“Biz Rafiqlə uzun müddət ailəli olmuşuq, ondan sonra ailə həyatı haqda düşünməmişəm”

MÜSAHİBƏ 09:45 / 16.11.2022 Baxış sayı: 3898

“Şuşadan torpaq gətirib Rafiqin məzarına səpdilər, amma mən və qızım hələ də…”

 

Xalq artisti, mərhum diktor Rafiq Hüseynlinin həyat yoldaşı Səbinə Hüseynli Moderator.az-ın suallarını cavablandırıb.Yenises.az da  həmin  müsahibəni təqdim edir:

-Səbinə xanım, ötən il saytımıza verdiyiniz müsahibədə Şuşaya gedib, ordan torpaq götürəcəyinizi və həyat yoldaşınızın məzarına səpəcəyinizi bildirmişdiniz. Bu istəyinizi reallaşdıra bildiniz?

 

-Təəssüflər olsun ki, nə mən, nə də ki, qızım Leyli hələ ki, Şuşaya gedə bilməmişik. İnşallah, nəsib olar gedərik. Amma Rafiqin qohumları, əmisi oğlu getmişdi, onlar ordan torpaq da gətirmişdilər. Həmçinin də tələbəsi, aparıcı Ceyhun Əli orada olanda torpaq gətirib, məzarına səpmişdi.

 

-Rafiq müəllim bu gün həyatda olmasa da yəqin ki, onun tövsiyyələrinə, məsləhətlərinə əməl edirsiniz. Daha çox hansı məqamlarda onun tövsiyyələrinə ehtiyacınız olur? 

 

-Evimizə gələn kənar insanlar da bilir ki, bura Rafiq Hüseynlinin mənzilidir. Çünki Rafiq demək olar ki, hər an bizimlə birlikdədir. Mənim də ürəyimdə hər zaman bu hiss var. İçimdə Rafiqlə olan dialoq heç vaxt bitmir. Hansısa problem, sual yaranarsa onunla məsləhətləşirəm. O boşluğ heç vaxt dolmayacaq.

-Yəqin ki, ən böyük təsəlliniz də elə qızınız Leyli Hüseynlinin atasının doğma teleməkanında aparıcı kimi efirə çıxmasıdır. “Atam yanımda olsaydı mənə bu məsləhəti verərdi” dediyi anlar da olurmu?

 

-Həyatımın ən əsas, önəmli varlığı qızım Leylidir. Ən böyük təsəllim də elə qızımdır. O həm rus, həm də inglis dilində xəbərləri aparır. Özü çox təvazökardır, amma mən onun öz üzərində çalışmağını, çıxışlarını çox bəyənirəm. Bilmirəm nə vaxta kimi televiziya kariyerasını davam etdirəcək. Bir onu deyə bilərəm ki, hal-hazırda onun bu fəaliyyəti çox uğurludur.

-Hansı arzunuzun reallaşmasını istərdiniz?

 

-Bütün arzularım qızımla, onun həyatı və təhsili ilə bağlıdır. Əlbəttə ki, qızım təhsilini davam etdirmək istəyir. 2022-ci il bizim ailəmiz üçün həm də iki çox önəmli hadisə ilə yadda qaldı. Fevral ayında Heydər Əliyev fondunun dəstəyi ilə ərsəyə gələn “Ekranın səsi” filminin təqdimatı oldu. Həm də Leyli Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirdi. Rəssamlıqla bağlı olmasa da təhsilini fərqli bir sahədə davam etdirmək istəyir. 

 

-Ümumiyyətlə təsəlli sözü sizin üçün nə deməkdir?

 

-Təsəlli mənim üçün nədir? Gündəlik addımlayıb, xırda da olsa nələrəsə nail olmaq, övladımla, öz işlərimlə bağlı, hansısa problemlərimi həll etmək. Bunları həll edəndə hardasa bir təsəlli tapırsan kı, bunu da gördüm, bunu da etdik, bunu da bitirdik. Yəqin ki, təsəlli budur. Əlbəttə ki, övladımla bağlı bütün istəklərimin həyata keçməsi də ən böyük təsəllimdir.

-Bu gün televiziya məkanında Rafiq Hüseynlinin öz xüsusi yeri var və o hər zaman görünür. Bəs hansı diktorları dinləyəndə düşünürsünüz o yer o qədər də boş görünmür, nisbətən dolur?

 

-Rafiqin yeri televiziya məkanında hər zaman görünəcək və o yer həmişəlik boş olaraq qalacaq. Çünki Rafiq Rafiq idi. Sanbalı, hörməti, ağayanalığı ilə fərqlənirdi. Həm də peşəkar diktor-aparıcı olmağı ilə. Konkret diktorların adını çəkmək istəməzdim. Kim ki, uzun illər Rafiqin tələbəsi olub, onun yanından ayrılmayıb, onların hər birində Rafiqdən nəsə var. Rafiq onlara özündən nəyisə ötürə bilib. Təbii ki, söhbət üzdə olan aparıcılardan gedir. Onu mən hiss edirəm. Bu mənə çox xoşdur.

 

-Belə bir söz var ki, heç kim əvəzedilməz deyil. Sizcə ikinci Rafiq Hüseynli olacaq?

-Rafiqdən bir daha olmayacaq. O tək idi, bir dənə idi. Bu təkcə mənim fikrim yox, bütün ətrafında olan peşəkarların, diktorların fikridir. Mən hesab edirəm ki, həyatda əvəzedilməz, təkrar olunmayan insanlar var. Rafiq də məhz onlardan biri idi. 

 

-Rafiq Hüseynlidən sonra heç ailə həyatı qurmaq haqda düşündünüz?

 

-Biz Rafiqlə uzun müddət ailəli olmuşuq. Ona görə də mənim ağlımda heç vaxt belə bir fikir olmayıb. Ondan sonra ailə həyatı haqda qətiyyən düşünməmişəm.