Əşrəf Veysəlli - ATDILAR ZİNDANA XƏLİL RZANI
Xəlil Rza Ulutürkə
Təkrarı başladı qanlı günlərin,
Təzədən fırlandı arxaya dövran.
Azadlıq istədik, qayıtdı geri
«Ölüyə azadlıq, diriyə zindan»…
Divarlar güllədən yazıq - yazıqdı,
Yollar qan gölünə dönübdür nədən.
Ah, nəcə kimsəsiz, nəcə yazıqdı
Xəlil Ulu Türkü olmayan Vətən
Bu da bir beləcə yoldu, gedildi,
Yolun ki bicliyi, hiyləsi yoxdu.
Bir xalq ki qanına qəltan edildi,
Deməli, o xalqın yiyəsi yoxdu.
Gözüm baxa bilmir nahaq qanlara,
Hanı Giziroğlum, Alaypozanım.
Mükafat verdilər Balayanlara,
Atdılar zindana Xəlil Rzanı.
Hanı qoç Koroğlum, hanı qoç Nəbim,
Yağılar başıma od ələndirir.
Bölüb Vətənimi siqaret kimi,
Hərə bir tərəfdə tüstüləndirir.
Dəlib köksümüzü, deşdi güllələr…
Hörmətə mindirib müdhüş zindanı.
O mənfur qüvvələr, qara qüvvələr
Atdılar zindana Xəlil Rzanı.
Xəyali zirvədən - zirvəyə qonar.
Qəfəsdə axsa da qartalın qanı.
Xəzərin suları od tutub yanar-
Atdılar zindana Xəlil Rzanı.
Yağdı üstümüzə avtomatlardan,
Yağdı ölüm xofu, ölüm leysanı.
Necə ağlamasın, deyin, bu meydan –
Atdılar zindana Xəlil Rzanı.
Azadlıq! Azadlıq! Azadlıq dedi,
Gördü şair hara, hürriyyət hara?!
Zindana düşməklə sübut eylədi
O, öz vəfasını sadiq dostlara.
Səngərdə göyərib bitər kişilər,
Vətənin kədərli, ağır günündə.
Güllə qabağına gedər kişilər,
Kişilər dayanmaz güzgü önündə.
Gülüşü göz yaşı əvəz edəndə,
Zülümmüş, ölümmüş işini asanı.
Qan ağla ey şerim, qan ağla sən də –
Atdılar zindana Xəlil Rzanı.
Dilimin ucunda yandı sözlərim,
«Vətən! Vətən» deyən, səni də gördüm.
Niyə kor olmadı yaşlı gözlərim,
Nəsimi soyulan günü də gördüm.
Şair nəğmə kimi, günəş kimidir,
Dindimi daşı da yandırar – yaxar.
Şair alov kimi, atəş kimidir,
Aşağı tutsalar, yuxarı qalxar.
Özünə yurd seçər əbədiyyəti,
Zaman ki şairi döyməyə başlar.
Dillərdə dolaşar sözü, söhbəti,
Onu sevməyən də sevməyə başlar.
Qansızlar gör necə məhv edib, cırıb,
Yandırıb nə qədər şeiri, dastanı.
Əyilməz bir xalqın belini qırıb,
Atdılar zindana Xəlil Rzanı.
Qaldı 37. qaldı kölgədə,
Qanıma bulaşdı ali doxsanın.
«Azadam, xoşbəxtəm» deyən ölkədə,
Atdılar zindana Xəlil Rzanı.
Bir xalqın tarixi qana bulanmış,
Səs verən yoxdumu onun səsinə.
Bir qoluqurumuş, bir əli yanmış
Qol çəkdi millətin faciəsinə.
Göydən üstümüzə od ələdilər,
Tanklar qanımızla yudu zülməti.
Müşfiqi təzədən güllələdilər,
Qəlbi parçalandı Nazim Hikmətin.
Şair tufanlara köksünü gərib,
Köməyə səslərkən bütün dünyanı,
«Doktor Jivaqoya» azadlıq verib,
Atdılar zindana Xəlil Rzanı…
Cığırı bağlayıb, yolu tutdular,
İçib kefləndilər elin yasında.
Zaman özü desin, – Kim qalib çıxar
Süngüylə qələmin vuruşmasından?!
O vaxt ki evlərdə qaraldı şamlar,
O vaxt ki yollarda gül açdı qanım,
Acı həqiqətdən qorxan adamlar
Atdılar zindana Xəlil Rzanı.
Vətən başdan-başa qanlı yuxudur,
Yoxdumu bu yurdun yuxuyozanı.
Vəhşi generallar kimi qorxudur
Zindana atmaqla Xəlil Rzanı?!
İllərlə qazancım mənim olmayıb,
Desin söz qoşanim, kitab yazanım.
Mənim bundan ağır günüm olmayıb?-
Atdılar zindana Xəlil Rzanı.
Susmasın şairin könül rübabı
Təbrizdən, İzmirdən gəlsin ozanım,
Bağlanmaz bir xalqın döyüş kitabı,
Zindana atmaqla Xəlil Rzanı!
Güllələr tuşlandı gülüşlərimə,
Tankların altında qaldı üsyanım.
Sənin əvəzinə, mənim yerimə
Atdılar zindana Xəlil Rzanı.
Qaldı 37. qaldı kölgədə,
Qanıma bulaşdı əli doxsanın.
«Azadam, xoşbəxtəm!”deyən ölkədə,
Atdılar zindana Xəlil Rzanı.
1990