Ay  Bəniz Əliyar - Bu da bir cür taledi...

Ədəbiyyat 11:40 / 20.02.2026 Baxış sayı: 481

Bu da bir cür taledi, bu da vaxtsız bir görüş,

Sanki yüz ildən sonra tapırsan öz yarını.

Əmması da var,

amma, əmması da xoşdu, xoş,

Həm özünü sevirsən, həm də uşaqlarını.

Sən səbrini yoğurub keçən vaxta qatırsan,

Nə o subay biridir, (iraq olsun), nə sən dul.

Sən öz uşaqlarınla başını aldadırsan,

O da uşaqlarını böyütmək ilə məşğul.

Sevginin gözləri kor, qulaqları kar imiş,

Bu da yoluna düşüb düzələcək sanırsan.

Ömrün bu vədəsində çaş qalmaq da var imiş,

Hətta özünə belə dinməyə utanırsan.

O qədər əmması var, üç deyil, beş deyil ki...

Arada zarafatla "nə olsun ki" deyirsən.

Onun ərdən çıxmağı alınan iş deyil ki,

Sən də bu yaşdan sonra boşanası deyilsən.