Ayaz Arabaçı - OLUR
Həyat biz istəyəntək çox da humanist deyil,
Yaşanan hər səadət,bir gün dönüb qəm olur.
Heç belə götürəndə dərd özü də pis deyil,
Özüylə tək qalanda adama həmdəm olur..
Gedib göyə çatırmı bu səcdə,bu ibadət..
Heç bilmirsən həyatda nə yaxşıdı,nə babət..
Vaxt olur ki,önündə susub qalır təbabət,
Vaxt olur ki,bir gilə göz yaşı zəm-zəm olur..
Acıyıram taleyə uçuq-sökük dam kimi,
Ömrü bərbad elədiim,mindim-çapdım xam kimi..
Yandırmaqdan bezərdim ürəyimi şam kimi,
Yaxşı ki,pərvanələr ətrafımda cəm olur..
Gör necə ünvanını xeyirə-şər dəyişib...
Daşlar öz yerindədi,oyunda zər dəyişib..
Bəlkə də altdan-altdan on-on beş ər dəyişib,
Hamı mənə çatanda bakirə Məryəm olur..
Günah başqa şeydədir nə vaxtdadı,nə sinndə..
Daha heç nə duymuram küləklərin səsində,
Əriyirəm aramla dəmirçi kürəsində,
İçimdəki vüqarın çinar qəddi xəm olur..
Tanrı o məlunları yığ,haqq görkünə saxla,
Ölüm yüngül cəzadı,soyuq sürgünə saxla,
Saqi,sən o şərabı ayrı bir günə saxla,
Adam heç içməmiş də istəyəndə dəm olur..