Arzu Əsəd - Hər birimizin əlahiddə dərəcədə əhəmiyyətli olduqumuzu unutmayaq.
Putin geri çəkildi. Əlbəttə, bu bütün dünyanın gözü qabağında oldu. Dediyi sözlər də, ikinci üzürxahlığı da Rusiya liderinin Azərbaycan xalqının və prezidentinin dəyanəti qarşısında daha əvvəlki inkarçı mövqeyi ilə dayanmağın qarşılıqlı münasibətlərə və beləliklə də, hazırkı geosiyasi durumda Rusiyanın xarici siyasətinə, strateji planlarına ciddi zərər vura biləcəyini dərindən anladığının göstəricisi idi.
Putin ağıllı addım atdı, Azərbaycan prezidenti də çox ciddi, rasional mövqe sərgilədi. Biz də bütün bunları həm sevinc və iftixarla, həm də böyük bir ciddiyyətlə qəbul etməliyik. Çox təəssüf ki, nəinki sosial platformalarda, hətta televiziya ekranlarından, müxtəlif saytlardan bu hadisəyə münasibətdə olduqca qeyri-ciddi şərhlərin şahidi oluruq. Hər iki liderin müxtəlif rakurslardan çəkilmiş şəkillərini qoyub guya bədən dili, jest, mimika oxuyaraq Rusiya prezidenti haqqında ağla gələn-gəlməyən hər cür təsbitlər, ifadələr işlədilir.
Bu münasib olmayan, səfeh ifadələri, əlbəttə ki, mən burada işlətməyəcəm. Fərəhin, qalibiyyətin bu şəkildə təzahürü ciddi cəmiyyət, dövlət qurmaq istəyən müstəqil bir ölkənin vətəndaşlarına yaraşmır. Eyforiya, təkəbbür, yekəxanalıq, rəqibi küçümsəmək - tarix belə ucuz şeyləri sevmir. Bu, müvəqqəti hisslərin ifadəsidir. Tramp Netanyahunun da, Ərdoğanın da başı üstündə durub onların oturmaları üçün stullarını çəkir, Səudiyyə Ərəbistanına gedib onun dövlət başçısına olmazın təriflər yağdırır. Bu o demək deyil ki, o onlardan qorxur. Yox, bunların arxasında Amerikanın mənafeyi durur. O öz siyasətinin gərəyi olaraq bu hərəkətləri edir.
Siyasətçinin hansı davranışının ardınca nə gələcək, bunu ancaq nisbi-analitik şəkildə proqnozlaşdırmaq olar. İfadələrimizdə ciddi və ayıq olmalıyıq. Azərbaycan dili sinonimlərlə zəngindir, hər hansı bir situasiyanın təhlili, şərhi üçün həmişə normal ciddi sözlər tapmaq mümkündür. Nəticədə bütün cəmiyyətin siyasi şüuru formalaşır. Biz bu cəmiyyəti kinə, nifrətə, özünütəcridə, müvəqqəti hadisələrin, formal səhnələrin doğurduğu ani hisslərin çılğınlığına, irrasionallığa sürükləməli deyil, mümkün dərəcədə qarşılıqlı hörmət və əməkdaşlığa, münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsinə, hadisələrin yalnız formasına deyil, həm də məzmun və mahiyyətinin dərkinə, sabitliyə, rasionallığa doğru yönəltməliyik.
İlk baxışda cəmiyyətdə tutduğumuz mövqeyə ayrılıqda hər birimizin dediyi söz əhəmiyyətsiz görünə bilər, ancaq bütöv ictimai orqanizmi təşkil edən hüceyrələr olmaq baxımından hər birimizin əlahiddə dərəcədə əhəmiyyətli olduqumuzu unutmayaq.