,

Necə xoş təntənədi-

-Şuşam, azadsan, azad!

 

Sözüdür - igidlərin,

Mərd əsgər- zabitlərin,

Qəhrəman şəhidlərin,

-Şuşam, azadsan, azad!

 

Sevinir Dərbənd, Təbriz,

Zəfər çalıb ölkəmiz,

Diləyimiz tər-təmiz,

-Şuşam, azadsan, azad!

 

Hər dərdə var bir dərman,

Gerçəkləşdi çox güman,

Yetişdi gözəl zaman,

-Şuşam, azadsan, azad!