Arzu ƏSƏD : - Indi "pafos"suz danışacam...

Gündəm 14:05 / 22.09.2022 Baxış sayı: 2059

Indi "pafos"suz danışacam ki, bir-birimizi başa düşməyə heç bir qıcıq və bəhanəmiz qalmasın. 90-cı illərin əvvəlləri yadınızdadırmı? Yaşlı nəslin yadındadır, gənc nəsil də maraqlansın. Mitinqlərin avasiyası dövrü. O mitinqlər bizim gəncliyimizin xoş xatirəsi, azadlıq duyğusunun möhtəşəm ifadəsi idi. Ancaq bu dünyada xoş olan hər şey ifrata varırsa sonra ağrıya, acıya, cəhənnəmə çevrilir. Qarabağda erməni irəlilədikcə biz "Qarabağ məsələsi Bakıda həll olunur" deyə mitinqlərdə coşub-daşdıq. Hökumətlər, prezidentlər bir-birini əvəzlədikcə vətən torpaqları kəsilməyə, doğranmağa, erməni qəsbkarları tərəfindən işğal olunmağa başladı. Xalqımız qəhrəmanlıqla vuruşdu. Amma o mitinq əhval-ruhiyyəsi, müxtəlif tələblərlə toplaşmaq ehtirası həm də acı reallıqdan, müharibədən qaçış vasitəsinə, mexanizminə çevrildi. Nəhayət, məsələ o yerə gəlib çatdı ki, nəinki cəbhəyə, Gəncədə baş qaldıran Surət Hüseynova qarşı da hər rayondan 4-5 nəfər gənci səfərbər edib müəyyən həcmdə əli silahlı dəstə yarada bilmədilər. O vaxtın hakimiyyəti əkdiyini biçirdi. İnsanlar mitinqlərə tələb irəli sürməyə yüz minlərlə axışırdı, vətəni müdafiə etməyə isə hər rayondan iki əlin barmaqları sayında adam yığa bilmirdilər. Bu bizim yaxın tariximizdir. Mən niyə həyəcan təbili döyürəm. Çünki millət olaraq o hadisələri dərimizdə yaşamışıq və bu tarix qan yaddaşımızda yox, hazırda bədənimizin üstündə gəzdirdiyimiz başın içindəki mövcud yaddaşımızdadır. İndi də it izini at izinə qarışdırmaq istəyirlər. Şəhid məzarları üzərində siyasi-fəlsəfi dəllallıq edirlər. Ən müxtəlif bəhanələrlə xalqı müharibədən soyutmaq istəyirlər. Sosial məsələləri qabardırlar. İnsan həyatının vətəndən, torpaqdan üstün olduğunu çığıran şüarlar səsləndirirlər. Bundan gələcəkdə hökumət dərs çıxarmalı, öz siyasətini cəmiyyətin sosial tələbləri istiqamətində müəyyənləşdirməlidir. Amma bu gün bu əsas məsələ deyil. Siyasətdə aktuallıq anlayışı var. Yəni mövcud şəraitdə tələb olunan, edilməli olan əsas məsələ. İnsan həyatında, məişətdə də aktuallıq böyük rol oynayır. Amma cəmiyyət həyatında, siyasətdə aktuallıq həyati önəm daşıyır. Yəni bu gün mühüm olan, aktual olan məsələni etməyib digər məsələləri qabartsan cəmiyyət, dövlət üçün bu faciəyə çevrilər. Bax bu gün cəbhədə ölüm-dirim müharibəsi getdiyi bir vaxtda hamı başa düşməlidir ki, vətənin, torpağın insan həyatından daha əhəmiyyətsiz olması haqqında fikirlər, sosial məsələlərin qabardılması düşmən dairələr tərəfindən Azərbaycan ictimai şüuruna qurulmuş tələdir. Milli qarşıdurmaya, cəmiyyətdə sabitliyi pozmağa hesablanmış ilkin hazırlıq işləridir. Bu xalqı 90-cı ildə Surət Hüseynovun qabağına çıxarmağa bir neçə yüz gənci səfərbər edə bilməyən bir topluma çevirmək istəyirlər. Bəli, bu gün dövlətimiz çox güclüdür. Biz hətta gördük ki, o, hərbi hazırlıq baxımından təsəvvür edə biləcəyimizdən də güclüdür. Lakin dövlətin əsil və sabit gücü onun xalqla birliyindədir. Düşmən bu birliyi hədəf alır. Bunu görməyib ölü pişik kimi axına qoşulmaq Azərbaycan ziyalısının, intellekt sahiblərinin ayıbı, cinayətidir. O, ölkəsi, xalqı üçün belə həlledici məqamlarda düşmənin müəyyənləşdirmək istədiyi ictimai rəyə qoşulmamalıdır. Başa düşməlidir ki, kütləvilik həmişə dəyər deyil. Dövləti müdafiə etmək də həmişə yaltaqlıq deyil!