Arzu Hüseyn - Daha bitdi,
Daha bitdi, gözün aydın.
Sevindinmi, şad oldunmu?
Mən hələ bir viranəyəm,
Sən özün abad oldunmu?
Yollarımdan gözünü çək,
Son çırpınış nəyə gərək?
Ömrümüzün sonuna dək —
Ölüyük, rahat oldunmu?
Sən məndə bir dərin quyu,
Lildir, bulanıqdır suyun.
Mən qurbanlıq qara qoyun,
Ye, ağzında dad oldummu?
Tanrı, mən gerçəkmişəmmi?
De, cəzamı çəkmişəmmi?
Yetəri dək çökmüşəmmi,
Bəxtimdən azad oldummu?