"Bunu dərk etmək o qədərmi çətindir?!"

MÜSAHİBƏ 09:31 / 26.09.2022 Baxış sayı: 2308

 Şair  Baba Vəziroğlu Moderator.az-ın suallarını cavablandırıb.Həmin  müsahibəni  Yenises.az -da təqdim edir:

- Baba müəllim, bu günlərdə bir postunuzu oxudum. Yazmışdınız ki, “Şuşa üçün darıxdım yenə”. Şuşada daha çox nə üçün darıxırsınız?

- “Şuşa üçün darıxdım” deyəndə konkret bir səbəb deyə bilmirəm. Şuşa mənim üçün nə Vaqif məqbərəsidir, nə Xan qızı Natəvan bulağıdır, nə o qədim arxitektura nümunələri olan binalardır. Şuşa mənim nəzərimdə tamdır, bütövdür. Mən Şuşa deyəndə həm coğrafi baxımdan, həm də mənəvi baxımdan Allaha yaxın bir yeri bütöv görürəm. O bütöv şəhər üçün darıxıram. Şuşanın bu mənada hər daşı, hər məhəlləsi, hər bulağı, hər küçəsi, hər düzü, dağı hamısı mənə əzizdir. Ona görə konkret Şuşada kimin üçünsə və nə üçünsə darıxmıram. Ümumiyyətlə darıxanda Şuşa üçün darıxıram. Elə bil orada mən səbəbsiz yerə özümü bəxtəvər, Allaha yaxın hiss edirəm. Çox qəribə hisslər keçirirəm. Şuşa üçün bəlkə də ona görə darıxıram ki, o həm də mənim gənclik şəhərim, cavanlığımın şəhəridir. Mən Şuşada doğulmamışam, orada böyüməmişəm, amma işğal gününə qədər Şuşada dəfələrlə olmuşam. Gözəl günlərim keçib orada. 1982-ci ilin qarlı yanvar günü yadıma düşür. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində mən də çox cavan, yeniyetmə, sütül bir yazıçı idim. Bəlkə də təsadüfən o heyətin tərkibinə düşmüşdüm. Düz 40 il bundan öncə Şuşada Vaqif məqbərəsinin açılışında iştirak etdim. O günləri necə unuda bilərəm?! Bu son nəfəsimə qədər mənim yadımdan çıxan deyil. Daha sonra azad Şuşada cənab prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin içində mən də var idim və biz ikinci dəfə Vaqif məqbərəsinin açılşını etdik. O gün də əbədi olaraq ömürlük mənim tərcümeyi halıma yazıldı.

 

- Şuşa həm də ümumilikdə bir şairin arzuladığı mövzudur. Bəs görəsən Şuşanının gözəlliyini, dəyərini, qüdrətini izah edəcək şeir qələmə almısınız?

 

- Mənə elə gəlir ki, Şuşa haqqında ən gözəl əsərlər yazılacaq. Bəlkə o gözəl əsərlərin müəllifləri sırasında mənim də adım oldu. Bu bir qismətdir. Amma hələ ki, isti-isti Şuşa haqqında bir şeir yazmışam. Bəstəkar Elçin İmanov ona çox gözəl bir musiqi bəstələyib. Mənə elə gəlir ki, yeni, azad, abad Şuşa haqqında bu bir himnə, nəğməyə çevriləcək. Onu tamaşaçılar, dinləyicilər necə qəbul edəcək bilmirəm, amma mənə elə gəlir ki, Şuşa qəbul edəcək. Şuşa özü o nəğməni bəyənəcək, çünki səmimiyyətinə, məhəbbətinə yazılıb. Orada boğazdan yuxarı söz yoxdur. Ancaq heyranlıqdır, Şuşanın bu günüdür və Şuşaya olan böyük sevgimizdir.

 

- Baba müəllim, şeirlərinizi yazırsınız, amma bir mahnının yaranması üçün bu kifayət etmir. Mahnının, əsərin uğurlu alınmasında bəstəkarın peşəkarlığı da böyük rol oynayır. Baba Vəziroğlu ilə çalışan bəstəkar hansı kriteriyalara malik olmalıdır?

 

- Artıq bütün kriteriyalar, yaradıcılıq tandemləri məlumdur. İşlədiyim bəstəkarlarla bir-birimizi yarım kəlmə sözlə yox, bir baxışla anlayırıq. Şair də, bəstəkar da, müğənni də-hər birimiz bilirik ki, biz nə istəyirik. Mənə elə gəlir ki, mahnılarımın uğurlu alınmasında da əsas səbəb budur ki, bəstəkar, şair və müğənninin ürəyi bir ritmdə döyünür. 3 ürəyin vurğusu bir ritmdədir. Bunların biri “falş” olsa təbii ki, mahnı uğurlu alınmaz. Mən çox bəstəkarlarla işləmişəm. Onlar uzun illərin sınağından, imtahanında çıxıb. Hal-hazırda ən çox məhsuldar işlədiyim bəstəkar Kamal müəllimdir. Kamal müəllimlə yaratdığımız hər mahnı qısa bir zamanda dillər əzbərinə, musiqi dili ilə desək hitə çevrilir. Böyük zəfər haqqında biz “Cənab Ali Baş Komandan” adlı mahnı yazmışıq. Bu mahnı artıq çox populyar bir nəğməyə çevrilib. Onu ilk dəfə xalq artisti Ağadadaş Ağayev, daha sonra Mirələm Mirələmov, Murad Laçınlı və s. ifa etdilər. Həmin mahnı dillər əzbərinə çevrildi. Amma yenə deyirəm, bütün bunlar yetərli deyil, inşallah bəstəkarlardan, Faiq Sücəddinov, Eldar Mansurov, Elçin İmanovla yeni-yeni mahnılar üzərində çalışırıq. Təbii ki, bu mahnıların əksəriyyəti zəfərimizə, Qarabağa, Şuşaya, bu zəfəri bizə yaşadan, bizə töhfə verən şəhidlərimizə, qazilərimizə və öndə gedən generallarımıza, cənab Ali Baş Komandana həsr olunub.

