Ayaz Arabaçı - Bu gün sevgimizin anım günüdür...

Ədəbiyyat 08:42 / 15.10.2025 Baxış sayı: 2675

Təqvimdən çıxartdım ağa günləri, ,

Günlərin hamısı xanım günüdür.

Yəni ki, "nəfəsim" , "həyatım" , ömrüm,

"Ürəyim" günüdür, "canım" günüdür.

 

Elə bil bənövşə dəstələyirdin,

Ətrinlə, qoxunla məst eləyirdin,

Sən nə vaxt canıma qəsd eləyirdin,

Qoy axsın deyirdim qanım, günüdür.

 

Sanki bu yaralar qaşınmayıb heç,

O sevgi bir zərrə aşınmayıb heç,

Elə bil o illər yaşanmayıb heç,

Nə varsa danmışıq, danım günüdür.

 

Ömürdən, taledən düz küsüdü bu,

Qoy sınsın ayrılıq güzgüsüdü bu,

Mənim ürəyimin tüstüsüdü bu,

İndi o günlərə yanım günüdür.

 

Sevda dedikləri bir ucuz alver,

Ayağım altından çəkilibdi yer,

Zəng elə eləcə başsağlığı ver,

Bu gün sevgimizin anım günüdür..