 

- Sizcə bu gün bəstəkarların mahnılarında, şairlərin şeirlərində nə çatışmır? Onlar hansı hissi, duyğunu tamaşaçılara, izləyicilərə ötürə bilmirlər?

 

- Bu gün müasir və yaxud köhnə bəstəkarlarımızın bu gün yazdığı mahnılarında çatışmayan əsas məsələ melodiyadır. Mahnını yaşadan, onu sevdirən, dillər əzbəri edən melodiyadır! Bunu dərk etmək o qədərmi çətindir?! Köhnə mahnılara baxın, elə unudulmaz melodiyaları var ki, onları sadəcə zümzümə edirlər. Amma indiki mahnılar ritm üzərində qurulur. Müxtəlif janrlar bir-birinə qarışır. Bilmirsən ki, bu mahnıdır, romansdır, muğamdır, təsnifdir?! Mahnı çox sadə və dərin olmalıdır. Mahnı qısa bir film kimi yaranmalıdır. 3-4 dəqiqə ərzində musiqi, şeir dili və ifanın köməyi ilə böyük bir hekayə nəql etməlisən. O filmi yarada bilmirsənsə mahnı səslənəcək, oxuyacaqlar amma yadda qalmayacaq. Təsəvvür edin  ki, bu ilin mahnılarının çoxu bir 10 il sonra yadda qalmayacaq. Onları xatırlayan, zümzümə edən olmayacaq. Həm də bu gün mahnılarda plagiat çoxdur. O plagiatı artıq gizlətmək də mümkün deyil, çünki dünyanın qapıları, sərhədləri bir-birinə açıqdır. Bu gün eşitdiyin mahnını sabah başqa müğənninin ifasında öz milli musiqiləri kimi eşidirsən. Sonra hiss edirsən ki,  bizimkilər lori dillə desək bir balaca “çırpışdırıblar”. Azərbaycanda elə mahnılar vətəndaşlıq qazanmır. Çünki yad notlarla o ürəyə girə bilmir. Yad notlarla bəstələnib, qonşudan, uzaqdan gəlmədir. Muğam oxunanda hamı yerində donub qalır, çünki bizim genimizdə, qanımızda olan hissiyatlarla üst-üstə düşür. Ona görə bu musiqi bizə bu qədər doğmadır. Ordan qaynaqlanan mahnılar da ürəyimizə yol tapır, yaddaşımıza yazılır. Bir il öncə yazılan mahnıların birinin adını çəksəniz bu gün heç kim onu xatırlamayacaq. Halbuki vaxtında 3-5 gün hitə çevrildi, hamı dinlədi, xoşlarına gəldi. Belə mahnıların ömrü bir həftə, 10 gün, uzaq başı bir il çəkir. Təsəvvür edin, “Küçələrə su səpmişəm” mahnısının tarixi neçə min ildir?! Mahnı budur, insanı titrədir, hissiyatlarını yerindən oynadır.

 

- Sonda istərdim dünən Mətbuat Şurasının yeni sədri seçilən həmkarınız Rəşad Məcidə bizim vasitəmizlə ürək sözlərinizi bildirəsiniz. Sizcə onun sədr seçilməsi mətbuatda, mediada hansı yenilikləri müydana gətirib, hansı əvvəlki qayda-qanunları qüvvətləndirəcək?

 

- Əziz dostum Rəşad Məcidin Mətbuat Şurasının sədri seçilməsini eşitdim. Təbii ki, çox şad oldum. Həm də məndə bir ümid yarandı ki, o şuranın işində yeni perspektivlər yaranacaq, iş təzələnəcək. Rəşad Məcid çox bacarıqlı adamdır, istər Yazıçılar Birliyində, istərsə də 525-ci qəzetdə. 525-ci qəzeti ən çətin illərdən, sınaqlardan keçirib, bu gün yaşadan, onu Azərbaycan mətbuatının flaqmanlarından birinə çevirən məhz Rəşad Məciddir. Onun bacarığına, istedadına inanıram, güvənirəm, bilirəm ki, bu yeni işində də o hər yerdə olduğu kimi özünü çox bariz şəkildə göstərəcək. Azərbaycan mətbuatının müəyyən kəm-kəsirlərini nə qədər çətin olsa belə aradan qaldırmağa nail olacaq. Reket jurnalistikasının lori dillə desək axırına çıxacaq. Dostum Rəşad Məcidə uğurlar arzulayıram. Bilirəm ki, o həmişə sükanı düz saxlayıb, düz hərəkət edib, bircə arzum var ki, sükanı yenə də belə saxlasın. Təbii ki, köhnə dostum Əflatun Amaşovun da xidmətlərini heç unutmuram, yüksək dəyərləndirirəm. Təsadüfi deyil ki, cənab prezident də onun xidmətlərini, əməyini yüksək dəyərləndirib, “Prezidentin fəxri diplomu” ilə mükafatlandırdı. Əflatun Amaşov həqiqətən də dəyərli dostdur, gözəl mətbuat işçisi idi, hamını yola verirdi, barışıq atmosferi yaratmışdı. Ona da gələcək yeni fəaliyyətində uğurlar arzu edirəm. İndiyə qədər gördüyü işlər üçün çox sağ olsun.